Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Yerin sürəti artır: saatlar geri çevrilə bilər

İndiyə qədər ən qısa günü qeydə alan alimlər, dünyanın fırlanma sürətinin artdığını və saatları geri çevirməyin lazım ola biləcəyini bildiriblər.  Mövzu elm aləmində geniş müzakirə yaradılıb və məsələ ilə bağlı müxtəlif  təkliflər irəli sürülüb. Bu isə  bəzi sektorların reaksiyasına səbəb olub.

"CBS News"un verdiyi məlumata görə, 29 iyun tarixin ən qısa günü kimi qeydə alınıb və məlum olan 24 saatla müqayisədə 1,59 millisaniyə az davam edib.

Bu yaxınlarda dərc edilmiş araşdırmada 2016-cı ildə Yerin əvvəlkindən daha sürətlə fırlanmağa başladığı və o vaxtdan bəri  günün uzunluğunun qısaldığından bəhs olunub. Araşdırma müəllifləri  Yerin fırlanmasındakı  dəyişikliyin   əslində günün uzunluğuna təsir etmək  üçün kifayət etmədiyini söyləyirlər. Lakin ortaya çıxan nəticə elmi ictimaiyyətin diqqətini cəlb edəcək qədər böyük maraq doğurub.

Alimlərin söylədiklərinə görə,  əgər bu tendensiya belə  davam edərsə,  saatdan bir saniyənin  çıxarılması ehtimalı  yüksəkdir və bunun da dağıdıcı təsiri ola bilər. Ekspertlər bəşəriyyətin atom saatı və ya Yer kürəsində vaxtı ölçmənin universal üsulunda bəzi dəyişikliklərin edilməsinin lazım olacağını bildirirlər.

Metatexnologiya şirkətinin tədqiqatçıları da həmçinin saatın bir saniyə geri çəkilməsinin texnologiyaya  təsir göstərməklə aparat infrastrukturları üçün böyük bir zərər qaynağı olacağını söyləyirlər.

İnformasiya "Nature Communication" jurnalında dərc edilib.

 

Dəniz suyunu içməli suya çevirən cihaz

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları dünyanın gələcəyini xilas  edəcək mühüm bir  ixtiraya imza atıblar. Belə ki, elm adamları dəniz suyunu içməli suya çevirə bilən cihaz hazırlayıblar.

Yalnız bir düyməni basmaqla duzlu suyu sadə bir şəkildə içməli suya çevirən  cihaz filtr və yüksəktəzyiqli nasoslara ehtiyac olmadan işləyir. Portativ təmizləyici qurğuya malik olan cihazın əvvəlki sistemlərdən fərqi filtr əvəzinə elektrik enerjisindən istifadə etməsidir. Çamadan böyüklüyündə  olan, daşına bilən qurğu içməli su istehsal etmək üçün  ilkin olaraq ion konsentrasiyası polarizasiyası (ICP) adlanan prosesi həyata keçirir. Bu proses duz hissəciklərini tamamilə çıxarmadığı üçün daha sonra elektrodializ sistemindən istifadə olunur. Hər iki prosedurun tamamlanması ilə cihaz içməli su istehsalını təmin edir.

Müvəffəqiyyətlə sınaqdan keçirilən qurğunun gələcəkdə bir çox problemləri həll etmək üçün istifadə ediləcəyi düşünülür.  Mütəxəssislər cihazın su qıtlığı yaşanan kiçik adalarda, təbii fəlakətlərin təsir göstərdiyi ərazilərdə, bilavasitə  hərbi əməliyyatlar aparılan bölgələrdə  həyat qurtara biləcəyini  proqnozlaşdırırlar.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Kainatda "qaranlıq maddə" kəşf edildi

Elm adamları 12 milyard il əvvələ aid olan  qaranlıq maddə kəşf ediblər. Bu qaranlıq maddə kainatın 27 faizini təşkil edir.

Kainatın sirlərini açmağa çalışan alimlər  yeni kəşflə elm aləminə işıq salıblar. "Physical Review Letters" jurnalında dərc olunan  araşdırmada elm adamları kainatdakı bütün maddələrin əksəriyyətini təşkil edən sirli, görünməz bir maddə olaraq təyin olunan qaranlıq maddəni tapdıqlarını bildiriblər.

Qaranlıq maddə kainatın təxminən 27 faizini təşkil etsə də, astronomlar onu işıq yaya bilmədiyi  üçün birbaşa aşkar edə bilmirdilər. Lakin onlar qaranlıq maddənin qalaktikalar kimi görünən maddəyə cazibə təsirini müşahidə etməyi bacarıblar.

Kainatdakı ilk işığın yaratdığı təhrifləri ölçmək üçün qravitasiya linzaları adlı texnikadan istifadə edilib.  Bu məqsədlə,  bütünlükdə qravitasiya linzaları kimi xidmət edən,  təxminən 12 milyard il əvvəl olduğu bilinən 1,5 milyon qalaktika seçilib. Alimlər işıqdan qaynaqlanan pozulmaları təhlil edərək  qaranlıq maddənin paylanmasının layihəsini yenidən qurublar.

"Tapıntılarımız hələ də qeyri-müəyyəndir. Əgər bu doğru olarsa, keçmişə qayıtdığımız zaman  bütün modelin qüsurlu olduğunu göstərəcək. Bu, həyəcanvericidir, çünki qeyri-müəyyənliklər azaldıqdan sonra qaranlıq maddənin təbiəti haqqında təsəvvür yarada biləcək yeni model hazırlana bilər",-deyə tədqiqat müəllifi,  Naqoya Universitetinin kosmoloqu Hironao Miyatake qeyd edib.

 

Robot arı hazırlanacaq

Türk alimləri  bu yaxınlarda maraqlı bir ixtira ediblər. Belə ki, Robototexnika, Süni İntellekt Texnologiyaları Araşdırma və Tətbiq Mərkəzində (ROMER) çalışan elm adamları  nəsli kəsilmək təhlükəsi altında olan arıları qorumaq məqsədilə robot arıların hazırlanmasına başlayıblar.

Çiçəkli bitkilərin tozlanmasında  əsas rol oynayan arıların pestisidlər, xəstəliklər və iqlim dəyişikliyi səbəbindən getdikcə azalması alimlərin diqqətini çəkib. Bu məqsədlə də,  tədqiqatçılar dünya miqyasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən arıların sağlam şəkildə çoxalması üçün bilavasitə  robot arıların yerləşdiriləcəyi yeni nəsil arı pətəyi hazırlamaq üzərədirlər. Qeyd edək ki, layihə İngiltərə, Avstriya və Çexiyadan olan araşdırma qrupu ilə birgə həyata keçirilir.

"Arılar yox olarsa, bütün ekosistem  çökmək təhlükəsi ilə üzləşə bilər. Arı ailəsinin varlığını təmin edən  yeganə fərd pətəkdəki ana arıdır. Bu  arının sağlamlığını təqib edib daha çox nəsil verməsini təmin edə bilsək, bununla bütün pətəyin sağlamlığını qoruya bilərik.  Pətəkdə daha çox işçi arının  olması isə daha çox tozlanma və ağacların yaxşı bar verməsi deməkdir. Layihəmizin əsas məqsədi ekosistemi qorumaqdır",-deyə  tədqiqatçılardan biri -  dr. Erol Şahin izah edib.

Qeyd edək ki, layihəyə yeni başlanılıb və 4 il müddətində müxtəlif araşdırmaların aparılması planlaşdırılır.

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".