İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Qadın güləşçimiz İslamiadada qızıl medal qazanıb

Qadın güləşçimiz Mariya Stadnik ikiqat İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən Mariya Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

 

Hacı Əliyev İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibidir

Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda albaniyalı Zelimxan Abakarova "tuşe" ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dörddəbir finalda üçqat Avropa və üçqat dünya çempionu olan güləşçimiz İran idmançısı Morteza Hasanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən Hacı Əliyev xalçadan qalib ayrılıb və finala yüksəlib.

 

İdman gimnastımız ikinci olub

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastikası yarışlarında ölkəmizi təmsil edən İvan Tixonov çoxnövçülükdə ikinci olub.

Komanda yarışlarında isə millimiz yarışı dördüncü pillədə başa vurub.

Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.

 

Taekvondoçularımızdan daha üç medal

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova (67 kq) qızıl medal qazanıb.

Komandamızın üzvü Fəridə Əzizova finalda iranlı Zeyneb İsmailiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Komandamızın digər üzvü Cavad Ağayev (68 kq) isə finalda özbəkistanlı Uluqbek Raşitova məğlub olaraq gümüş medalla kifayətlənib.

Patimat Abakarova (49 kq) isə üçüncü yeri tutub.

 

Güləşçimiz yarışları birinci pillədə başa vurub

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Təmsilçimiz iranlı Firuzpuur Məhəmmədsadıq ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".