SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Həblərinizi bu şəkildə qəbul edirsinizsə...

Amerikalı alimlər mütəmadi olaraq dərman qəbul edənlərin işinə yarayacaq mühüm bir  araşdırma ediblər. Elm adamları həblərin hansı duruş pozisiyasında qəbul edildikdə mədə tərəfindən daha tez sorulduğunu öyrəniblər.

ABŞ-ın Johns Hopkins Universitetinin alimləri yeni hazırladıqları modelləşdirmə texnikasının köməyi ilə dərmanın sağ böyrü üstə qəbul edildikdə daha təsirli olduğunu ortaya çıxarıblar. "Physics of Fluids" jurnalında həb qəbulu zamanı hansı mövqenin tutulması barədə ətraflı məlumat dərc edilib.

Alimlər sol tərəfi üstə uzanarkən mədə çıxışının yuxarı qalxdığını söyləyirlər. Həmçinin,  dərman qəbulu zamanı cazibə qüvvəsinin təsirinin də mühüm rol oynadığı və sol böyrü üstə uzanarkən isə dərmanın mədədən çıxma sürətinin demək olar ki, sıfra endiyi qeyd edilib.

Xüsusi metodla əldə edilən məlumatlara görə, ayaq üstə duraraq qəbul edilən həb mədəni daha tez tərk edir, arxaya söykənmək isə onların qana qarışmasını 50 faiz artırır. Lakin sağa əyilərək qəbul edilən dərmanın təsiri isə ikiqat effektiv olur.

"Dərmanların ağız vasitəsilə qəbulu ən çox yayılmış seçim olsa da, bu,  təəccüblü dərəcədə mürəkkəb bir prosesdir. Həb mədəyə çatdıqda mədə divarlarının hərəkəti onun axın sürətini təyin edir. Bu zaman dərmanın xüsusiyyətləri və mədə tərkibi də mühüm rol oynayır. Modelləşdirməmiz həblərin oral tətbiqi zamanı  mürəkkəb fizioloji proseslərlə bağlı  faydalı və unikal təkliflər verə bilər", - deyə tədqiqat rəhbəri  Rajat Mittal izah edib. 

 

Dondurma zərərlidir, yoxsa faydalı?

İsti yay günlərinin vazkeçilməz, sərinləşdirici qidalarından  olan  dondurmadan mütəmadi olaraq istifadə insanların beynində belə bir sual yaradır: Görəsən dondurmanın hansı zərərləri var?

Əslində, dondurmanın heç bir zərəri yoxdur. Onun tərkibində olan maddələr insan sağlamlığı üçün kifayət qədər faydalıdır. Belə ki, onun tərkibində süd, qlükoza, yağ, şokolad, kakao, meyvə, fındıq və s. maddələr insan orqanizminin inkişafına əvəzsiz fayda verir. Bununla yanaşı, dondurma protein, karbohidrat, fosfor, kalsium, maqnezium, həmçinin bir çox vitaminlərlə də zəngindir. Lakin istehlak edildiyi zaman müəyyən istisnalar var ki, bunları mütləq nəzərə almaq lazımdır.

Belə ki, britaniyalı alimlərin apardığı araşdırmalar nəticəsində maraqlı faktlar ortaya çıxıb. Aydın olub ki, dondurmanı qaşıqla yemək zərərli imiş. Onun tərkibində olan maddələrlə dəmir qaşıq reaksiyaya girərək zəhərlənməyə səbəb ola bilər. Alimlər dondurmanı ən yaxşı halda yalayaraq yeməyi məsləhət görürlər. Bu cür dondurma yeməyə kompleksli olan insanlar isə taxta, ya da plastik qaşıqlardan istifadə edə bilərlər.

Alimlər onu da əlavə ediblər ki, hər kəsin sevimlisi olan dondurmaları günəş altında yemək olmaz. Mümkün qədər kölgə olan məkanlarda yemək lazımdır. İmkan olduğu müddətdə dondurmanı yalnız ev şəraitində yemək daha məqsədəuyğundur. Çünki günəşin ultrabənövşəyi şüaları dondurma ilə reaksiyaya girdikdə insan orqanizmində xərçəng riskini artırır. Üstəlik, uzun müddət soyuducuda qalmış dondurmalardan istifadə də təhlükəlidir. Dondurma alarkən onun istifadə müddətinə baxmağı unutmayın. Bəzən istehlakçıların hüquqlarının pozulması halları baş verir. Belə ki, ötən ildən soyuducularda qalmış dondurmaları müştərilərə təqdim edirlər. Bunun sonu isə ağır fəsadlar, zəhərlənmə, hətta ölüm ilə də nəticələnə bilər. Buna görə də  bu cür konservant qidalardan istifadə zamanı diqqətli olmaq lazımdır.

İnformasiya "Akşam" qəzetində yayımlanıb.

 

Hörümçək zəhəri bu xəstəliyin çarəsi imiş

Avstraliyanın Queensland Universitetinin (UQ) dərman istehsalı ilə məşğul olan  tədqiqatçıları  ölümcül hörümçək zəhərindən istifadə edərək infarktın müalicəsi üçün dərman hazırlayıblar.  

Dərman Avstraliyada daha çox rast gəlinən  ağ  hörümçəyin zəhərindən istehsal edilib. Zəhərin tərkibində  aşkar edilən zülalın infarkt nəticəsində meydana gələn ölüm siqnalını blokladığı məlum olub. Qeyd edək ki, bu zülalın daha əvvəl dəri xərçəngini məhv etdiyi və insult keçirən insanlarda beyin zədələnmələrinə qarşı effektiv təsiri aşkar edilmişdir.

"Infensa Bioscience" şirkəti tərəfindən  hazırlanan "IB001" adlı dərmanın ürək hüceyrələrinin ölümünə səbəb olan infarkt və ya insult zamanı bədənin göndərdiyi siqnalı blokladığı bildirilib. Siçovullar üzərində aparılan sınaqlar zamanı uğurlu nəticələr əldə edilib. Şirkətdən verilən məlumata görə, özəl investorlardan 15,6 milyon dollar maliyyə yardımı  aldıqdan sonra  insan sınaqlarına da başlanılacaq.  Dərmanın tibbi xidmətləri məhdud olan ucqar  kəndlərdə insult və ya infarktın müalicəsində  faydalı olacağı  düşünülür.

"Kəşf etdiyimiz Hi1a zülalı insultdan 8 saat sonra belə qəbul edildikdə  beyin zədələnməsini  inanılmaz dərəcədə azalda bilir. Bu prosesi ürək hüceyrələrində də sınamaq məntiqli idi çünki eynilə beyin kimi o da qan və oksigen çatışmazlığına qarşı çox həssas orqandır", - deyə professor Glenn King qeyd edib.

Yeni kəşf bilavasitə transplantasiyada da uğurlu nəticələr verə bilər. Belə ki, gələcəkdə donorlar tərəfindən  bağışlanan  ürəyin ömrünün uzadılmasında istifadə ediləcəyi nəzərdə tutulur.

İnformasiya "MedicalXpress" veb saytında yayımlanıb.

 

Gündə nə qədər zülal istehlak etməliyik?

Böyük Britaniya Milli Səhiyyə Sisteminin (NHS)  tədqiqatçıları əzələ toxuması böyüdükcə orqanizm tərəfindən  ifraz olunan azotun səviyyəsini izləyərək  gün ərzində bədənimizin  nə qədər proteinə ehtiyac duyduğunu hesablayıblar. Mütəxəssislər əldə etdikləri nəticələrə əsaslanaraq, istehlak edilən zülalın miqdarının indiyə qədər hesablanan rəqəmdən  iki dəfə çox olmasını iddia edirlər.

Məlumdur ki, zülal-əzələ, sümük və dərinin formalaşmasında böyük rol oynadığı üçün orqanizmimizə gərəkli olan  ən vacib qida maddəsidir. Bu səbəbdən də, alimlər  gün ərzində  bədən çəkimizin hər kiloqramı üçün 0,75 qram protein qəbul etməyi tövsiyə edirlər. Bu isə  hər gün kişilər üçün  təxminən 56, qadınlar üçün isə 45 qram zülal istehlakı deməkdir.

Ancaq tövsiyə olunan bu  miqdara etiraz edənlər də var. Kanadanın McMaster Universitetinin əzələ inkişaf etdirmə üzrə mütəxəssisi professor Stuart Phillips 20 ildən artıqdır ki, tövsiyə olunan  miqdarın kifayət etmədiyini deyir. O, gənc kişilər üçün təxminən 100, qadınlar üçün isə  84 qrama yaxın zülal istehlakını məsləhət görür. Bu isə məsələn, səhər  bir yumurta, günorta bir pay ton balığı, axşam yeməyi üçün isə  bir parça toyuq əti deməkdir.

Yaşla əlaqədar əzələ itkisinə meyilli olan 60 yaşdan yuxarı qocalar  üçün isə  bu rəqəmlər daha da artırıla bilər. Professor Stuart  kimi digər ekspertlər də indiyə qədər qəbul edilən protein miqdarının düzgün hesablanmadığını  və zülal səviyyəsinin artırılması üçün onların yenidən nəzərdən keçirilməsini  tövsiyə edirlər.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".