Mükəmməl Mürəkkəb Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Küveyt qüllələri

Müasir memarlığın şah əsəri olan Küveyt qüllələri şəhərin şimalında, Fars körfəzinə uzanan hissədə ucaldılıb. Üç hündür qüllədən ibarət tikili 1971-1976-cı illərdə isveçli memar Malene Byornun rəhbərliyi altında Belqrad inşaatçıları tərəfindən dizayn edilmişdir. Nəhəng kürələrin yerləşdirildiyi binanın açılışı  1977-ci ildə baş tutmuşdur. Küveytin su təchizatı sistemində suyun təzyiqini saxlamaq üçün tikilən bina orijinal və futuristik üslubuna görə paytaxtın ən görməli yerlərindən birinə çevrilmişdir. 

İşıqlandırma qülləsi kimi də fəaliyyət göstərən bina sferik strukturları - yaşıl, mavi və bozun müxtəlif çalarları ilə günəşdə parıldayan "toplara" bənzəyir. Qədim məscidlərin mozaik günbəzlərini xatırladan sferik konstruksiyanın hazırlanmasında ümumilikdə 40000-dən çox rəngli polad diskdən istifadə olunmuşdur.  

187 metr yüksəklikdə olan mərkəzi qüllə iki nəhəng kürədən ibarətdir. Kürənin aşağı hissəsində olan "top" 4,5 min kubmetr  suyu saxlayan nəhəng çən rolunu oynayır. Hündürlüyü 147 metr olan qonşu qüllədə də eynilə 4,5 min kubmetr su saxlanılır. Mərkəzi qüllənin yuxarı "top"unda yerdən 123 metr hündürlükdə 90 nəfərlik məşhur restoran fəaliyyət göstərir. Restoranın pəncərəsindən dəniz körfəzinin və Küveytin digər gözəl yerlərinə açılan mənzərə qonaqları heyran edir.

Şəhərsalmada yeni standartların müəyyən edilməsinə görə, Ağa Xan Mükafatına layiq görülən tikili Körfəz müharibəsi zamanı ciddi ziyan görsə də, 2012-ci ildə hər üç konstruksiya tamamilə bərpa edilmişdir.

 

"Dəli ev" mehmanxanası

Dünyanın ən qeyri-adi on binasından biri olan Dalatdakı "Dəli ev" öz arxitekturası ilə hər kəsin diqqətini cəlb edir. Bir-birinə dolaşan ağacın budaqlarını, hörümçək torlarını, orada yaşayan heyvanları xatırladan binanı ziyarət edənlər sanki nağıllar aləminə düşürlər.

 Vyetnamlı memar Danq Vyet Nqa öz arzusunu həyata keçirmək üçün Dalat şəhərində belə bir ev tikmək qərarına gəlir. Antonio Qaudinin əsərlərindən ilhamlanan memar öz layihəsi ilə təbiətə olan sevgisini ifadə etməyə çalışıb.  

Ümumi sahəsi 2000 kvadratmetr olan "Dəli ev" Huynh Thuc Khang küçəsində yerləşir. Evin ətrafında inşa edilən vəhşi heyvanların və göbələklərin nəhəng heykəlləri betondan hazırlanıb. Hörümçək torunu xatırladan polad barmaqlıqların heyrətamiz görünüşü ziyarətçiləri valeh edir. Tanınmış siyasi xadimlərdən birinin qızı Danq bu evi atasının pulu ilə tikməyə başlasa da, sonralar maddi çətinlik səbəbindən tikinti işləri yarımçıq qalır. Memar işini davam etmək üçün bir neçə banka müraciət etsə də, kredit ala bilmir. Beləliklə, xanım Danq gəlir əldə etmək məqsədilə buranı muzeyə çevirmək qərarına gəlir və otaqları icarəyə verir. Bununla da o, topladığı vəsaitlə xəyallarını gerçəkləşdirir.

Qeyri-ənənəvi üslubda dizayn edilən "Dəli ev"in tikintisi  1990-cı ildə başlasa da, yekunlaşdırılmayıb. Əslində, bina şəhərdəki yaraşıqlı fransız tipli evlərdən seçildiyindən layihəni hətta dayandırmaq da istəyiblər. Böyük narazılığa səbəb olan bina bu gün şəhərin ən məşhur yerlərindən biridir. Fantastik görüntüyə malik "Dəli ev"i hər il milyonlarla turist ziyarət edir.

 

Tretyakov Qalereyası

Moskvanın incəsənət xəzinəsi sayılan Dövlət Tretyakov Qalereyası müasir və xalq tətbiqi sənətinin motivlərini özündə birləşdirən möhtəşəm memarlıq əsəridir. Tacir və xeyriyyəçi Pavel Tretyakov tərəfindən 1856-cı ildə tikilən qalereyanın müəllifi rəssam V.Vasnetsovdur. 1867-ci ildə ictimaiyyətə təqdim olunan qalereya 1892-ci ildə Moskva şəhərinin mülkiyyətinə verilmişdir.

Lavruşinski zolağında yerləşən qalereyanın əsas binası  P.Tretyakovun malikanəsi idi və orada tacir şəxsi kolleksiyasını toplayırdı. Lakin sonralar kolleksiya artdıqca evin yaşayış hissəsinə sənət əsərləri üçün xüsusi hazırlanmış otaqlar əlavə edildi və beləliklə, qalereyanın ərazisi daha da böyüdü. 1882-ci ildə yenidən ekspozisiyanın sahəsini genişləndirmək zərurəti yarandı. 1885-ci ildə isə növbəti genişləndirmə nəticəsində yuxarı mərtəbədə üç, aşağıda isə beş zal təşkil olundu. Son tamamlama işləri isə 1892-ci ildə yekunlaşdı.

İlk baxışda sadə görünən binada qədim rus memarlıq ənənələrini canlandıran rəssam binanı möhtəşəm sənət əsərinə çevirmişdir. Zəngin kolleksiyaya malik dünya əhəmiyyətli incəsənət muzeyinin tikintisində ağ daşdan istifadə edilmişdir. Müxtəlif rəng çalarlı xüsusi elementlərlə bəzədilən binanın üzərində Moskvanın gerbi əks olunmuşdur.

180000-dən çox kolleksiya yerləşən qalereyada əksəriyyəti rus rəssamlarının əl işi olmaqla 15000 rəsm əsəri, 4500 ikona və heykəllərlə yanaşı, yüz minə yaxın müxtəlif sənəd toplusu da var. 

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".