Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Sağlamlığımızı izləyən döymələr...

Texnologiyanın inkişaf diapazonu genişləndikcə vaxtilə fantastik filmlərdə böyük maraqla izlədiyimiz qeyri-adi, ağlasığmaz texnologiyalara artıq real həyatda da rast gəlirik. Son dövrlər baş verən o qədər heyrətamiz yeniliklərin şahidi oluruq ki, artıq heç nəyə şok olmuruq. İndi də elm adamları insanlar arasında "tatuirovka" və ya "nakolka" kimi tanınan döymələri elektronlaşdırmağa çalışırlar. Belə ki, elektronlaşdırılmış döymələr vücudda baş verən hər hansı sağlamlıqla bağlı problem barədə sahibini avtomatik olaraq xəbərdar edəcək.

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun tədqiqatçıları maye metal və karbon nanoborucuqlarından hazırlanmış elektron mürəkkəb üzərində işləyirlər. Bu döymələr bioelektrod rolunu oynayacaq. Əməliyyata ehtiyac olmadan tətbiq oluna bilən e-mürəkkəb otaq temperaturunda maye halında olan, yarımkeçirici və ya termometrlərdə də istifadə edilən qaliumdan hazırlanacaq. Tatuajın qalıcı olması üçün isə mürəkkəb istehsalında platinlə təchiz edilmiş karbon nanoborucuqlarından istifadə ediləcək. Karbon nanoborular döymənin həm elektrik keçiriciliyini, həm də davamlılığını təmin etmək üçün nəzərdə tutulur.

Material Elmləri və Mühəndisliyi üzrə professor Stiv Park döymənin dəriyə tətbiq edildikdən sonra qalıcı olacağını söyləyib.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

"Xiaomi" ilk insanabənzər robotunu təqdim edib

Çinin texnologiya nəhəngi "Xiaomi" robot itin ardınca bu dəfə də, CyberOne adlı ilk insanabənzər robotunu təqdim edib. Cəlbedici görünüşə sahib robot qeyri-adi xüsusiyyətləri ilə görənləri heyrətləndirib.

"Xiaomi" dünyanın ikinci ən böyük smartfon istehsalçısı olsa da, son illərdə robototexnika sahəsində işlərini sürətləndirməyə başlayıb. Şirkətin yeni robotunu təqdim etməsi ABŞ-ın elektrikli avtomobil nəhəngi "Tesla" şirkətinə qarşı addım kimi qiymətləndirilib. Məlum olub ki, "Tesla" 3 sentyabrda Optimus adlı insanabənzər robotunun prototipini nümayiş etdirməyi planlaşdırır.

Qabaqcıl süni intellektdən istifadə edilərək hazırlanan robot 45 fərqli insan duyğusunu aşkarlaya bilir. "İnsanların dostu" kimi təqdim edilən robotun boyu 177, çəkisi isə 52 kiloqramdır. Siması OLED ekranı ilə təchiz edilmiş robot bədənə nəzarət alqoritmi sayəsində 21 oynağın hərəkətini koordinasiya edə bilir. Saatda 3,6 kilometr sürətlə hərəkət edən robot, həmçinin, ətrafındakı maneələri aşmağa imkan verən 3D görmə funksiyasına malikdir. Bundan əlavə, isti hava və yağışdan təsirlənmir.

"Xiaomi"nin icraçı direktoru Lei Jun istehsal dəyəri çox yüksək olduğu üçün robotun hələlik satışa çıxarılmayacağını bildirib.

İnformasiya "Phys.org" veb saytında yayımlanıb.

 

Yerə təhlükəli asteroid yaxınlaşır

NASA potensial təhlükə yarada biləcək bir asteroidin sürətlə planetimizə doğru yaxınlaşdığını açıqlayıb. 2015 FF adlı bu göy cisminin saatda 33 min kilometrdən çox sürətlə hərəkət edərək Yerə yaxınlaşdığı bildirilib.

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) verilən məlumatda diametri təxminən 13-28 metr olan asteroidin sürət həddinə görə potensial təhlükə mənbəyi kimi təsnif edildiyi qeyd olunub.

Kosmik agentlik Yerdən 193 milyon kilometr məsafədə olan istənilən göy cismini planetimizə ən yaxın məsafədə olan obyekt hesab edir. Yerdən 7,5 milyon kilometr və ya daha az məsafədə olan, sürətlə hərəkət edən göy cisimləri isə potensial təhlükə mənbəyi kimi qiymətləndirilir.

2015 FF adlı asteroidin təhlükəli hesab edilməsinə baxmayaraq, bu göy cisminin 4,3 milyon kilometr uzaqdan, yəni təhlükəsiz bir məsafədən keçəcəyi bildirilib. Bu məsafənin Yerlə Ay arasındakı məsafədən səkkiz dəfə çox olduğu vurğulanıb.

Yaxın gələcəkdə asteroidin Yerə toxunma ehtimalının olmadığını bildirən NASA planetimizi qorumaq məqsədilə xüsusi bir müdafiə sistemi hazırladığını bildirib. Həmçinin, bu texnologiyanın Double Asteroid Redirection Test (DART) missiyası ilə sınaqdan keçirildiyi də qeyd edilib.

 

Donuz dərisindən implant hazırlanıb

İsveçin Linköping Universitetinin alimləri görmə qüsuru olan insanları sevindirəcək mühüm bir ixtiraya imza atıblar. Belə ki, donuz dərisindən implant hazırlayan elm adamları gözün buynuz qişasında problem olan insanların yenidən görməsini təmin edə biləcəklərini açıqlayıblar.

Məlumata görə, dünyada milyonlarla insan buynuz qişa ilə bağlı problemlər səbəbindən görmə itkisindən əziyyət çəkir. "Nature Biotechnology" jurnalında yayımlanan araşdırmaya görə, bu problemin həlli yolunu tapan alimlər yeni bir buynuz qişası yaratmaq üçün donuz dərisindəki kollagendən istifadə ediblər. Yumşaq halda olan bu maddəni gücləndirmək üçün isə kimyəvi və fotokimyəvi üsullardan istifadə edilərək, BPCDX adlı hidrogel əldə edilib. Heyvanlar üzərində texniki metodları inkişaf etdirən tədqiqatçılar daha sonra toxuma ehtiyacını aradan qaldırmaq və hidrogeli xəstənin buynuz qişasına implantasiya etmək üçün sadə bir üsul hazırlayıblar.

İmplant Hindistan və İrandan olan görmə qüsurlu insanlar üzərində sınaqdan keçirilib və uğurlu nəticələr əldə edilib. İmplant sayəsində respondentlərin gözlərində fokuslanma qabiliyyəti artıb. Nəticələrin ənənəvi buynuz qişasının transplantasiyası qədər görmə qabiliyyətini yaxşılaşdırdığı bildirilib.

Tədqiqatçılar ixtiralarının yalnız maddi durumu yaxşı olanlar üçün deyil, hər kəs üçün əlçatan olacağını qeyd ediblər. Buna nail olmaq üçün isə alimlər implant prosedurunu daha az avadanlıq, xüsusi şərait və heç bir tikiş tələb etməyən metodla hazırladıqlarını söyləyiblər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".