Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Milli parklar seriyasından Qızılağac Milli Parkı haqqında yazını dərc edirik.

 "Respublika".

 

Qızılağac Milli Parkı

Hələ XX əsrin əvvəllərində Xəzər dənizinin sahil istiqamətində su-bataqlıq quşlarının cənub istiqamətində miqrasiyası müəyyən edilmişdir. 1913-1914-cü illərdən başlayaraq, Qızılağac körfəzi xüsusi qorunan ərazi kimi mühafizə olunmağa başladı. 1926-cı ildə Qızılağac körfəzinə yasaqlıq statusu verildi və həmin ərazidə ovçuluğa qadağa qoyuldu. 1929-cu ildə Xəzər dənizi sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. Qoruğun ilkin sahəsi 180 min hektar olmuşdur.

Qoruq 1976-cı ildə YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyasının su-bataqlıq regionunun biri kimi daxil edilmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına salınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə  Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında Qızılağac Milli Parkı yarandığından ərazi qoruq statusundan çıxarılmışdır. Park köçəri, su-bataqlıq və çöl quşlarının çoxaldılması, həmçinin, su-bataqlıq landşaft sahələrinin mühafizəsi məqsədilə yaradılmışdır. Ərazisi 88400 hektardır.

Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-şərqində yerləşir, Böyük Qızılağac körfəzini və Salyan düzünün bir hissəsini əhatə edir. Eyni zamanda, parkın ərazisi Lənkəran, Masallı və Neftçala rayonlarının əraziləri ilə həmsərhəddir. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir.

Park Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50 faizi su akvatoriyasıdır. Burada şanagülə, ağ suzanbağı, üçyarpaq, oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq soğanı, iyli yovşan, meyer yovşanı, qarağat və s. bitkilər geniş yayılıb. 

Milli Parkın zəngin təbii landşaftı  və iqliminin mülayimliyi dünyanın müxtəlif yerlərindən quşların bura gəlməsinə səbəb olub. Ərazidə qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, boz kəklik, turac, adi dovdaq, sultantoyuğu, əsrindimdik, flaminqo və s. quşlar məskunlaşıb. Buraya hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan bir çox quşlar qışlamağa gəlirlər. Respublikanın "Qırmızı Kitabı"na düşən quşların əksər növü parkda və onun sərhəd ərazilərində müşahidə olunur. Burada 270 növ quş məskunlaşmışdır. Su hövzəsində 30 növdən çox balıq (siyənək, çəki, kütüm, kefal) eyni zamanda, Xəzər suitisi mövcuddur.

Ölkə ərazisində qızılquşların bir neçə növü vardır. Qızılağac Milli Parkında bəzən daimi, bəzən isə müvəqqəti məskən salan şahinlər "quşların cəngavərləri, igidləri" adlandırılır. Onların qorunmasına, nəslinin kəsilməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Təbiətin əvəzsiz incilərindən sayılan qızılquşun da adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na yazılmışdır. Talış dağlarının meşə qurşaqlarında, qayalarda və ağaclarda yuva quran qızılquşlar Qızılağac körfəzində, Ağ göldə, Azərbaycanın digər ərazilərində qışlayır, göyərçin, ördək və zağalarla qidalanırlar.

Milli Parkda məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların və həşəratların bir çox növü yaşayır. Ərazidə məməli heyvan növlərindən çaqqal, dovşan, çöl donuzu, canavar, qamışlıq pişiyi, çöl pişiyi, tülküyə və s. rast gəlinir. Hazırda parkda əsas diqqət balıqların nəslinin artırılması üçün əlverişli şəraitin yaradılmasına yönəldilib. Bu məqsədlə, parkın ərazisində mövcud olan şirin su kanalları təmizlənir, balıqların rahat kürü tökməsi üçün əlverişli şərait yaradılır. Qiymətli nərə balıqlarını çoxaltmaq üçün kiçik Qızılağac körfəzini bəndlə Xəzər dənizindən ayırmışlar.

Qızılağac Milli Parkında suda və quruda yaşayan qiymətli quş növlərinin qorunub saxlanılması üçün hər cür şərait yaradılmışdır.

Kamil İSMAYIL,

"Respublika".