ÖLÜMÜN GÖZÜNƏ DİK BAXANLAR
Region

ÖLÜMÜN GÖZÜNƏ DİK BAXANLAR

Müqəddəs torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əslən Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Bayramov Samir Elxan oğlunun doğum günü ilə bağlı Göygöl Şəhər Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla anıblar. Mərasimdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hər iki rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri,  şəhid ailələri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bayramov Samir Elxan oğlu 15 avqust 1996-cı ildə Göygöl rayonunun Yeni Zod kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2014-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Samir Bayramov hərbi xidmətdə olduğu müddətdə  öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2017-ci ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı gizir kimi davam etdirmişdir. Azərbaycan ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 03 dekabr 2020-ci ildə Göygöl Şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir

Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər, şanlı ordumuz, qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına  torpaqlarımızı yağı düşməndən təmizləyiblər. Bu gün şəhidlərimiz, qazilərimiz və bütöv Azərbaycan xalqının fədakarlığı sayəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.

Mərasimdə çıxış edənlər şəhidlərimizin keçdiyi şərəfli ömür yolundan ətraflı söhbət açıblar və onların qanının yerdə qalmadığını fəxrlə birmənalı bildiriblər. Sonra Göygöl şəhər 6 nömrəli tam orta məktəbin və Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin şagirdləri şəhidin əziz xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Şəhidin atası Elxan Bayramov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin.

Zabit XƏLİLOV,

“Respublika”.