İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Qadın basketbolçularımız da qalibdir

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Millimiz qızıl medal uğrunda görüşdə Mali yığmasını 21:6 hesabla məğlub edib.

 

Üzgüçülükdə ilk qızıl medal

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb. Üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərərək birinciliyi əldə edib.

 

Cüdoçumuz gümüş medala layiq görülüb

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında cüdoçumuz Elmar Qasımov (100 kq) gümüş medal qazanıb.

Tatami ustası həlledici mərhələdə Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevə uduzaraq ikinci yerlə kifayətlənib.

 

Karateçilərimizdən 3 bürünc medal

Azərbaycanın 3 karateçisi V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Kumite yarışlarında Tural Ağalarzadə (67 kq), Mədinə Sadiqova (55 kq), kata turnirində isə Roman Heydərov üçüncü yeri tutub.

 

Kişi basketbolçularımız gümüş medal əldə ediblər

Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığmamız Seneqal komandasına 16:21 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

 

Qadın cüdoçularımız bürünc medal qazanıblar

Azərbaycanın qadın cüdo millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü yeri tutub. Türkiyənin Konya şəhərində keçirilən yarışda bürünc medal uğrunda Qırğızıstan yığması ilə mübarizə aparan Azərbaycan millisi rəqib komandanı 3:1 hesabı ilə məğlub edib.

 

Şpaqa üzrə milli komandamız birinci olub

Şpaqa üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. Yığmamız Türkiyənin Konya şəhərində təşkil olunan yarışın həlledici mərhələsində İran millisi ilə qarşılaşıb. Rəqib komandanı 45:35 hesabı ilə məğlub edən millimiz İslamiadanın qalibi olub.

 

Komandamızın növbəti uğuru

Azərbaycan komandası növbəti qızıl medalı stend atıcılığı növündə qazanıb. Belə ki, stend atıcılığı üzrə skeet qarışıq komanda yarışında Fuad Qurbanov və Nurlana Cəfərova cütlüyü V İslam Həmrəyliyi Oyunlarının qalibi olub

 

Kikboksinqçimiz əla nəticə qazanıb

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb. Dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda Türkiyə idmançısı Kadir Yıldırım üzərində qələbə qazanıb.

Amil Məmmədov (full contact, 51 kq) isə bürünc medal əldə edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".