Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Uilyam Şekspir

Məşhur ingilis şairi və dramaturqu Uilyam Şekspir dünyanın ən tanınmış yazıçılarından biridir. Həyatı başdan-ayağa müəmmalarla dolu olan bu yazıçının doğum tarixi bu günə kimi də naməlum olaraq qalır. Yazıçının ölümündən əvvəlki yeganə portreti ictimaiyyətə təqdim olunsa da, onun xarici görkəminin də necə olması barədə dəqiq məlumat yoxdur. Yaxşı, haqqında çox şey bilinməyən dünyaşöhrətli Şekspir əslində kimdir?

Onun doğum tarixi dəqiq bilinməsə də, Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə məlumat var. Atası Con Şekspir dərzi və sələmçi olaraq kifayət qədər imkanlı sənətkar, anası Mariya Arden isə tacir qızı olub.

Deyilənə görə, Şekspir mükəmməl yaddaşa malik olub: o, nəinki, ingilis tarixini, hətta, Avropa ölkələrində baş verən tarixi prosesləri, antik fəlsəfəni, tibbi, hüquq elmlərini, beynəlxalq diplomatiyanın incəliklərini də yaxşı bilib. Lakin Şekspirin ilkin təhsilini təsdiqləyən heç bir sənəd yoxdur. Deyirlər o, ibtidai kilsə məktəbində təhsil alıb. Onu da deyirlər ki, atası Şekspiri məktəbdən tez ayırıb dərziyə şagird verib. Bu, əslində o dövrlər üçün adi hal idi. Əgər belədirsə, Şekspir bu qədər savadı harada ala bilərdi? Bəzi alimlər hesab edir ki, Şekspir VI Eduardın kral məktəbində təhsil alıb. Orada o, antik şairlərin yaradıcılığını öyrənib. Amma təhsili təsdiq edən sənəd olmadığı üçün dəqiq fikir yürütmək çətindir.

Belə fikir də var ki, stretfordlu Şekspir əslində bütün əsərlərinin müəllifi də özü deyil. Əsl müəlliflər sırasında Fransis Bekon, Kristofer Marlo, qraf Retlend, hətta kraliça Yelizavetanın da adı çəkilir. Artıq uzun illərdir ki, dahi dramaturq, yazıçının kimliyi haqqında mübahisələr gedir. Heç kim Mikelancelonun, Rafaelin və Arximedin kimliyinə şübhə etmir. Əgər insanlar onun kimliyi haqqında bu qədər baş sındırırsa, deməli, burada nəsə var... Nə sağlığında, nə də ölümündən sonrakı illərdə heç kim onu şair və dramaturq adlandırmayıb. Elə bil İngiltərədə belə bir yazıçı heç olmayıb!

Maraqlı faktlardan biri də Şekspirin şəxsi həyatı ilə bağlıdır. Tarixçilərin sözlərinə görə, dramaturqun 18 yaşı olarkən özündən 8 yaş böyük olan mülkədar qızı Anna Hatauey ilə eşq macərası yaşayıb. Qızın hamilə qalması cəmiyyət içərisində biabırçılıq hesab edildiyi üçün Şekspir onunla məcburən evlənib. Onların 3 övladı, bir nəvəsi olub. Lakin nəvəsi Elizabet erkən vəfat etdiyi üçün Şekspirin heç bir nəsil davamçısı qalmayıb.

Evliliyinə baxmayaraq, tədqiqatçılar onun cinsi azlığın nümayəndəsi olması barədə də mülahizə irəli sürürlər. Buna fakt kimi isə Şekspirin ən yaxın dostu Sauthempton qrafı Henri Rizli göstərilir. Belə ki, Henri qadın geyimləri geyinər və gündəlik makyajdan istifadə edərdi.

Daha bir maraqlı faktlardan biri də Corc Qrin adlı bir keşişin Şekspirin öz əli ilə yazdığı vəsiyyətnaməni tapmasıdır. Vəsiyyətnamənin məğzinə görə, Şekspir dahi əsərlər yarada bilməyəcək qədər cılız, xəsis və simic adam olub. Belə ki, vəsiyyətnamədə evdəki çəngəl-qaşığa qədər hər şeyin siyahısı tutulmuş olsa da, onun əsərləri haqqında bir cümlə də deyilməyib. Həmin sənəddə o, arvadına və qızına çarpayısını, məişət əşyalarını, pərdəni, qaşığı, çəngəli vəsiyyət edib. Amma bircə yerdə də mən öz kitablarımı filankəsə bağışlayıram deyə bir qeyd yoxdur. Necə olur ki, bu qədər əsərlər yazmış dramaturq vəsiyyətnaməsində kitabları ilə bağlı heç bir işarə verməyib?..

52 yaşında sətəlcəmdən ölən Şekspirə maraqlı bir qəbirüstü abidə də ucaldılıb. Yəqin düşünəcəksiniz ki, qəbir daşının necə maraqlısı olur? Bəli, hərdən belə şeylər də olur. Abidənin üzərində əlində kağız, qələm əvəzinə boxça tutmuş dramaturqun öz istəyi ilə yazılmış qarğışı həkk olunub: "Dostum, Tanrı xətrinə bu torpağa gömülmüş meyiti qazıb çıxarma. Bura əl dəyməyən əsrlər boyu məmnun, cənazəmə toxunan isə lənətlənmiş olacaq"...

 

Emmanuel Svedenborq

"İnsan ölmür, o, sadəcə öz fiziki örtüyündən azad olur. Bu örtük ona yalnız fiziki aləmdə lazım idi… İnsan öldükdə yalnız bir haldan başqa bir hala keçir", - belə deyərdi o biri dünyanı görüb gəlmiş isveçli alim, filosof və ilahiyyatçı Emmanuel Svedenborq... Ömrünün sonlarına yaxın mənəvi böhran keçirmiş, axirət dünyasının müqəddəs varlıqları ilə əlaqə yaratdığını söyləyən bu dahi mələklər, cinlər və ruhlarla danışa bildiyini iddia edirdi...

Təbiət elmləri üzrə yazdığı külli miqdarda məqalələr sayəsində məşhurlaşan alim anatomiya, fiziologiya, psixologiya sahəsində yazdığı əsərlərlə öz müasirləri arasında nüfuz qazanmışdı.

Svedenborq ixtiraçı və alim kimi çox məhsuldar bir karyera qursa da, əlli altı yaşından sonra mənəvi oyanış yaşayır və Allahın xristianlığı təbliğ etmək üçün onu yer üzünə peyğəmbər olaraq göndərdiyini iddia edirdi. Ömrünün qalan iyirmi səkkiz ilini ölümdən sonrakı həyatı əks etdirən əsərlərə həsr etmişdir. Kliniki ölüm keçirdikdən sonra "Cənnət və Cəhənnəm", "Cənnətin sirləri" kimi əsərləri ilə daha çox məşhurluq qazanan alim axirət dünyasını ziyarət etmək üçün Allahın onun gözlərini açdığını söyləyirdi. O, deyirdi ki, ölümün ilk mərhələsindən keçmiş və özünü bədənindən xaricdə hiss etmişdir: "Mən tamamilə hissiyyat qabiliyyətimi itirmişdim, yəni demək olar ki, ölü vəziyyətində idim. Amma daxili həyatım, şüurum toxunulmaz qalırdı. Belə ki, başıma gələnləri yadımda saxladım. Şüurumun məni tərk etməsini, yəni ruhumun bədəndən çıxmasını isə xüsusilə, yaddaşıma həkk etdim".

Həyatı boyu heç vaxt evlənməyən Svedenborqun yazılarının tez-tez müzakirə olunan ən maraqlı cəhəti onun evlilik haqqında fikirləridir. O düşünürdü ki, həyatda subay olsa da, axirətdə mütləq şəkildə evlənəcəkdir.

Alim gələcəklə bağlı hadisələri qabaqcadan proqnozlaşdıra bilmə qabiliyyətinə malik idi. Hətta, bir dəfə dostları ilə birgə şam yeməyində olan alim qəflətən həyəcanlı və rəngi ağarmış vəziyyətdə evinin təhlükədə olduğunu deyərək zalı tərk edir. Qısa müddət sonra geri qayıdan Svedenborq sevinclə "Şükür Allaha, evimdən bir az aralıda baş verən yanğın söndürüldü" demişdi. Həmin gün doğrudan da, alimin evinin ətrafında yanğın xəbəri bütün şəhərə yayılmışdı.

İkinci bir maraqlı hadisə isə rus çarının ölümü ilə bağlıdır. Günlərin birində evinə dəvət etdiyi qonaqların qarşısında fikrə gedən alim bir müddət sonra dərin hüznlə "Rusiya imperatoru III Pyotr indicə dünyasını dəyişdi" demişdi. Onun bu proqnozu bir az gec də olsa düz çıxmış, çarın ölüm xəbəri 23 gün sonra qəzetlərdə dərc olunmuşdu. Bu kimi bir neçə hadisə Svedenborqu daha da məşhurlaşdırmışdı. Amma təəssüf ki, 84 yaşında insult keçirən alim öz ölümünü qabaqcadan görə bilmədi...

 

Frans Peter Şubert

Frans Peter Şubert. Kasıb ailənin övladı... Yaşadığı müddətdə heç vaxt məşhurlaşmayan, ömrü boyu maddi sıxıntıdan əziyyət çəkən və tüfeyli həyat tərzi keçirən sənətkar...

Vyanada dünyaya göz açan Şubert musiqisi və humanistliyi ilə insanların qəlbini fəth etməyi bacarmışdı. Çex əsilli atası Frans Teodor kilsə məktəbində sayılıb-seçilən müəllim, eyni zamanda həvəskar musiqiçi, vyanalı anası Elizabet Vitz isə dəmirçi qızı idi. Evdar qadın olan Elizabetin dünyaya gətirdiyi on dörd uşaqdan doqquzu bir yaşına çatmadan ölmüş, geridə isə Fransla birlikdə beş qardaşı qalmışdı.

Peterin qeyri-adi istedadı atasının diqqətini hələ uşaqlıqdan çəkmişdi. Əsərlərində inanılmaz melodiya zənginliyi olan Şubert ilk musiqisini 13 yaşında bəstələmişdi. Onun çox gözəl səsi var idi. Piter Lişental xorunun şefi Mixael Holzerden piano və orqan dərsləri alırdı. Lişental xorunun ilk soprano səsli solisti olaraq qısa müddətdə məşhurlaşmışdı.

Şubertin çox dostu var idi. Vyananın arxa küçələrindəki pivəxanalar, evlərin damı onların görüş yeri idi. Yığıncaqları çox əyləncəli keçirdi - oyunlar oynanır, rəqs edilir, müzakirələr aparılırdı. Amma ən vacibi və maraqlısı Şubertin ən sonuncu bəstəsini dostları üçün ifa edərək onları məst etməsi idi. Şairlər, filosoflar, rəssamlar, siyasətçilər, saray işçiləri, aktyorlar, müğənnilərin qatıldığı bu tədbirlər "Schubertiade" adlanırdı. Bu toplantılarda keçirdiyi vaxt onun ən xoşbəxt zamanları idi.

Bəstəkarı maddi və mənəvi cəhətdən dəstəkləyən yaxın dostları olmasına baxmayaraq, yaşadığı müddətdə heç bir zaman musiqisi məşhurlaşmayıb. Maddi cəhətdən hər zaman ailəsindən və dostlarından asılı olub. Şubertin əsərləri ancaq ölümündən sonra şöhrət qazanıb.

Hər səhər erkəndən oyanan bəstəkar ən azı günortaya qədər çalışırdı. Sonra isə dostları ilə görüşürdü. Onun bu cür həyat tərzini heyranı olduğu Bethovendən öyrəndiyi güman edilir.

Heç bir zaman evlənməyən və pozğun qadınlarla səfil həyat tərzi keçirən Şubert sonralar onu ölümə götürəcək utancverici bir xəstəliyə yaxalanır. Həkimi ona ciddi və sağlam həyat sürməsini məsləhət görür. Bu səbəbdən də sonralar Vyananın lüks məhəlləsində yaşayan qardaşının yanına köçür.

Lakin artıq hər şey üçün gec idi. Bir neçə dəfə müalicə olunmasına, bəzən yaxşılaşmasına baxmayaraq, vəziyyəti getdikcə pisləşirdi. Amma xəstəliyi onun işləməsinə mane ola bilmir və o, var gücü ilə gözəl bəstələr yaratmağa davam edirdi.

Lakin amansız həyat buna çox izin vermədi.

31 yaşlı bəstəkar həyatla əbədi olaraq vidalaşdı. Vəsiyyətinə uyğun olaraq isə o, bütün ömrü boyu pərəstiş etdiyi Bethovenin yanında dəfn edildi...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".