Fazil Mehdiyev
Sosial həyat

Fazil Mehdiyev

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyən, minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Belə ki, qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də Fazil Umud oğlu Mehdiyevdir.

Fazil Mehdiyev 1966-cı il avqust ayının 20-də Laçın rayonunun Ələçi kəndində doğulmuşdur. Ailəsi hələ Fazil körpə olarkən Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçmüşdür. Fazil 1973-cü ildə məktəbə bu kənddə qədəm qoymuşdur. 1983-cü ildə orta təhsilini başa vurmuşdur. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə qayıdır. Bir müddətdən sonra işləmək üçün Rusiyaya gedir. Lakin burada çox qalmır. Vətən onu çəkir. Vətənə dönərək sürücülük peşəsinə yiyələnir.

Fazil Abdal-Gülablıda yerləşən sanatoriyada sürücü işləyirdi. Artıq vəziyyət getdikcə gərginləşirdi. Bu vaxtlar erməni yaraqlıları Şuşaya, Laçına, Kərkicahana gedən avtobusları gülləbarana tutur, əhalini öz yurd-yuvalarından didərgin salmağa çalışırdılar.

O da bu hadisələr başlayan gündən əlinə silah götürür. Fazil 1990-cı ildə Ağdam Rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun sorağı ən ağır, ən çətin döyüşlərdən eşidilir.

1991-ci ildə Fazil Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak edir. Çox keçmir ki, Qaradağlı kəndində ayağından ağır yaralanır. Lakin bunu ailəsinə bildirmir. Yarası hələ tam sağalmamış, döyüş yoldaşlarının yanına qayıdır.

1991-ci ilin avqust ayında Fazil ermənilərin "Niva" markalı bir maşınını ələ keçirib, Ağdam Rayon Polis Şöbəsinə təhvil verir. Elə həmin ilin sentyabr ayının 23-dən 24-nə keçən gecə ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçirlər. Kəndin əsgərlərimizin köməyinə böyük ehtiyacı duyulurdu. Fazil bu xəbəri eşidən kimi, dostu Salehlə maşına minib köməyə tələsir. Bu vaxt ermənilər Ağdamdan gələn yola pusqu qururlar. Fazilgil Ağbulaq kəndi yaxınlığında qəfil hücuma məruz qalırlar. Bu qeyri-bərabər döyüşdə onlarla erməni yaraqlısını məhv etsə də özü də qəhrəmancansma şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Fazil Ağdam rayonunun "Qarağacı" qəbiristanlığında dəfn edilmişdir. Bakının Nəsimi rayonunda büstü qoyulmuş, Səbail rayonunda qəhrəmanın adına küçə verilmişdir. Onun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycan xalqı Fazil Mehdiyevin qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaqdır. Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Fazil qısa, lakin çox dəyərli ömür yaşamışdır.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının, xatirəsi hər zaman bizim üçün əzizdir. Bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız, Fazil Mehdiyevin həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür.

Tariximizə şanlı qırx dörd günlük müharibə, "Dəmir yumruq" əməliyyatı adı ilə daxil olmuş bu müqəddəs Vətən müharibəsində ordu və xalq Prezidentin ətrafında sıx birləşərək vəhdətləşdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kəlbəcərə, Şuşaya və yüzlərlə kənd və digər yaşayış məntəqələrimizə sancdı.

M.MİRZƏ,

"Respublika".