TƏKİ VƏTƏN SAĞ OLSUN
Region

TƏKİ VƏTƏN SAĞ OLSUN

Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız doğma məskəndir, el-obadır, yurddur. Daha sonralar isə "Ana" və "Vətən", bu qoşa kəlmələr yaddaşımıza, hafizəmizə əbədi həkk olunur. Dərk edirik ki, Anasız Vətən, Vətənsiz də Ana olmaz. İkisini eyni dərəcədə sevməli, qorumalı, sahib çıxmalıyıq. Bəli, mərd, igid oğullarımız bu amal uğrunda göz qırpmadan özlərini vətən savaşına, qızğın döyüşlərə ataraq müdafiəyə qalxdılar, son damla qanlarına qədər vuruşdular.

Vətən müharibəsi şəhidi Verdiyev Röyal Qabil oğlunun ad günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, qazilərin, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Daşkəsən Şəhidlər xiyabanında anım mərasimi keçirilib. Şəhidin məzarına tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da hər bir şəhid ailəsinə və qazilərimizə yüksək həssaslıqla qayğı göstərilir. Bu gün yeni reallıqlar yaradan Azərbaycan Prezidentinin "Dəmir Yumruğ"u yerindədir. Hər an Azərbaycanın güclü ordusu düşmənə qarşı istənilən tapşırığı yerinə yetirməyə hazırdır.

Çıxış edənlər şəhid Röyal Verdiyevin qısa, lakin şərəfli həyatından və şanlı döyüş yolundan əhatəli danışıblar. Bildirilib ki, onun layiq görüldüyü mükafatlar məhz bunun bariz nümunəsidir. Şəhidin qəhrəmanlığına, şücaətinə və vətənpərvərliyinə görə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyal Qabil oğlu Verdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid atası Qabil Verdiyev, anası Sevda Verdiyeva övladlarından qürur duyaraq "təki Vətən sağ olsun" söylədilər və bütün şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Zabit XƏLİLOV,

"Respublika".