İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləşçimiz dünya çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medala sahib olub.

Komandamızın üzvü Cəbrayıl Qadjiyev (74 kq) finalda yaponiyalı Ryunosuke Kamiyaya "tuşe" ilə qalib gələrək dünya çempionu titulunu qazanıb. Bundan əvvəl isə sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə ediblər.

 

İdman gimnastlarımız finala vəsiqə qazanıblar

Azərbaycanın idman gimnastları Nikita Simonov və İvan Tixonov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatının təsnifat mərhələsində finala vəsiqə qazanıblar.

Nikita Simonov halqalarla hərəkətlərdə, İvan Tixonov isə dayaqlı tullanmada bacarıqlarını nümayiş etdiriblər. Nikita Simonov həm də V İslam Həmrəyliyi Oyunlarında halqalar ilə hərəkətlərdə gümüş medal qazanıb.

 

Şahmatçılarımız "Masters" turnirində iştirak edir

Əbu-Dabidə 28-ci şahmat festivalının "Masters" turnirində birinci turun oyunları keçirilib.

Azərbaycan şahmatçılarından Məhəmməd Muradlı və Elmar Atakişiyev ilk turda qələbə qazanıblar. Doqquz turdan ibarət olan və İsveçrə sistemi üzrə keçirilən yarışda 31 ölkədən 150-yə yaxın şahmatçı iştirak edir.

 

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasındadır

Macarıstanın Kişkunfeledhaza şəhərində keçirilən stolüstü tennis üzrə Avrotalant İlkin Təsnifat Düşərgəsinə (Europtalents Pre-Selection Camp) yekun vurulub.

Mərhələni uğurla bitirən təmsilçilərimiz Xədicə Eylazova və Yağmur Məmmədli Yekun Təsnifat Düşərgəsində iştirak etmək hüququ əldə ediblər.

Yekun Təsnifat Düşərgəsi oktyabrın 16-23-də Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".