Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Region

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır

Vətəndaşlarla qəbulların səyyar qaydada təşkili olduqca gözəl təşəbbüsdür. Bu tədbirlərin yerlərdə keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Məlum məsələdir ki, hər kəndin özünə görə müəyyən problemləri var. Çoxumuz təsərrüfat adamlarıyıq. Vaxt ayırıb saatlarla bu məsələlərin həlli üçün rayon mərkəzinə gedə bilmirik. Rayon rəhbərinin bizi yerdə qəbul edib dinləməsi, problemlərimizin həllinə kömək göstərməsi hər birimizdə məmnunluq hissi doğurur. Çox sağ olsun bu işi təşkil edənlər.

Bu sözləri səyyar-qəbullar keçirilən kəndlərin sakinlərinin dilindən dəfələrlə eşitmişik. Odur ki, vətəndaşlarla görüşün ən səmərəli forması olan səyyar-qəbulların keçirilməsi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  uğurla davam etdirir. RİH başçısı Elnur Rzayev  yerli hüquq-mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar-qəbulunu Susayqışlaq kəndində keçirib. Qəbulda Susayqışlaq inzibati ərazi dairəsinə daxil olan Şollar, Maqsudkənd, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak ediblər. Əvvəlcə rayon rəhbəri tərəfindən vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər çıxışlarında elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, uşaq bağçası üçün yeni binanın inşası və digər sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.