Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Kosmosda kommersiya  məqsədli ilk istixana

Son zamanlar Beynəlxalq Kosmik Stansiya (BKS) bir-birindən maraqlı layihələrin həyata keçirilməsinə evsahibliyi etməkdə davam edir. Bu dəfə də özəl kosmik şirkətlərdən biri "Redwire Corporation" orada kommersiya məqsədilə xüsusi istixana qurmağı hədəfləyir. Üstəlik şirkət layihəsini çox yaxın zamanda - yəni gələn ilin yazına  qədər həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, hazırda Beynəlxalq Kosmik Stansiyada kiçik bir istixana mövcuddur və  orada mikroqravitasiya mühitində bitkilərin yetişdirilməsi üçün sınaqlar aparılır. Bununla belə, Redwire Korporasiyasının layihəsində ilk olaraq daha böyük istixananın quraşdırılması nəzərdə tutulur. Cazibə qüvvəsi olmayan bir mühitdə  müxtəlif bitkilərin yetişdirilməsi insanların kosmosda uzunmüddətli qalmasına şərait yaradacaq. Həmçinin, şirkətin  bu təşəbbüsü gələcək kosmik missiyalar üçün də  faydalı məlumatlar verə bilər.

Layihənin meneceri Dave Reed NASA-nın digər missiyalarına, xüsusilə Artemis missiyasına da böyük  töhfə verəcəklərini bildirib. Şirkətdən verilən məlumata görə, ABŞ-ın BKS-da  laboratoriya işlərinə nəzarət edən Kosmosda Elmin İnkişafı Mərkəzi ilə müqavilə imzalanıb.

Şirkət yaxın günlərdə verdiyi açıqlama ilə diqqətləri üzərinə çəksə də, hələ kosmik istixana üçün heç bir  konsepsiya hazırlamayıb. Bu isə onu göstərir ki, layihə tam olaraq formalaşmayıb. Bununla belə, şirkətin 2023-cü ilin yazını hədəfləməsi layihənin tezliklə reallaşacağı  anlamına gəlir.

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

 

Bədənimiz batareya rolunu oynayacaq?

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən  rəqəmsal və ya geyilə bilən cihazlar dedikdə ağla ilk olaraq onların şarj edilməsi problemi gəlir. Ancaq yaxın gələcəkdə bu problem də aradan qaldırıla bilər. Problemin aradan qaldırılması üçün  alternativ enerji mənbələri axtaran elm adamları bədənimizi geyimlər vasitəsilə batareyaya çevirməyin yolunu tapıblar.

Sinqapurun Nanyang Texnologiya Universitetinin alimlərinin əsas məqsədi insanların təbii olaraq istehsal etdikləri enerjidən yararlanmaqdır.

Alimlər polimerdən istifadə edərək sıxıldıqda, sürtündükdə və ya dartıldıqda mexaniki gərginliyi elektrikə çevirə bilən 3x4 santimetr ölçüsündə parça hazırlayıblar. Hazırlanan xüsusi  material 100 ədəd  LED lampasını işlətmək  üçün kifayət qədər enerji istehsal edib. Bu isə o deməkdir ki, evdə, yolda  və ya işdə olarkən bədən hərəkətləri və dərinin geyimə sürtünməsilə əmələ gələn enerji cihazlarınızı şarj edə bilər. Elastik və suyadavamlı parçanın yuyulduqdan və ya qatlandıqdan  sonra belə beş aya qədər eyni səviyyədə işləməyə davam edəcəyi bildirilib.

İşin texniki hissəsinə  gəlincə isə  yəni batareyanın yaradılması üçün ilkin olaraq gümüşdən və köpüyə bənzər kauçukdan  elektrod nümunəsi hazırlanıb. Daha sonra elektrod güclü piezoelektrik material  PVDF-HPF və kalsium titan oksid mineralları olan perovskitlərdən ibarət nanolif parçaya bərkidilib. PVDF-HPF gərildikdə və ya sıxıldıqda elektrik yükünü əmələ gətirir. Perovskit isə  elm adamlarının demək olar ki, iki əsrdir tanıdığı günəş batareyası və LED-lərdə istifadə edilən kristal quruluşdur.

Qeyd edək ki, hazırlanan prototip  hər kvadratmetri üçün 2,34 vatt elektrik enerjisi istehsal edərək rəqəmsal  cihazları gün ərzində şarj edə biləcək.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

"Google"un yeni robotu mətbəxdə

ABŞ-ın  nəhəng axtarış sistemi "Google" gündəlik həyatımızı daha da asanlaşdıracaq süni intellekt dəstəkli robotunu təqdim edib. PaLM-SayCan adlı robot  hazırda evlərimizdə yalnız bir məqsəd üçün istifadə etdiyimiz  kiçik robotlardan fərqli olaraq daha çox əməliyyatları  yerinə yetirəcək.

Robot “Google” tərəfindən hazırlanmış süni zəka PaLM sayəsində 540 milyarda yaxın dil parametrlərini öyrənib. Hələ də öyrənmə prosesində olan robotun verilən əmrləri başa düşməsi, təhlil edərək ən doğru həll yolunu tapa və  hətta ən mürəkkəb riyazi hesablamaların  belə öhdəsindən gələ bilməsi gözlənilir.

Sınaq zamanı şirkətin  tədqiqatçı alimi Fei Xia mətbəxdə oturaraq böyük stolüstü lampanı xatırladan təkqollu, təkərli robota qoşulmuş noutbuka "Mən acam" əmrini yazıb. Robot dərhal stola yaxınlaşıb və  böyük bir plastik qaba taxıl tökərək  tədqiqatçıya təqdim edib.

Şirkət  analitiklərinin verdiyi  məlumata görə, qabaqcıl süni intellektə və sensorlara malik olan robotun ənənəvi mühitlərdən kənarda sınaqdan keçirilməsinin səbəbi onun insanların davranışı və dilinə uyğunlaşa bilməsini təmin etməkdir.

"Dilin bütün incəliklərini başa düşmək robotdan asılıdır. Ona verilən  tapşırıqların  öhdəsindən gələ bilməsi  və buna  uyğunlaşması üçün robotun daha çox təlimə və təcrübəyə ehtiyacı var", - deyə şirkətin  baş tədqiqatçısı Karol Hausman qeyd edib.

Qeyd edək ki, "Google"un əsas şirkətləri "Alphabet"   və "Everyday Robots" tərəfindən hazırlanan robot "Tesla"nın  yaxın günlərdə təqdim  etdiyi "Tesla Bot" və "Xiaomi"nin "CyberOne" robotunun ən güclü rəqibidir.

İnformasiyanı "Phys.org" veb saytı yayıb.

 

6G texnologiyasının daha bir təhlükəsi

Qərbdə 5G texnologiyasının istifadəsi ilə bağlı  müzakirələr davam edərkən çinli elm adamları 6G-nin yaratdığı terahers submillimetr radiasiya ölçüsü radiasiya dalğalarının beyin hüceyrələrinin artmasına səbəb ola biləcəyini aşkar ediblər.

"Science News" jurnalında dərc edilən araşdırmaya görə, siçanlar üzərində aparılan təcrübələr zamanı terahers radiasiyasının kiçik dozasının  beyində neyronların böyüməsini stimullaşdıran bəzi  zülalların istehsalına təsir göstərdiyi məlum olub. Neyronların radiasiyadan  heç bir zərər görməsinə baxmayaraq, 6G dalğalarının  beyinə təsiri narahatlığa səbəb olduğu üçün  araşdırmalar davam etməkdədir. Qeyd edək ki, terahers dalğalarının 5G-də istifadə olunan millimetr dalğalarından (MMW) əhəmiyyətli dərəcədə yüksək tezliyə sahib olduğu məlumdur.

Alimlər narahatlığa başqa bir səbəb kimi  Rusiya Elmlər Akademiyasının 2009-cu ildə apardığı araşdırmanı da əsas göstərirlər. Həmin araşdırmalara görə, beynin  bir neçə saat ərzində terahers radiasiyasına məruz qalması hüceyrələrin temperaturunun artmasına səbəb ola bilər.

Pekinli tədqiqatçılar kəşfin  yeni kommunikasiya texnologiyalarının qiymətləndirilməsinə və beyin xəstəliklərinin müalicəsi üçün yeni  üsulların inkişaf etdirilməsinə kömək edə biləcəyini söyləyirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".