DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

FİNLANDİYA VƏ İSVEÇ TÜRKİYƏ İLƏ DANIŞIQLARA HAZIRLAŞIR

Avqustun 26-da Helsinkidə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyənin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçiriləcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, görüş zamanı iyun ayında İspaniyanın paytaxtı Madriddə keçirilmiş NATO sammitində Finlandiya, İsveç və Türkiyə arasında razılaşdırılmış anlaşma memorandumunun bəndləri nəzərdən keçiriləcək.

Məlumat üçün qeyd edək ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə uzun müddət qarşı çıxsa da, daha sonra müəyyən şərtlər müqabilində buna razılıq verib.

 

HAKİMİYYƏTƏ ÇEVRİLİŞLƏ GƏLƏN BAŞ NAZİR İSTEFAYA GÖNDƏRİLDİ

Tailand Konstitusiya Məhkəməsi baş nazir Prayut Çan-Oçanın səlahiyyətinə xitam verib. “Teleqraf.com”un məlumatına görə, 2014-cü ildə Tailandda baş verən hərbi çevrilişdən sonra baş nazir postunu tutan və üç illik səlahiyyət müddəti başa çatmasına baxmayaraq, hakimiyyətdən getməyən Prayut Çan-Oçaya qarşı ölkədə etirazlar hökm sürür.

Bildirilir ki, etirazların davam etdiyi bir vaxtda Tailand Konstitusiya Məhkəməsi səlahiyyət müddətinin məhdudlaşdırılması ilə bağlı hüquqi araşdırmanın nəticələri bəlli olana qədər baş naziri vəzifəsindən kənarlaşdırıb.

Baş nazirin müavini Vissanu Krea-Nqam mətbuata açıqlamasında bildirib ki, müxalifət partiyalarının Prayut Çan-Oçanın istefası tələbləri Konstitusiya Məhkəməsində nəzərdən keçirilir və yaxın günlərdə qərara aydınlıq gətiriləcək. Krea-Nqam həmçinin qeyd edib ki, Konstitusiya Məhkəməsi baş nazirin istefası barədə qərar versə belə, müavini Pravit Vonqsuvon müvəqqəti baş nazir vəzifəsini tutacaq.

 

FTB TRAMPIN EVİNDƏ ÇOXLU SAYDA MƏXFİ SƏNƏD ƏLƏ KEÇİRİB

Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında 150-dən çox məxfi sənəd ələ keçiriblər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “The New York Times” nəşri xəbər verib.

Eyni zamanda, bildirilir ki, 2022-ci ilin yanvarında Tramp daha 150 sənədi ABŞ Milli Arxivinə təhvil verib. Beləliklə, prezidentlik müddəti başa çatdıqdan sonra keçmiş ABŞ lideri öz evində 300-dən çox dövlət əhəmiyyətli məxfi materiallar saxlayıb.

Nəşrin məlumatına görə, Trampın malikanəsindəki hazırkı axtarışlar Ədliyyə Nazirliyinin siyasətçinin əlində olan bütün məxfi sənədləri ələ keçirmək istəyi ilə bağlı ola bilər. Qeyd olunur ki, yanvar ayında təhvil verilən materiallara Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və FTB-nin məlumatları daxil edilib.

Xatırladaq ki, avqustun 9-da Donald Tramp Mar-a-Laqodakı malikanəsində axtarışlar barədə açıqlama yayıb. O bildirib ki, bu axtarışlarda yüzə yaxın FTB agenti iştirak edib. Siyasətçi güman edir ki, FTB-nin bu hərəkətləri onun 2024-cü il prezident seçkilərində potensial iştirak etmək niyyəti ilə bağlıdır. O, bu axtarışları əsassız adlandırıb.

 

AVROPADA SON 500 İLİN ƏN GÜCLÜ QURAQLIĞI HÖKM SÜRÜR

Avropa İttifaqı Komissiyasının Birgə Araşdırma Mərkəzi Avropanın son 500 ilin ən quraq dövrünü yaşadığını açıqlayıb. “Teleqraf.com”un məlumatına görə, Birgə Araşdırma Mərkəzi tərəfindən Avropa Quraqlıq Rəsədxanasının məlumatları və təhlilləri əsasında hazırlanan “Avropada quraqlıq-2022-ci ilin avqustu” adlı hesabat dərc olunub.

Hesabata əsasən, Avropanın bir çox yerlərində müşahidə olunan quraqlıq ciddi narahatlıq doğurur. Qeyd olunur ki, Aİ ərazilərinin 47 faizi hələ də “xəbərdarlıq”, 17 faizi isə “həyəcan” vəziyyətindədir, yəni quraqlıq təhdidi ilə üz-üzədir.

Eyni zamanda, qeyd edilir ki, yağıntıların olmaması səbəbindən Avropanın demək olar bütün çaylarında suyun səviyyəsi ciddi şəkildə aşağı düşüb.

Bununla yanaşı, hesabatda vurğulanır ki, artıq bir neçə Aİ-yə üzv dövlət qarşıdakı həftələrdə sudan istifadəni məhdudlaşdırmaq üçün tədbirlər görüb.

 

EMMANUEL MAKRON: BOLLUQ DÖVRÜ SONA ÇATDI

Fransa prezidenti Emmanuel Makron “bolluq, israfçılıq və ehtiyatsızlıq dövrünün sona çatdığı”nı bəyan edərək hökuməti tədbirlər görməyə çağırıb. “TRT” telekanalının məlumatına görə, dövlət başçısı bu barədə Nazirlər Şurasının toplantısında çıxışı zamanı bildirib.

“Qlobal istiləşmənin nəticələri açıq şəkildə hiss olunur. Bu yay rekord quraqlıq səviyyəsi müşahidə olunur. Qarşıdakı dövr üçün pessimist mənzərə müşahidə olunur. Ehtiyatsızlıq, israfçılıq və bolluq dövrü sona çatdı. Hökumət ciddi tədbirlər görməlidir”, - deyə Emmanuel Makron vurğulayıb.

Prezidentin sözlərinə görə, hazırda yaşananlar çox böyük bir dəyişiklik və qarışıqlığa bənzəyir. O əlavə edib ki, illərdir bitməyən məhsullar, texnoloji bolluq, su, torpaq və xammal dövrünün sonu yaxınlaşır.

Bununla yanaşı, Emmanuel Makron bildirib ki, Fransa və digər Avropa ölkələri üçün artıq yeni dövr başlanıb. “Bu vəziyyət ictimaiyyət arasında təşviş yaradacağı üçün hökuməti ayıq-sayıq olmağa və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıram”, - deyə prezident qeyd edib.

 

TÜRK KƏŞFİYYATI QARŞISINDA ACİZ QALAN TERRORÇULAR

Türikyənin İraqın şimalında və Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyatlarda onlarca “liderini” itirən PKK/YPG terror təşkilatı bütün fəaliyyətlərində elektron cihaz və smart tipli telefonlardan istifadəni qadağan edib.

“Teleqraf.com”un verdiyi xəbərə görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) xüsusi əməliyyatları və PUA-lara qarşı tədbir görülməsi məqsədi ilə PKK/YPG rəhbərləri bölgələrdəki bütün birliklər üçün xüsusi təlimat verib.

Bildirilir ki, təlimata əsasən terror təşkilatının yüksək rütbəli əməkdaşları da daxil olmaqla bütün üzvlərinə smartfonlar əvəzinə sadə telefonlardan istifadə etmələri tapşırılıb.

Eyni zamanda, terror təşkilatının “müdafiə nazirliyi” qadağanı pozanların telefonlarının müsadirə ediləcəyini və 300 min Suriya lirəsi məbləğində cərimələnəcəyini vurğulayıb.

Bununla yanaşı, qruplaşma üzvlərinə hava hücumlarından qorunmaq üçün kiçik yaşayış məntəqələrini tərk edərək şəhərlərdə böyük məhəllələrdəki evlərdə qalmaları barədə göstəriş verilib.

 

İTALİYADA BİR XƏSTƏDƏ “COVID-19”, MEYMUNÇİÇƏYİ VƏ HİV AŞKARLANIB

İtaliyada eyni anda bir adamda koronavirus, meymunçiçəyi və (İnsan İmmunçatışmazlığı Virusu) HİV testləri pozitiv çıxıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Alimlər “Journal of Infection” tibb jurnalında dərc olunan təqdimatlarında 36 yaşlı italiyalı bir kişinin İspaniyaya getdiyini və oradan qayıtdaqdan sonra özündə simptomlar hiss etməyə başladığını bildiriblər. Daha sonra onun “COVID-19” testindən keçdiyi və test nəticəsinin müsbət çıxdığı qeyd olunur.

Xəstəxanaya yerləşdirilən və bədənində yaralar olan xəstənin növbəti test müayinələrinin nəticəsi zamanı hər üç virusu daşıdığı -  meymunçiçəyi və HİV testlərinin müsbət olduğu müəyyən edilib.

Məlumata əsasən, Kataniya və Palermo universitetlərinin alimləri hər üç virusa eyni anda yoluxmanın dünyada indiyə qədər ilk dəfə müşahidə olduğunu vurğulayıblar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.