İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Cüdoçumuz gümüş medal qazanıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Azərbaycan komandasının üzvü Şahin Oruczadə (55 kq) çempionatda uğurla çıxış edərək finala yüksəlib. Qızıl medal uğrunda fransalı idmançı Dicol Zaçariyeyə məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub. Digər cüdoçumuz Məhəmməd Məmişov (50 kq) turniri 5-ci yerdə tamamlayıb.

Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.

 

Azərbaycan komandası MDB ölkələri arasında ikinci olub

Moskvada MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnikin kuboku uğrunda keçirilən şahmat üzrə komanda yarışında Azərbaycan yığması uğurla çıxış edib.

 Dairəvi sistem üzrə keçirilən turnirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan komandaları iştirak ediblər. Hər komandanın tərkibində yaşı 14-dən yuxarı olmayan gənc şahmatçılar - üç oğlan və bir qız mübarizə aparıb.

Yekun nəticəyə görə, 37 xal toplayan komandamız əlavə göstəricilərə görə gümüş medal qazanıb.

Şahmatçılarımız mübarizəni davam etdirir

Şahmatçılarımız Praqada qadınlar arasında keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər. Təmsilçilərimiz Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 5 turdan 4 xal toplayaraq 2-12-ci yerləri bölüşürlər.

Komandamızın digər üzvləri Ləman Hacıyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva 3 xal toplayıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".