Əbədi ehtiram
Region

Əbədi ehtiram

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Hacıqabul rayonunun Kolanı kəndində anadan olmuş Xəyal Salam oğlu Ağaməmmədovun xatirəsini əbədiləşdirmək məqsədilə doğum günündə tikilmiş bulaq kompleksinin açılışı oldu.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak etdilər. Xəyal Salam oğlu Ağaməmmədov 2020-ci ilin noyabrında Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhidin məzarı ziyarət olundu, üzərinə və xatirə bulağının önünə tər qərənfillər düzüldü. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə başsağlığı verdi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışdı. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd etdi. Şəhid ailəsi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdi.

Tofiq HÜSEYN,

"Respublika".