Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Aleksandr Vasilyeviç Suvorov

Deyirlər, ruslar tarixi qəhrəmanlar və böyük sərkərdələr cəhətdən çox "zəngin" olub. Lakin türklər olmasaydı, onlar tarix boyu hər hansı bir döyüşdə qalib gələn sərkərdənin nə olduğunu bilməyəcəkdilər. Bu xalq daim uydurma qəhrəmanlar və sərkərdələr "düzəltməyi" elə bil qarşısına məqsəd qoymuşdur. Onların nadir və həqiqi döyüş komandanlarından biri isə damarlarında türk qanı axan Aleksandr Vasilyeviç Suvorovdur. Hərbçi ailəsində anadan olmuş türk mənşəli bu sərkərdə tarixdə heç bir müharibədə məğlub olmayan məşhur komandir kimi tanınır.

İştirak etdiyi 60 döyüşün heç birini uduzmayan komandir Suvorov dünyaya gələrkən çox zəif və çılız bir uşaq olub. Sonralar müalicələr nəticəsində Suvorovun səhhəti zaman keçdikcə yaxşılaşıb. Yeniyetməlik illərində belə yürüşlərə çıxmış Suvorov ordusu ilə birlikdə Alp dağlarını aşmağı bacarmışdır. Qeyd edək ki, ondan başqa Alp dağlarından yalnız Hannibal və Napoleon keçə bilmişdir.

Döyüşlərdə Suvorov yalnız özünəməxsus döyüş taktikasından istifadə edirdi. O, hərbi təlimin qanunlarına riayət etmir, əsgərlərinə Vətən sevgisi aşılayır, bunu istənilən döyüşdə qələbənin təminatı hesab edirdi. Qazandığı qələbələrə görə Suvorov Rusiya imperiyasında o dövrdə mövcud olan bütün yüksək hərbi mükafatlara layiq görülmüşdü.

Bütün bunlarla yanaşı, Suvorov həm də maraqlı adətləri ilə məşhur idi. Deyilənə görə, qəbul günlərində belə komandir bütün medallarını döşünə taxarmış. Hətta, bir dəfə onu gözü götürməyən bir generalın xanımı qəbul zamanı marşala demişdir: "Ah, Aleksandr Vasilyeviç, siz bu qədər zəif adam olduğunuzdan, yəqin ki, bu medallar sizə ağırlıq edir!". - Suvorov isə ona: "Çox ağırlıq edir, o qədər ağırlıq edir ki, onu qaldırmağa sizin ərinizin belə gücü çatmaz!", - deyə cavab vermişdi. Hələ bu harasıdı, o, sinəsinə taxdığı medallarla samanlıqda yatmağa da vərdiş etmişdi. Yuxu rejimi ilə də seçilən komandir axşam saat altıda yatar, gecənin bir aləmində - saat ikidə oyanarmış. Yuxudan ayılmaq üçün isə üzərinə soyuq su tökərək yüksək səslə "ku-ka-re-ku!", - deyirmiş.

Şayiələrə görə, komandir bəzən yüksək rütbəli şəxslərin və ən hörmətli qonaqların da qarşısına alt paltarında çıxırmış. Köhnəlmiş, nimdaş çəkmələr geyməyi daha çox sevərdi Suvorov.

O, çox gec - 43 yaşında ailə qurub. 23 yaşlı, gözəllikdə tayı-bərabəri olmayan Varvara Prozorovskaya adlı bir xanımla ailə quran komandirin evliliyi toydan qısa müddət sonra boşanma ilə nəticələnib. Deyilənə görə, boşanmanın səbəbi xəyanətlə əlaqəli olub. Belə ki, arvadının hədsiz sayda adamlarla ona xəyanət etdiyini öz gözləri ilə görən Suvorov bu rüsvayçılığa dözə bilməyib izdivaca son qoyub.

Komandir 70 yaşında döyüşlərdə aldığı xəsarətdən qısa müddət sonra öz evində vəfat etmişdir.

 

Henri Devid Toro

Amerikanın idealist filosofu və yazıçısı Henri Devid Toro sadəliyin, dürüstlüyün, itaətsizliyin vacibliyini bizlərə xatırladan filosoflardan biri kimi tanınır. Bundan əlavə, o, həm də dünya tarixinə hər şeydən imtina edən şəxs kimi düşüb. Belə ki, hər zaman nədənsə imtina edən bu dahi şəxsiyyət məsələn, Harvard Universitetini bitirib diplom almaq üçün 5 dollar ödəməkdən belə boyun qaçıraraq, "bu məbləğə dəyməz" deyib. Bəlkə də, bu filosofun imkansızlığı ilə bağlı olub...

Atası karandaş istehsalı ilə məşğul olsa da, filosof daim pulsuzluqdan əziyyət çəkib. O, Konkord Akademiyası kimi mötəbər təhsil ocağına işə düzəldikdən sonra uşaqlara cismani cəza verməkdən imtina edib. Məktəb rəhbərliyi qayda-qanunu pozduğu üçün onu işdən çıxarıb. Sonralar onun bu itaətsizliyi gələcək karyerasına da mənfi təsir göstərib.

Digər məşhur etirazı isə Toronun Amerikanın Meksikadakı vətəndaş müharibəsinə qoşulması ilə bağlı olub. Belə ki, etiraz üçün toplanan 1 dollarlıq vergini belə ödəməkdən imtina edən filosof onun yerinə bu pulu ödəməyə gələn himayədarı, dostu Ralf Uoldo Emersonla mübahisə edərək həbsxanaya düşüb.

Bəlkə də inanmayacaqsınız, amma Toro öz adından belə imtina edib. Belə ki, anadan olarkən ona Devid Henri Toro adı verilsə də, hamının ona Henri Devid kimi müraciət etməsini istəyib. Demək olar ki, ağlasığmaz, əcaib əməlləri ilə Toro digər amerikan yazarları ilə müqayisədə ən ipləmələrindən olub.

Toronu yalnız bircə şeydə - dəyişkənlikdə günahlandırmaq olmazdı. Həmişə ürəyi istəyən kimi yaşayıb. Onun həyat tərzi Massaçusets ştatının Konkord şəhərinin digər ekssentrik sakinlərinin həyat tərzindən fərqlənməyib. Toronun ən çox xoşladığı vərdişləri - özü-özünə pul borc vermək, təbiətlə təmasda olmaq, qayıqla çayda gəzmək və öz səyahətləri haqqında geniş, tez-tez haşiyə çıxmaqla hesabat yazmaq olub. Dostları onun bu xüsusiyyətini qəribə hesab etsələr də, həmişə rəğbət bəsləyiblər.

Toronun ömrü boyu bütün xərclərini dostu Emerson ödəyib. Deyilənə görə, Toro özünü Emersonun arvadı və uşaqlarının cangüdəni kimi qələmə verirmiş. Hər dəfə pulu qurtaran kimi isə o, atasının məşhur fabrikində muzdla işləyərmiş.

Toronun şəxsi həyatı da enişli-yoxuşlu olub. Ailə qurmaq istəsə də ömrü boyu subay qalıb. Tüfeyli həyat tərzi sürən filosof bunun səbəbini maddi imkanının olmaması ilə izah edib. Amma maraqlıdır ki, barlara və əxlaqsızlıq yuvalarına xərcləməyə pul tapa bilirmiş Toro...

Deyilənlərə görə, o çox cazibədar olub. Lakin onun görünüşü yaraşıq və gigiyena baxımından əsla bunu deməyə imkan verməyib. Bu əyalət şorgözü xarici görünüşünə görə qətiyyən diqqət çəkə bilməzdi. Qonşusu Hataniel Qoton onu belə təsvir edirdi: "Kabus kimi qorxunc siması var, yekə burnu, əyri dodaqları ilə çox yöndəmsiz görünür, kobud olsa da özünü gözə soxa bilir və təəssüf ki, bu bacarığı onun görünüşündə əks olunmayıb". Toro təsadüfən yuyunar, pırtlaşıq saçlarını demək olar ki, daramaz, əyin-başını dəyişməzdi. O, süfrə arxasında belə özünü apara bilməməyi ilə ad çıxarmışdı.

Gənc yaşlarından vərəm xəstəliyindən əziyyət çəkən filosof elə bu səbəbdən də 44 yaşında həyatla əbədi olaraq vidalaşıb.

 

 

Norbert Viner

Bu dahi şəxsiyyətin uşaqlıqdan vunderkind olduğunu desək, yanılmarıq. Fövqəladə istedada sahib gələcəyin dahisi hələ 3 yaşından oxuyub-yazma bacarığına malik idi. Belə ki, o, orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirdikdən sonra 18 yaşında riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Söhbət kibernetikanın atası hesab edilən Norbert Vinerdən gedir...

Almaniyadan gələn yəhudi mühacir ailəsində anadan olan Viner, kiçik yaşlarında olduqca yöndəmsiz və çirkin bir uşaq olub. Üstəlik miyopiyadan əziyyət çəkdiyi üçün daim eynək taxmaq məcburiyyətində qalırmış. Bu səbəbdən də, həmyaşıdları arasında məsxərəyə qoyulardı. Zahiri görünüşü ilə əlaqəli daim kompleks yaşayan Viner həmyaşıdları ilə təmasdan çəkinər, başını daha çox kitab oxumaqla qatardı. O, nəinki texniki, həm də humanitar sahə ilə maraqlanırdı.

32 yaşında sevdiyi xanımla - Marqaret Engermanla ailə həyatı quran alimin bu izdivacdan iki qız övladı dünyaya gəlmişdi. Ailəsinə qarşı olduqca sadiq olan Viner əlavə əyləncələrə vaxt ayırmaz, boş zamanlarını qızlarına və həyat yoldaşına həsr etməyi daha üstün tutardı.

Unutqanlıqdan əziyyət çəkən alim daha çox huşsuzluğu ilə məşhur imiş. Bir gün ailəsi yeni mənzilə köçərkən Vinerin həyat yoldaşı təzə evin ünvanı yazılmış vərəqi onun cibinə qoyur. Xanım gözəl bilirdi ki, başqa cür onun əri evi tapa bilməyəcək. Lakin buna baxmayaraq, elə birinci gün işdə ağlına yaxşı bir ideya gələn Viner cibindəki həmin kağızın üzərinə tez-tələsik nəsə cızma-qara edir və dərhal da yazdığı düsturların səhv olduğunu başa düşüb kağızı zibil yeşiyinə tullayır.

Axşam özünün köhnə ünvanına yollanan alim evdə artıq heç kimin yaşamadığını görərək özünü itirmiş halda küçəyə çıxır. Az müddət sonra özünə gəlib yaxınlıqda dayanmış bir qıza yaxınlaşıb deyir: "Bağışlayın, yəqin siz məni tanıyırsınız. Mən professor Vinerəm və mənim ailəm bu yaxınlarda buradan köçmüşdür. Siz deyə bilməzsiniz ki, onlar hara köçüblər?". Qız ona diqqətlə qulaq asdıqdan sonra gülümsünərək cavab verir: "Doğrudur, atacan anam bilirdi ki, sən unudacaqsan və ona görə də məni bura sənin dalınca göndərib".

Hər zaman dalğın, fikirli gəzən alim müəllimlik karyerası ərzində heç vaxt mühazirənin mövzusunu əvvəlcədən açıqlamırdı. Bu səbəbdən də, dərsə heç vaxt konspekt və ya plan gətirməzdi. Auditoriyaya girərək burnunu möhkəmdən çəkə-çəkə dərhal üzünü yazı taxtasına çevirər və dodağının altında öz-özünə mızıldanaraq düsturlar çıxarmağa başlayırdı. Lazım olan düsturları və ya arqumentləri yazdıqdan sonra dərhal silər və tabaşiri təkrar-təkrar götürərdi. Tələbələri bəzən onları lövhədən köçürməyə belə macal tapmırdı . Mühazirənin sonunda isə heç kimə fikir vermədən auditoriyanı tərk edirdi. Alimin bu əməli tez-tez tələbələrinin narazılığına da səbəb olur.

Ekssentrikliyə meyilli olan Viner olduqca təkəbbürlü adam olub. Onu xilas edən yeganə cəhəti heyrətamiz ironiyası idi. Özü barədə həmişə belə deyərdi: "Professor o adamdır ki, hər hansı bir mövzuda əlli dəqiqəyə yaxın danışa bilir".

Alim 69 yaşında infarktdan vəfat etmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".