İdman:  Daim zirvələrdə
İdman

İdman:  Daim zirvələrdə

Şahmatçılarımız açıq turnirdə mübarizə aparacaqlar

Dubayda şahmat üzrə açıq turnir start götürəcək. İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq yarışa sentyabrın 4-də yekun vurulacaq.

Yarışda Azərbaycan təmsilçiləri Məhəmməd Muradlı, Aydın Süleymanlı və Nihad Mustafayev iştirak edəcəklər.

 

Boksçularımız Avropa birinciliyində uğurla çıxış ediblər

Türkiyənin Ərzurum şəhərində boks üzrə məktəbli oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) yetirmələri uğurla çıxış ediblər. Azərbaycan milli komandasının tərkibində yarışa qatılan "Təhsil" RİM-in Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Sübhan Babayev (44 kq) qızıl, Kənan Aslanlı (60 kq) bürünc, 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Əli Məmişov (70 kq) gümüş, həmin məktəbin idmançısı Bağır Əlimxanlı (46 kq) bürünc medal qazanıblar.

Millimiz Avropa birinciliyində beş medal qazanıb ki, onlardan 4-ü uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları tərəfindən əldə olunub.

 

Qadın cüdoçumuz bürünc medal qazanıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycanın qadın cüdoçusu bürünc medal qazanıb. Tatami ustası Aydan Vəliyeva (48 kq) macarıstanlı Luka Vegi üçüncü yer uğrunda mübarizədə məğlub edib. Qeyd edək ki, buna qədər komandamızın üzvü Şahin Oruczadə (55 kq) mundialın gümüş medalına sahib olmuşdur. Yarışın ikinci günündə həmçinin Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb. Təmsilçimiz Nizami İmranov (60 kq) üçüncü yer uğrunda mübarizədə fransalı Dayyan Boulemtafesə qalib gəlib.

Nərgiz İSMAYILOVA,

"Respublika".