GÖYGÖLDƏ SAHİBKARLARLA GÖRÜŞ
Region

GÖYGÖLDƏ SAHİBKARLARLA GÖRÜŞ

Göygöl Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumlarının rayon nümayəndəliklərinin iştirakı ilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların üzləşdiyi çətinliklərin dinlənməsi və təkliflərin müzakirəsi məqsədilə sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Göygöl Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, KOBİA-nın Göygöl rayon nümayəndəliyinin rəhbəri Orxan Əhmədov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəhbərləri, icra nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbirdə KOBİA-nın Göygöl rayon nümayəndəliyinin rəhbəri Orxan Əhmədov Agentliyin fəaliyyəti haqqında geniş məlumat verərək bildirib ki, qurum Göygöl rayonunda üç aydır ki, fəaliyyət göstərir və bu müddət ərzində sahibkarlar tərəfindən Agentliyə 100-dən artıq müraciətlər daxil olub. Qaldırılan müraciətlərin hər birinə həssaslıqla yanaşılmış və onların həlli istiqamətində tədbirlər həyata keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonda kənd təsərrüfatının inkişaf perspektivləri haqqında geniş və ətraflı məlumat verərək qeyd edib ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların problemlərinin həlli istiqamətində Agentliklə birlikdə dövlət dəstəyi mexanizmlərindən istifadə ediləcəyini sahibkarların nəzərinə çatdırıb.

KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev də ölkə rəhbərinin aqrar sahəyə diqqət və qayğısından ətraflı söhbət açmışdır. Eyni zamanda, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin daim sahibkarların yanında olduğunu və onların mövcud problemlərinin həllində yaxından iştirak etdiyini vurğulayıb.

Sahibkarlar tərəfindən irəli sürülən təkliflər, müraciətlər və qaldırdıqları problemlər diqqətlə dinlənilib və nəzarətə götürülərək, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Zabit XƏLİLOV,

 "Respublika".