İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Şahmat üzrə Avropa  çempionatı başa çatıb

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında son turun oyunları keçirilib. Günay Məmmədzadə 8 xalla gümüş, eyni xala sahib olan Ülviyyə Fətəliyeva isə bürünc medal qazanıb.

Gülnar Məmmədova 7 xalla 15-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva eyni xalla 19-20-ci, Ləman Hacıyeva 6,5 xalla 23-cü və Səbinə İbrahimova 52-ci olub.

 

FHN-in karateçiləri  beynəlxalq turnirdə

Avqustun 27-28-də Bakı İdman Sarayının arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar arasında karate üzrə "Olimpiya ümidləri" beynəlxalq turnir keçirilib.

Turnirdə altı ölkədən (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Küveyt, Misir və Latviya) 1000-ə yaxın idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb.

Qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaqlardan ibarət idmançıları 17 qızıl, 15 gümüş və 12 bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Azərbaycan Milli Karate Federasiyasının diplom və medalları təqdim olunub.

 

Boccia üzrə komandamız uğurla çıxış edib

Azərbaycanın boccia üzrə milli komandası Polşanın Poznan şəhərində keçirilən "World Challenger" turnirində uğurla çıxış edib.

Yığma komandamızın üzvləri Bəhruz Nuriyev qızıl, Sona Ağayeva isə gümüş medal qazanıblar. Komanda yarışında isə idmançılarımız bürünc medala layiq görülüblər.

 

Boksçularımız yarımfinala yüksəlib

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib. Yığmamızın üzvlərindən Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) dörddəbir final döyüşünü qələbə ilə başa vurublar.

Ruslan Qədirov 3:1, Rauf Rəhimov isə 5:0 hesabı ilə rəqibini məğlub edib. Hər iki boksçu yarımfinala yüksəlməklə bürünc medal qazanıblar.

Yarışın dörddəbir final mərhələsində daha 3 idmançımız - Rüfət Hüseynov (51 kq), Mirşərif Kazımzadə (75 kq) və Rasim Çobanlı (75 kq) rinqə çıxacaq. Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçunun qatıldığı turnirdə yarımfinal döyüşləri sentyabrın 3-də keçiriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".