Ağcabədi xəbərləri
Region

Ağcabədi xəbərləri

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra edilməsi bölgələrdə infrastrukturların yenidən qurulmasına, həyat şəraitinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına güclü təkan verir. Əhalinin rahatlığı təmin edilir, qarşıya çıxan problemlərin həll edilməsi üçün addımlar atılır, gündəlik tələbatda mühüm yer tutan enerji təsərrüfatı yenidən qurulur. Dövlət proqramları Ağcabədi rayonunda həyatın bütün sahələrinə müsbət təsir göstərir, rayon sakinlərinin həyat şəraiti yüksəlir, sosial müdafiəsi gücləndirilir, yeni iş yerləri açılır.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişıq" ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Ağcabədi rayonunun Cəfərbəyli və Ağabəyli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

Yenidənqurma işləri çərçivəsində 1000-dən çox sakinin yaşadığı Cəfərbəyli kəndində 3 komplekt transformator məntəqəsi istismara veriləcək. Ümumilikdə, 25 kilometrədək elektrik xətti yenilənəcək. Ağabəyli kəndində də yenilənmə işləri davam etdirilir. 700-ə yaxın sakini olan Ağabəyli kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq, 20 kilometrə qədər elektrik xətti dəyişdirilərək izolyasiyalı naqillərlə əvəz ediləcək. Hər iki kənddə elektrik sayğacları yenilənir. Eyni zamanda, Mehrablı kəndində də işlər aparılır.

Növbəti mərhələdə isə rayonun Şənlik və Qardolaq kəndlərinin də elektrik şəbəkəsi yenidən qurulacaq. Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edəcək.

***

Ənənəvi növbəti toxum sərgi-satış yarmarkası Ağcabədi rayonunda təşkil olunub. Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinə tabe Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis" ASC, habelə Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutlarının nümayəndələri, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə son illər taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, iri fermer təsərrüfatlarında tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bundan başqa, iri taxılçılıq təsərrüfatlarında müasir suvarma sistemlərinin tətbiqi nəticəsində yüksək məhsuldarlığa nail olunur. Bu isə idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Hər il olduğu kimi, bu il də Ağcabədidə toxum sərgi-satış yarmarkasının keçirilməsi rayon fermerləri üçün çox əhəmiyyət daşıyır. Rayonun taxılçıları dövlətin dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, intensiv becərmə texnologiyalarının tətbiqi ilə taxıl istehsalını ilbəil artırırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət daşıyır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyev tərəfindən 2022-ci il iyulun 19-da "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman imzalanması da ərzaq təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin əsas ərzaq məhsulları ilə təminat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Yarmarkada, həmçinin əkin materialı kimi sertifikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu və digər mövzularda mütəxəssislər tərəfindən fikir mübadiləsi aparılıb.

Salman ALIOĞLU,

"Respublika".