Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Trumen Kapote

"Uğur qazanmalıydım, uğuru tez bir zamanda əldə etməliydim. Çox lazımlı bir insandım və xüsusi həyatım olmalı idi. Ofisdə-filan işləmək üçün yaradılmamışdım, amma nə iş görsəm uğur qazana biləcək adamdım. Yazar olmaq, imkanlı və məşhur olmaq istədiyimi lap əvvəldən bilirdim...". Ciddi, ədəbi çevrələrdə qəbul edilməsə də, şöhrətin zirvəsinə ucalmağı bacaran amerikalı yazıçı, aktyor, ssenarist və jurnalist Trumen Kapote özü haqqında bu qədər yüksək fikirdə idi. Ədəbsiz və qeyri-normal davranışlarına görə cəmiyyətin ona qarşı münasibəti birmənalı olmasa da, Amerika ədəbiyyatında özünəməxsus dəst-xətti, məşhurlar arasında yüzlərlə havadarı və dostu vardı...

Nyu-Orleanda doğulan Kapote yazmağa və içməyə çox tez başlamışdı. Hələ məktəbə getməmiş oxumağı və yazmağı öyrənmişdi. Beş yaşından özü ilə qeyd dəftəri və lüğət gəzdirirmiş. Artıq 11 yaşında uydurma hekayələr yazır və gələcək taleyini müəyyənləşdirirdi. Kapote uşaqlıqdan qəribə idi. Hərəkətləri ilə oğlan uşaqlarından daha çox qızları xatırladırdı. Ən böyük arzusu isə rəqqas olmaqdı.

Bir insanı gözdən salacaq nə qədər pis keyfiyyət və xüsusiyyətlər varsa, elə bil hamısı bu yazıçıda cəmləşmişdi. İçki düşkünü, narkoman, üstəlik də cinsi azlığın nümayəndəsi olmasını heç kəsdən gizlətmirdi. Dahiliyinin onun hər bir əməlini ört-basdır etdiyini deyirdi.

Amerikalı dramaturq özünü "horizontal yazıçı" adlandırırdı. Yazıçıya məhsuldar işlə məşğul olmaq üçün qəhvə, siqaret, ən başlıcası isə divan vacib sayılırdı. O, öz əsərlərini yalnız uzanıqlı vəziyyətdə yazırdı, özü də yalnız karandaşla ağ vərəqə. Belə ki, Trumen Kapotenin çap makinalarını görməyə gözü yox idi. Bu səbəbdən də ömrünün sonunadək onlardan istifadə etməyib.

Televiziyalar onu şou-proqramlara dəvət etmək üçün növbə gözləməli olurdu. Onun qalmaqallı çıxışları teleaparıcıların və televiziyaların işinə yarıyırdı. Gündəmdə qalmaq, məşhur olmaq onun ən böyük hədəfi idi. Şayiələr yaymağı, qalmaqal yaratmağı çox sevirdi. Yazıçı kimi kifayət qədər uğur qazansa da, filmlərə çəkilir, məşhurlar arasında olmağa, daha çox şöhrətə və populyarlığa can atırdı. Onun məşhur dostları arasında ecazkar Merlin Monro da vardı. Hələ bu harasıdır, deyilənə görə, Kapotenin "kişi" dostlarının içərisində tanınmış Nobel mükafatçısı Alber Kamyunun da xüsusi yeri var imiş...

Tüfeyli həyat tərzi keçirən yazıçı ədəbi yaradıcılığından getdikcə uzaqlaşaraq daha da acınacaqlı vəziyyətə düşür. Karyerasındakı uğursuzluqlara dözməyən Kapote kokainə, narkotik həblərə və içkiyə qurşanır. Sonralar məşhur yazıçı narkotikin və içkinin təsirindən hallüsinasiyalar görməyə başlayır. Pis vərdişlərindən danışan yazıçı narkotik və içki haqqında yazırdı: "Tanrı bir qabiliyyət verəndə, bir qamçı da verir və o qamçı, sadəcə özünü qamçılamaq üçündür".

Dostları onu bu asılılıqdan xilas etməyə çalışsa da, Kapote ölmək istəyirdi. Bir müddət sonra qaraciyər xərçənginə tutulan yazıçı 60 illik yubileyinə bir ay qalmış vəfat edir. Ölümündən sonra "Nyu-York Tayms" qəzeti onun haqqında yazırdı: "Əsl amerikan yazıçıları arasında mövqe tutmağı bacarmadı, çünki istedadını, zamanını, sağlamlığını şöhrət, sərvət və zövq üçün xərclədi. Yeniyetməliyindən Oskar Uayldı (qeyd edək ki, bu yazıçı da cinsi azlığın nümayəndəsi olub) bütləşdirən bir yazıçıdan başqa nə gözləmək olardı ki".

Evarist Qalua

"Məni günahkar bilməyin ki, vətən uğrunda yox, iki ağılsızı toruna salmış tərbiyəsiz, işvəli bir qadının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm". Bu sətirləri ölümündən bir gün qabaq dostlarına yazmışdı məşhur fransız riyaziyyatçısı Evarist Qalua. O, bu dünyada heç bir şeyin həyatdan daha dəyərli olmadığını bilə-bilə ölümü daha üstün bildi...

Ömrünün ən gözəl çağında - cəmi 20 il 6 ay yaşamaqla Qalua gəncliyə dahilik nümunəsi qoydu.

Bu qısa ömrünə bir çox uğuru sığdırmağı bacarmışdı gənc riyaziyyatçı. Riyaziyyatda nəzəriyyə kəşf etmək, vətəni üçün inqilabçılıq etmək və sevdiyi qıza görə dueldə ölmək hər kişinin işi deyildi. Bu üç möcüzəni özündə birləşdirən Qaluanın adı tarixə və insan təfəkkürünə qızıl hərflərlə yazıldı.

Şübhəsiz ki, riyaziyyat tarixində Evarist Qalua qədər dramatik həyat yaşamış çox az elm adamı var. Çəkinmədən siyasət meydanında respublikaçıların sırasında yerini alan Qalua təkcə inqilabçı kimi yox, riyaziyyat dünyasını silkələyən kəşfləri ilə də bir dahidir.

Riyaziyyat sahəsindəki bütün köhnə təsəvvürləri alt-üst edən Qalua hələ 19 yaşında ikən öz aksiomalarını irəli sürdü, teoremlərini sübuta yetirdi.

Kəşf etdiyi qanunlar hazırda müxtəlif rəqəmsal televiziya kanallarında rəqəm informasiyalarının rabitə kanalları vasitəsilə ötürülməsində istifadə olunur. Halbuki, Qalua nə vaxtsa televiziya əsrinin gələcəyini heç ağlına belə gətirməmişdi. Zaman öz ədalətli hökmünü verdi. Sübut etdi ki, insan təfəkkürünün inkişafı tarixində faydasız heç nə olmur. Vaxtı çatanda hər şey öz yerini tapır.

Xaraktercə çox çılğın və aqressiv biri olan riyaziyyatçını özündən çıxarmaq elə də çətin deyildi. Bir dəfə Politexnik İnstitutuna daxil olmaq üçün imtahan verən Qaluanın aydın açıqlama vermədən izah etdiyi məsələlər imtahan komissiyasının üzvləri tərəfindən qəbul edilməmişdi. Bu səbəbdən qəzəblənən 16 yaşlı riyaziyyatçı əlindəki silgini və tabaşiri müəllimlərdən birinin başına çırparaq imtahan otağını tərk etmişdi. Sonralar Qalua bununla əlaqədar olaraq demişdi ki, ona verilən suallar uşaq sualları olduğu üçün onları cavablandırmağı özünə yaraşdırmayıb.

Heç bir maddi dayağı və evi olmayan Qalua sərgərdan həyat sürürmüş. Lakin günlərin birində Parisdə çox hörmətli bir həkimin Stefani adlı qızına dəlicəsinə aşiq olur. Həmin vaxt Stefani isə Peşo Derbenvil adlı gəncə nişanlanmışdı. Sevgilisinin başqa bir "müştərisinin" olduğundan xəbər tutan Derbenvil Qaluanı duelə çağırır. Qalua Derbenvilin mahir atıcı olduğunu yaxşı bilsə də, dueldən çəkinmir. Dostlarına məktub yazdıqdan sonra rəqibi ilə duelə çıxır. Silahı olmayan dahi qarın nahiyəsindən ağır yaralanır. Qardaşı Qaluanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmur. Bax belə. 20 il 6 ay yetdi ki, bəşəriyyət onu sevsin...

Edvard Qriq

Romantik dövrün ən məşhur Norveç bəstəkarı, musiqi xadimi, pianoçu və dirijoru Edvard Qriq bütün dünyada Henri İbsenin "Per Gyunt" dramına bəstələdiyi musiqisi ilə tanınıb. "Şimalın Şopeni" hesab olunan bu musiqiçi çox qapalı və qeyri-adi bir insan olub. İnsanlarla ünsiyyət qura bilməyən bəstəkarın ən böyük qəribəliklərindən biri onun pencəyinin cibində gildən düzəldilən qurbağanı saxlamasıdır. Hər tamaşa öncəsi pencəyinin cibindən qurbağanı çıxaran Qriq onun belini sığallayırmış. Deyilənə görə, bu fiqur bəstəkara uğur gətirdiyi üçün onu talisman olaraq daim üzərində gəzdirirmiş.

Qriqi çox vaxt Henri İbsenə bənzədirlər. Çünki o da, bu dahi polyak bəstəkarı kimi fortepiano musiqisinə xüsusi diqqət yetirmiş, lirik, poetik hissləri tərənnüm etmişdir.

Xasiyyətcə çox utancaq biri olan bəstəkar tərifləri, mükafatları heç sevməzdi. Hətta bir dəfə kral ailəsinin təqdim etdiyi ordenlə təltif edilən bəstəkar utandığından mükafatı hara qoyacağını bilmədiyi üçün monarxın qəzəbinə tuş gəlmişdi.

Onun başına gələn digər maraqlı hadisələrdən biri də "Axirətdən gələn zəng" əhvalatıdır. Bu əhvalat Osloda verdiyi konsertlə əlaqəlidir. Belə ki, konsertin sonunda axırıncı musiqisini gözlənilmədən Bethovenin əsəri ilə əvəzləyən bəstəkarın bu addımı çaşqınlığa səbəb olur. Ertəsi gün paytaxt qəzetlərinin birində Qriq yaradıcılığını bəyənməyən tanınmış Norveç tənqidçilərindən birinin qərəzli tənqidi rəyi çap edilir. Tənqidçi diqqəti xüsusən konsertin sonuncu nömrəsinə yönəldir və yekun əsəri gülünc, qətiyyən qəbuledilməz adlandırır. Rəyi oxuduqdan dərhal sonra Qriq həmin tənqidçiyə zəng vurub deyir: "Bağışlayın, sizi narahat edən Bethovenin ruhudur. Sadəcə bildirmək istəyirəm ki, Qriqin konsertində ifa olunan sonuncu əsər mənim - Bethovenindir!". Pərt və rüsvay olmuş tənqidçi aldığı qeyri-adi və gözlənilməz zəngdən qorxaraq infarktdan keçinir.

Qriqin ilham mənbəyi həyat yoldaşı Nina Hagerhup idi. Daim həyat yoldaşına yeni-yeni melodiyalar bəstələyən Qriq qastrol səfərlərinə də onunla birgə gedirdi. Lakin gənc ailənin xoşbəxtliyi elə də uzun çəkmir. Belə ki, uzun müddətdən sonra dünyaya gələn qızları - Aleksandra bir yaşında sətəlcəmdən vəfat edir. Bu hadisədən Qriq ailəsi böyük sarsıntı keçirir. Depressiyaya düşən bəstəkar yaradıcılığına bir müddət ara verir.

Ömrünün son illərində vərəm xəstəliyindən əziyyət çəkən bəstəkar elə bu səbəblə də 64 yaşında vəfat etmiş və çox sevdiyi xanımı Nina Hagerhupla eyni məzarda dəfn edilmişdir. Dahi musiqiçinin son sözləri isə belə olmuşdur: "yaxşı, əgər elə olmalıdırsa…" Bəstəkarın bu kəliməni nə səbəbdən söylədiyi hələ də, naməlum olaraq qalır...

Hazırladı:

Elenora Həsənova,

"Respublika".