Sağlam həyat
Səhiyyə

Sağlam həyat

Ürəyinizin cavan qalmasını istəyirsinizsə...

Payız mövsümünün ən faydalı giləmeyvələrindən olan zoğal qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində dərman vasitəsi kimi də istifadə olunur. Daha çox soyuqdəymənin müalicəsində təbii antibiotik kimi istifadə etdiyimiz bu möcüzəvi meyvədən mürəbbə, kompot hazırlamaqla qışa tədarük də edirik. Bu yaxınlarda antioksidant, vitamin və minerallarla zəngin olan zoğalın indiyə qədər bilmədiyimiz daha bir faydası ortaya çıxıb. "Food & Function" jurnalında dərc olunan araşdırmaya görə, hər gün 100 qram zoğal yemək sağlam bir ürəyin "açarı" ola bilər .

İngiltərənin King's College London məktəbinin alimləri tərəfindən aparılan araşdırmalar zamanı zoğalın ürək-damar xəstəliklərinin qarşısının alınmasında effektiv təsiri məlum olub.

Tədqiqatçılar antioksidant baxımından zəngin olan zoğalın istehlak edildikdən cəmi iki saat sonra damarları genişləndirdiyini və qan axınına müsbət təsir etdiyini söyləyirlər. Tədqiqat çərçivəsində bu meyvədən gündə 100 qram istehlak edən kişilərin bir aydan sonra ürək funksiyalarında əhəmiyyətli yaxşılaşma qeydə alınıb. Sınaqlar zamanı zoğal yeyənlərin damarlarında iki saatdan sonra digər qrupa nisbətən 1,5 faiz genişlənmə müşahidə edilib.

Əvvəlki tədqiqatlar zoğalın sidik yolları infeksiyalarının qarşısının alınmasında kömək etdiyini və diş əti xəstəlikləri, mədə xorası, xərçəng riskini azaltdığını göstərmişdir. Onun iltihabın qarşısını alıb hüceyrələri zədələnmədən qoruyaraq ürəyi sağlam saxladığı isə uzun müddətdir ki, sual altında idi.

"Tapıntılarımız zoğalın aşağı ürək-damar riski olan insanlarda belə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyinə dair tutarlı sübutlar təqdim edir. Bu tədqiqat, həmçinin zoğal istehlakından sonra qanda aşkar edilən spesifik metabolitlərin faydalı təsirlərlə əlaqəli olduğunu göstərir", - deyə ürək-damar mütəxəssisi, professor Kristian Heiss bildirib.

Mütəxəssislər meyvənin şirəsindənsə, çiy şəkildə istehlak edilməsini tövsiyə edirlər.

 

Evdə konserv hazırlayarkən diqqətli olun!

Yay aylarının sonu yaxınlaşdıqca sevdiyimiz bəzi meyvə və tərəvəzlərin də mövsümü başa çatır. Çoxlarımız onları təkcə mövsümündə deyil, qış aylarında da yemək istədiymiz üçün ənənəvi üsullardan istifadə edərək, ev şəraitində konservləşdiririk. Lakin bəzən konservləşdirmə prosesinin düzgün aparılmaması sağlamlığımızla bağlı ciddi fəsadlara gətirib çıxarır. Elə bu səbəblə də mütəxəssislər belə məhsulların tərkibindəki ölümcül bakteriyalar barədə xəbərdarlıq ediblər.

Düzgün hazırlanmayan konservlərin tibbdə Botulizm zəhərlənməsi adlanan qida zəhərlənmələrinə səbəb olma ehtimalının yüksək olduğu bildirilib. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, botulizm Clostridium Botulinum bakteriyasının ifraz etdiyi toksin insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Bu bakteriya yüksək temperatura dözümlü olsa da, havasız mühitlərdə daha fəal şəkildə çoxala bilmək qabiliyyətinə malikdir. Havası olmayan konserv bankaları bu bakteriyanın toksin ifraz etməsi üçün ən "əlverişli" mühitdir. Toksin insan orqanizminə daxil olduqdan qısa müddət sonra qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur.

Botulizm xəstəliyinə yoluxmamaq üçün ev şəraitində konserv hazırlayarkən gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir. İlk növbədə hazırlanan məhsullar yaxşı yuyulmalıdır. Əks halda, yaxşı yuyulmamış meyvə və tərəvəzlərdə torpaqdan həmin məhsullara keçmiş Botulizm törədiciləri qala bilər. Diqqət ediləcək digər bir məqam isə meyvə və tərəvəzlərin yığılacağı bankaların əvvəlcədən yuyulub 10 dəqiqə müddətində qaynadılmasıdır. Bunun üçün istiliyə və təzyiqə davamlı şüşə qablardan istifadə edilməlidir.

İçərisi məhsullarla doldurulmuş bankalar isə 30 dəqiqə müddətində 100°C temperaturda qaynadılmalıdır.

Hazırlanmış konservlərin soyuq yerdə saxlanılması da önəmli şərtlərdən biridir. İstifadə etməzdən öncə konserv bankaların baxışdan keçirilməsi vacibdir.

Çünki qapağı şişmiş konservlərin içərisindəki maye köpüklənibsə, məhsulun rəngində və qoxusunda dəyişiklik varsa, təhlükəlidir.

İnformasiya "Sözcü" qəzetində yayımlanıb.

 

Diabet xəstələrinə şad xəbər

Elm adamları şəkərli diabet xəstələrini sevindirəcək bir ilkə imza atıblar. Belə ki, Kanadanın British Columbia Universitetinin (UBC) alimləri iynədən istifadə etmədən insulini bədənə çatdıra bilən tablet hazırlayıblar.

Diabet - Pankreasın (mədəaltı vəzi) lazımi miqdarda insulin hormonu istehsal edə biləməməsi və ya istehsal etdiyi insulinə qarşı hüceyrə müqavimətinin yaranması nəticəsində baş verən xroniki xəstəlikdir. İnsulin mədəaltı vəzin istehsal etdiyi hormondur, qlükozanı toxumalara daşıyır. Nəticə etibarilə insanın yediyi qidalar qana keçən şəkəri, yəni qlükozanı istifadə edə bilmir və qan şəkəri yüksəlir (hiperqlikemiya). Bu hal uzun müddət sonra bir sıra orqanlarda problemə səbəb ola bilər. Bu səbəblə də Tip 1 diabet xəstələri qan şəkərini idarə etmək üçün gün ərzində müəyyən miqdarda insulin dozası qəbul etmək məcburiyyətindədirlər. Hazırda tətbiq olunan standart müalicə isə gündə bir neçə dəfə kiçik iynələr vasitəsilə edilən inyeksiyalardır. Bu isə təbii olaraq xəstələr üçün narahatedici bir durumdur. Bunu nəzərə alan alimlər qaraciyərə insulinin lazımi dozasını çatdıra bilən həb hazırlayıblar.

"Daily Mail"də yer alan xəbərə görə, artıq hər yeməkdən əvvəl inyeksiyaya ehtiyac olmayacaq. Yeni hazırlanan həb sayəsindən dünyada doqquz milyondan çox Tip 1 diabet xəstəsinin həyat keyfiyyəti və zehni sağlamlığı daha da yaxşılaşacaq.

 

Şokolad zərərlidir, yoxsa faydalı?

Yüz illərdir ki, kakao çəyirdəklərindən müxtəlif cür şokolad növləri istehsal olunur. Bəzi ölkələrdə ona şəkər və süd də əlavə edilərək qablaşdırılır. Son zamanlar aparılan araşdırmaların bəzilərinin nəticələri şokoladın faydalı, bəzilərininki isə onun zərərli olduğunu göstərir. Bəs bunlardan hansına inanaq?

Kakaonun tərkibinə başqa qatqılar əlavə etmədən istehlak etməyin sağlamlıq üçün faydalı olub-olmaması hələ də, müzakirə mövzusudur. Tünd şokoladın ürək sağlamlığına müsbət təsiri ilə bağlı bir çox araşdırmalar aparılıb. Araşdırmalardan birinin nəticələrinə görə, siqaret çəkmək və ya fiziki fəaliyyət kimi bəzi amilləri nəzərə almasaq gün ərzində 100 qram südlü şokolad istehlakı infarkt riskini azaldır.

Başqa bir araşdırmada isə gündə 400-500 qram kakao flavonoidləri olan qida əlavələri qəbul etməyin qan şəkəri və bədəndəki iltihabı azaltdığı üçün ürək xəstəliyi ilə əlaqəli ölüm riskini aşağı saldığı məlum olub.

Harvard Tibb Məktəbinin professoru Coann Mansonun sözlərinə görə, elm adamları həqiqi kakao əvəzinə qida əlavələrindən istifadə edirlər, çünki hər bir şokolad markasında fərqli miqdarda flavonoid konsentratı mövcuddur. O, bu miqdarın emal üsuluna görə dəyişdiyini söyləyir.

Əslində, tünd şokoladda çaydan dörd dəfə çox flavonoid mövcuddur. Lakin araşdırmalar göstərir ki, flavonoidlərin miqdarı istehsal prosesində azalır. Ancaq buna baxmayaraq, bəzi elm adamları şokoladın flavonoid baxımından zəngin olmasına görə onun sağlam pəhrizə daxil edilməsini təklif edirlər.

Tünd şokoladın bilmədiyimiz başqa bir tərkib hissəsi də var: kofeinlə eyni ailədən olan teobromin.

Qərbi İngiltərə Universitetinin professoru Chris Alford deyir ki, teobromin kofeindən daha "yumşaq" təsir göstərir. O, şokoladda süd və başqa qatqıların miqdarı azalıb acılıq səviyyəsi artdıqca bu təsirin daha da gücləndiyini söyləyir.

Digər bir qaranlıq məqam isə tünd şokoladın tərkibində olan doymuş kakao yağının infarkt riskini artırmasıdır. Bu səbəbdən də mütəxəssislər açıq şəkildə şokolad yeməyi tövsiyə etmirlər.

Ümid edirik ki, şokolad həvəskarlarının çaşqınlığına səbəb olan bu mövzu ilə bağlı yaxın günlərdə ortaq bir fikrə gəlinəcək...

İnformasiya "Muhalif" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".