MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ
Maraqlı

MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Şabıt" Qazax Milli İncəsənət Universiteti

Qazaxıstanın Nur-Sultan şəhərində inşa olunan "Şabıt" Milli İncəsənət Universiteti ən böyük və möhtəşəm komplekslərdən biridir. 30 min kvadratmetrdən çox ərazini əhatə edən nəhəng binanın memarı Şoxan Mataibekov öz layihəsində vulkanı simvolizə edib. Onun düşüncəsinə görə yaradıcı fikirlər və yeni ideyalar da vulkan püskürməsinə bənzəyir. 2009-cu ildə tikintisi başa çatan kompleksin rəsmi açılışı Qazaxıstan Respublikasının paytaxtının yaradılmasının 10 illiyinə həsr olunmuşdu.

Üstü əyri şəkildə kəsilmiş konusa bənzəyən bina futuristik görünüşü və genişliyi ilə görənləri heyran edir. Unikal üslubda dizayn edilən sarayda kəskin künclər yoxdur, binanın bütün otaqları mərkəzi hissədə olan oval zalın ətrafında yerləşir. Qeyri-adi forması və interyeri ilə diqqəti cəlb edən tikilinin əsas hissəsi dəmir-beton konstruksiyadan, fasadı isə metal dayaq üzərində quraşdırılan şuşə çərçivələrdən ibarətdir.

Zəngin infrastruktura malik binada müəllim və tələbələrin ixtiyarında təkcə auditoriya və sinif otaqları deyil, həm də böyük kitabxana, musiqi məktəbi, fotostudiyalar, sərgi, konsert, idman və konfrans zalları, kinozal, 4500 tamaşaçı tutumuna malik çoxfunksiyalı zal da fəaliyyət göstərir. Binanın birinci mərtəbəsində müxtəlif tədbirlərin keçirildiyi, ümumilikdə 500-dən çox tamaşaçının yerləşdiyi iki kiçik zal mövcuddur.

Beləliklə, "Şabıt" paytaxtda yeni ideyaların yarandığı, beynəlxalq əlaqələrin möhkəmləndiyi, Qazaxıstanın milli adət-ənənələrinin qorunub saxlandığı unikal məkandır.

 

"Metropol Parasol" Mədəniyyət kompleksi

İspaniyanın Sevilya bölgəsindəki "Metropol Parasol" kompleksi dünyanın ən böyük taxta konstruksiyasıdır. "Şəhərin çətiri" adlandırılan layihənin dizayneri məşhur alman memarı Yorgen Mayer-Hermandır. 2011-ci ildə tikintisi başa çatan binanın yerləşdiyi Plaza de la Encarnasion meydanı əvvəllər bazar yeri idi. Lakin memarın yaratdığı möhtəşəm layihə sayəsində bu meydan şəhərin gözəl məkanlarından birinə çevrildi.

Bir-birini təkrarlamayan 8000 mürəkkəb taxta elementlərdən yığılmış binanın hündürlüyü 26, uzunluğu 150, eni isə 70 metrdir. Xüsusi proqram vasitəsilə hesablanan hər bir panel 3000 yükdaşıyıcı, birləşdirici konstruksiya ilə bir-birinə bərkidilib. 3400 ədəd panelin uzunluğu 16,5 metr, eni isə 68-311 millimetr arasında dəyişir. İspan günəşinin güclü şüalarına tab gətirə bilən xüsusi yapışqandan istifadə edən inşaatçılar taxta hissələri boltlarla deyil, polad çubuqlarla bərkidiblər. İki komponentli poliuretandan hazırlanan və ortoqonal şəkildə quraşdırılan taxta şəbələkələrin üzəri suya davamlı lak ilə örtülüb.

Altı çətirdən ibarət konstruksiya nəhəng göbələkləri xatırladır. Dördmərtəbəli "Metropol Parasol"un yeraltı hissəsində tikinti zamanı aşkar olunan Roma xarabalıqlarının qalıqları olan muzey, birinci mərtəbədə isə mərkəzi bazar yerləşdirilib. Xüsusi olaraq hazırlanan və taxta çətirlərlə kölgələnmiş birinci mərtəbənin dam örtüyü müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. İkinci və üçüncü mərtəbələrdə isə şəhərə açılan möhtəşəm mənzərəli panoramik terraslar, o cümlədən restoran fəaliyyət göstərir.

Memarlığın möcuzəsi olan "Metropol Parasol" şəhər sakinlərinin və turistlərin ən sevdiyi məkandır.

 

"Sevimli Villi" oteli

Daha bir maraqlı bina ABŞ-ın Kottonvud şəhərində inşa olunub. Xarici görünüşü ilə itə bənzəyən tikili hər kəsin ən azı bir dəfə qalmaq arzusunda olduğu otel binasıdır. Evli cütlük Dennis Sullivan və Frances Conklin tərəfindən tikilən bu otel 2003-cü ildən fəaliyyət göstərir. Kiçik emalatxana sahibləri Dennis və Frances itlərə olan sevgisini nümayiş etdirmək üçün qeyri-adi bina tikdirmək qərarına gəlirlər. "Biql" cinsindən olan itləri təsvir edən cütlüyün bu layihəsi qısa zamanda hər kəsin marağına səbəb olur.

"Sevimli Villi" adlandırılan bina şəhərin ən çox ziyarət edilən otellərindən biridir. Ekssentrik görünüşü ilə diqqətçəkən tikilinin hündürlüyü təxminən 10 metrdir. Nəhəng itin yanında tikilən "Tobi" adlı binanın hündürlüyü isə 3,5 metrdir. İkimərtəbəli otelin içərisində yalnız iki yataq otağı var. Daxili interyerin bəzədilməsində it təsvirlərindən istifadə olunub. Oteldə televizor və telefon olmadığı üçün burada dincələn qonaqlar tamamilə hər şeydən uzaqlaşıb sakit və rahat istirahət edə bilirlər. Burada həmçinin cütlüyün hazırladıqları suvenirlər - müxtəlif ölçülü cins itlərin taxta heykəlcikləri satılan mağaza da var.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".