Əbədi ehtiram nümunəsi
Digər xəbərlər

Əbədi ehtiram nümunəsi

Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn baş leytenant Zeynalov İlqar Natiq oğlunun barelyefinin Cəlilabad şəhərinin mərkəzində açılış mərasimi keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, YAP rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidin barelyefi üzərindəki örtük götürülüb, önünə tər qərənfillər düzülüb.

Tədbir iştirakçılarından Maşallah Əliyev, Varid Əsgərov, Elçin Hüseynov, Ağaxan Ağayev, Mirsüleyman Mirxaslı bildirdilər ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid baş leytenant İlqar Zeynalovun şərəfli həyat yolundan danışdılar. Qeyd etdilər ki, şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi.

Azərbaycan Ordusunun baş leytenantı İlqar Zeynalov Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Ağdərənin azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. İlqar Zeynalov 1989-cu il avqustun 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Rafael və Əhməd adında iki oğlu yadigar qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yetirdiyinə görə baş leytenant Zeynalov İlqar Natiq oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Cəlilabadın keçmiş Mirzəli Hüseynzadə küçəsi əbədiləşdirilərək şəhid İlqar Zeynalovun adına verilmişdir.

Şəhidin atası Natiq Zeynalov, əmisi Bayraməli Zeynalov övladları İlqarla və onun kimi igid vətən oğulları ilə hər zaman fəxr edəcəklərini, qürur duyacaqlarını söylədilər. Qeyd etdilər ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrini, onların qayğılarını daim diqqət mərkəzində saxlayır və buna görə ailəmiz adından təşəkkür edirik.

Ərəstun ABDULOV,

"Respublika".