VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ HƏSSASLIQLA YANAŞILIR
Sosial həyat

VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ HƏSSASLIQLA YANAŞILIR

Ölkə başçısı cənab İlham Əliyevin böyük uzaqgörənliklə düşünülmüş, məqsədyönlü siyasəti, Dövlət proqramlarının uğurla icra edilməsi, sosial-iqtisadi islahatların ardıcıl olaraq davam etdirilməsi nəticəsində Azərbaycan dayanıqlı iqtisadiyyata malik bir ölkəyə çevrilmişdir. Bu isə ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına, rifah halının yüksəlməsinə, sabitlik və əmin-amanlıq şəraitində yaşamasına zəmin yaratmışdır.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla görüşmək, onların müraciətlərini dinləmək, problemlərini vaxtında həll etmək üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər sakinləri ilə görüşləri onları razı salır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü sakinlərin arzu və istəyi ilə təşkil olunmuşdu. Görüşdə qarşıda duran problemlərin, insanların həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçiriləcək işlərin rayon icra hakimiyyətinin tədbirlər planında nəzərdə tutulduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Nəsimi, Aydın Məmmədov küçələri boyunca kanalizasiya sisteminin qaydaya salınması istiqamətində görülən işlər başa çatdıqdan sonra bu ərazilərdə əsaslı təmir işlərinin başlanmasına start veriləcək. Sakinlərin rahatlığının təmin olunması üçün hər cür şərait yaradılacaq. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda həyata keçirilən böyük quruculuq işlərindən, insanların öz doğma yurd-yuvalarına qayıdışından, ölkə rəhbəri cənab İlham Əliyevin bu istiqamətdəki qətiyyətli addımlarından bəhs edən şəhər rəhbəri bildirdi ki, bu gün Mingəçevirdə su, qaz, işıq problemi demək olar ki, yoxdur. İnsanların rahatlığı üçün hər cür şərait var. Bugünkü görüşün əhəmiyyəti də ondadır ki, sizin xahiş və tələbləriniz, arzu və istəkləriniz qeydiyyata götürülərək mərhələ-mərhələ həyata keçirilir. Bu, cənab Prezidentin bizə tövsiyə və tapşırığıdır.

Sonra görüş iştirakçıları açıq mikrafondan istifadə edərək öz fikirlərini bölüşdülər.

Sakinlərdən Esmira Əliyeva, Elxan Kərimov, Sevda Salahova, Mələk Tağıyeva, Səmərqənd Süleymanova, Tehranə Zeynalova, Afina Bəkirova, Çingiz Hüseynov, Rəcəb Davudov, Yusif İsgəndərov və başqaları çıxış edərək qarşılaşdıqları probemlərdən danışdılar. Qeyd olundu ki, ərazidəki binalarda istilik sistemi, məhəllələrdə işıqlanma, uşaqların əyləncəsi üçün idman qurğuları, söhbətgahlar, ərazilərdə asfalt örtüyünün yenilənməsi, binaların əsaslı təmiri qarşıda duran əsas problemlərdir. Sakinlərin qaldırdıqları məsələlərə diqqətlə yanaşan şəhər rəhbəri İlham İsmayılov qeyd etdi ki, bugünkü görüşdə iştirak edən icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri qaldırılan problemləri nəzarətə götürməklə mərhələ-mərhələ həllinə nail olmağa çalışacaqlar. Tam əminliklə demək olar ki, yaxın vaxtlarda bu problemlər öz həllini tapacaq.

 Zabit XƏLİLOV,

 "Respublika".