Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Təhqir beynimizdə "sillə" effekti yaradırmış...

Hollandiyalı alimlər mürəkkəb orqanımız olan beynimizlə bağlı maraqlı bir araşdırma aparıblar. Dilşünas Marijn Struiksma və həmkarlarının əldə etdikləri nəticələrə görə, təhqiredici sözlərə məruz qalmaq beyinin aktivləşməsinə səbəb olur. Alimlərin fikrincə, bu, beynimizdə bir növ "sillə" təsiri yaradır.

Beynin təhqirlərə, komplimentlərə və ya neytral sözlərə necə reaksiya verdiyini öyrənməyə çalışan alimlər, eksperiment məqsədilə 79 nəfər iştirakçının baş nahiyəsinə elektrodlar yerləşdiriblər. Təhqiramiz sözlərin və komplimentlərin iştirakçıların şüuruna təsiri beynin elektrik aktivliyinin ölçülməsi ilə qiymətləndirilib.

"Frontiers in Communication" elmi jurnalında dərc edilən araşdırmada təhqirin beynin fəaliyyətində tərifdən daha çox aktivlik yaratdığı ortaya çıxıb. Tədqiqatçılar kobud sözlərin beyinə zərbə kimi təsir etdiyini söyləyirlər. Təhqirin kimə qarşı ünvanlanmasına baxmayaraq, dinləyicilərin beyninin ön hissəsində meydana gələn aktivləşmə azalmayıb. Bundan əlavə, təhqiramiz ifadələrin sayından asılı olmayaraq, onlar təcrübə boyu beynin diqqətini çəkməyə davam edib.

Tədqiqat qrupu, beynin xoş sözlərə qarşı isə sabit bir reaksiya verdiyini müşahidə ediblər. Belə ki, təcrübə zamanı müsbət ifadələr beyindəki dalğaların az bir qismini aktivləşdirib. Əldə edilən nəticələr göstərir ki, beyin xoş sözlərdən daha çox kobud sözlərə reaksiya verir.

Alimlər nəticələrin təsdiqlənməsi üçün gələcəkdə daha genişmiqyaslı eksperimentlərin aparılmasına ehtiyac olduğunu söyləyirlər.


Xəyanət etmək "yoluxucudur"?

Elm adamları bu yaxınlarda xəyanətlə bağlı araşdırma apararaq, ortaya maraqlı bir nəticə çıxarıblar. Üç fərqli araşdırmanın nəticələrinə görə, insanların özlərinə və ya kiməsə xəyanət edilməsindən xəbər tutmaları onları da bu davranışa sövq edir. Bu səbəbdən də alimlər aldatmanın "yoluxucu" ola biləcəyini söyləyirlər.

İnsanların əksəriyyətinin yaxın münasibətdə olduqları dost və ya partnyorlarından qarşılıqlı sədaqət gözləməsi təbii bir haldır. Lakin alimlər aldatmanın düşündüyümüzdən daha mürəkkəb bir davranış olduğunu deyirlər.

Reichman Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar zamanı, aldatma, xəyanətlə qarşılaşan insanların bu davranışa qarşı meyilli olduqları məlum olub. Tədqiqatlar göstərir ki, başqalarının xəyanətinin şahidi olmaq insanlarda partnyorlarına qarşı sədaqəti və bağlılığı azaldır.

140 nəfər iştirakçı arasında aparılan təcrübələrdə, respondentlərə həyat yoldaşlarına xəyanət edən insanların videosu nümayiş etdirilib. Daha sonra isə onları aldadan insanların etiraflarını oxuyublar. Videonu izlədikdən və xəyanət etiraflarını oxuduqdan sonra bəzi iştirakçıların öz partnyorlarına qarşı fikirləri dəyişib. Belə ki, respondentlərin 86 faizi başqalarını daha cəlbedici hesab etdiklərini etiraf ediblər. Qeyd edək ki, faiz nisbəti ilə kişilər qadınlardan daha çox üstünlük təşkil edib.


Misir piramidalarının sirri çözüldü!

Misir piramidalarının necə tikilməsi uzun illərdir ki, sirr olaraq qalırdı. Ağırlığı təxminən 15 ton olan 2,3 milyon qaya parçalarından istifadə edilərək tikilən piramidaların inşasında yadplanetlilərin belə, iştirak etdiyinə dair müxtəlif nəzəriyyələr irəli sürülmüşdü. Bu yaxınlarda mövzu yenidən gündəmə gəlib və yeni bir araşdırma ilə misirlilərin piramidaların tikintisi üçün hansı səbəbdən məhz Giza yaylasını seçmələrinin səbəbi bəlli olub.

Məlum olub ki, Qədim Krallığın 4-cü sülaləsinin fironları bu yeri Nil çayına yaxın və asan keçilən kanala bitişik olduğu üçün seçiblər. Belə ki, tədqiqatçılar Böyük Giza Piramidasının yerləşdiyi ərazidə Nil çayına tökülən Xufu kanalını aşkar ediblər. Qeyd edək ki, sözügedən kanal eramızdan əvvəl 600-cü ildə quruduğu üçün hazırda mövcud deyil.

Mövzu ilə bağlı uzun müddət tədqiqatlar aparan fransalı və misirli arxeoloqlar, Nil çayının bu qolu olmasaydı 4 min il yaşı olan piramidaların inşa edilməsinin mümkün olmayacağını söyləyirlər. "PNAS" jurnalında dərc olunan araşdırmada, qədim misirlilərin həmin dövrün şərtlərinə görə təxminən 15 min ton ağırlığında olan daş blokları 800 kilometr uzaq məsafəyə daşımağının başqa bir yolu olmadığı bildirilib.

Tədqiqatçıların sözlərinə görə, Nil Qədim Misir tarixində sülalə dövrünün sonunda dayazlaşıb, ancaq Xufu kanalından Xafra və Menkaure dövründə gəmiçilik üçün istifadə edilmişdir. Bu da buradan piramidalar üçün tikinti materiallarının daşınması ehtimalını ortaya qoyur.

Qeyd edək ki, Xeops piramidası eramızdan əvvəl III minilliyin ortalarında tikilib. Onun tikintisinə Qədim Krallığın dördüncü sülaləsinin hökmdarlarından biri olan firon Xufu təşəbbüs göstərib. Qədim Misirin bütün böyük piramidaları, o cümlədən Xafra və Menkaure piramidaları, həmçinin məşhur Sfinksin abidəsi bu sülalənin dövründə tikilib.


Yatış formamız ölümdən xəbər verir?

Bəlkə də bəşər tarixində cavabsız qalan ən önəmli suallardan biri də nə zaman öləcəyimizi qabaqcadan bilməməyimizdir. Alimlər hələ ki, bunu təxmin etməyin bir yolunu tapmasalar da, ölümə nə qədər yaxın olduğumuzu öyrənmək üçün müxtəlif araşdırmalar aparıblar. Bu yaxınlarda mövzu ilə bağlı yeni bir araşdırma aparan elm adamları, yuxu zamanı qeyri-adi hərəkətlərin əbədi yuxuya nə qədər yaxın olduğumuzun xəbərçisi ola biləcəyini söyləyirlər.

"Digital Medicine" akademik jurnalında dərc edilən araşdırmada yuxu zamanı insanların çənə, ayaq hərəkətləri, nəfəsalma və ürək döyüntüləri də daxil olmaqla bir sıra anormal yuxu davranışlarını araşdıran alimlər, 12.000 nəticəni bir araya gətiriblər. Ortaya çıxan nəticə təəccüblü olmasa da, diqqət çəkib.

Tədqiqatçılar keçmiş araşdırmaları birləşdirərək yuxu rejimi və keyfiyyətini izləmək üçün model hazırlayıblar. Modelin yaradılmasında maşın öyrənmə texnikasından (süni intellektin sahəsi) istifadə edən elm adamları insan sağlamlığı ilə yuxu keyfiyyəti arasındakı əlaqənin yuxu "yaşını" ortaya qoyduğunu deyirlər.

Məlumdur ki, xəstəliklər zamanı ilk olaraq yuxu rejimi pozulur. Məsələn, Parkinson xəstəliyi olan insanlar simptomların ortaya çıxmasından təxminən 5-10 il əvvəl kabuslar görməyə başlayırlar.

Mövzuya müxtəlif nöqteyi-nəzərdən yanaşan alimlər insanların gecələr yuxudan oyandıqlarını və bunu xatırlamamalarının ölümün ən əsas əlaməti olduğunu söyləyirlər. Onlar bu tip yuxu pozğunluğunun yuxusuzluq və ya yuxu apnesindən fərqli olduğunu deyirlər.

"Yuxunun pozulmasının sağlamlıq üçün niyə bu qədər zərərli olduğunu müəyyən etmək üçün gələcəkdə daha çox araşdırma aparmağı planlaşdırırıq", - deyə tədqiqatçılardan biri, dr. Mignot qeyd edib.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".