İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

İdmançımız gümüş medal qazanıb

Türkiyənin Təkirdağ şəhərində "Süleymanpaşa Cup" beynəlxalq yelkən turniri keçirilib. Turnirdə 8 ölkədən 37 klub, 313 idmançı iştirak edib. Yarışın "Country Cup" qızlar kateqoriyasında Azərbaycan idmançısı Nərgiz Məmmədova gümüş medal qazanıb.

 

Kikboksinq üzrə "Zəfər turniri" yarışı keçiriləcək

Sentyabrın 10-11-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Kikboksinq Federasiyası və "Vətən" klubunun təşkilatçılığı ilə "Zəfər turniri" adlı yarış keçiriləcək. Turnir Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq. Yarışa 25-dən artıq idman klubu və cəmiyyətin komandalarının tərkibində 250-dən çox kikboksinqçinin qatılacağı planlaşdırılır.

 

Azərbaycan millisinin heyəti məlum olub

Sərbəst güləş üzrə Azərbaycan millisinin sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Qeyd edək ki, mundialın sonuncu günlərində sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Dünya çempionatında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcəklər.

 

Dünya çempionatında bu güləşçilərimiz mübarizə aparacaqlar

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının sentyabrın 10-da Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. Yarışda yığmamızın 9 üzvü - Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".