Bəşəriyyətin təkamülü prosesləri və ya Dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya Dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan “Hannibalın məğlubiyyəti - Roma sivilizasiyasının yayılması”nı oxuculara təqdim edirik.

“Respublika”.

Hannibalın məğlubiyyəti - Roma sivilizasiyasının yayılması

Bəşəriyyətin mövcud olduğu bütün dövrlərdə tarixin gedişatını kökündən dəyişdirən bir çox müharibələr olmuşdur. Bu müharibələr saysız-hesabsız insan tələfatına səbəb olsa da, bəşər sivilizasiyasının təkamülünə və tarixin gedişatına böyük təsir göstərmişdir.

Məlumdur ki, tarixdə baş verən bir çox müharibələr özünəməxsus hərbi strategiyaları ilə seçilən böyük sərkərdələrin öz məharətlərini nümayiş etdirməsinə də şərait yaratmışdır. Bəşər tarixində mövcud olmuş belə sərkərdələrdən biri də Roma kimi əzəmətli bir imperiyaya qan udduran karfagenli Hannibal Barkadır. Eramızdan əvvəl 247-ci ildə Karfagendə (indiki Tunis) anadan olan bu sərkərdə, birinci Pun müharibəsinin məşhur qəhrəmanı Hamilkar Barkanın oğludur. İsgəndər və Qay Yuli Sezardan sonra dünyanın ən böyük sərkərdələrindən biri hesab edilən Hannibal, dövrünün ən böyük ordularından birinə və özünəməxsus döyüş taktikasına sahib olduğu üçün tarixdə "strategiyanın atası" kimi tanınır.

Hannibalın bir sərkərdəlik dühasını, hətta Roma tarixçiləri və dövlət xadimləri də etiraf edib və onun cəsarətinə, mətinliyinə, enerjisinə, igidliyinə və döyüş zamanı çevikliyinə yüksək qiymət veriblər.

Roma imperiyası tarixində bu dövləti bir nəfərdən başqa heç bir kənar qüvvə və dövlət məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoya bilməmişdi. Həmin adam Karfagen sərkərdəsi Hannibal idi. Bu hadisə ona görə heyrət doğurur ki, onun arxasında nə güclü bir imperiya, nə də ki ölkə vardı. O, cəmi bir şəhərin - Karfagenin qüvvəsinə və köməyinə arxalanırdı.

Karfagen Aralıq dənizi sahilində qədim ticarət şəhəri idi. Burada məskən salan əhali qədimdən ticarətlə məşğul olub, Cənubi İtaliya, Siciliya və ümumiyyətlə, Aralıq dənizi sahili ölkələri ilə sıx əlaqə saxlayırdı. Əvvəllər onların rəqibləri yox idi. Lakin sonralar Apennin yarımadasında Roma - möhtəşəm bir şəhər sürətlə inkişaf etməyə başladı.

Karfagenin döyüşçü ailəsi olan Barka sülaləsi bir çox müharibələrdə qalib gəlməklə vətəninə böyük töhfələr bəxş etmişdi. Hamilkar Barka İspaniya və başqa ərazilər uğrunda Roma ilə mübarizə apararkən 9 yaşlı oğlu Hannibala məbəddə qatı düşmənləri olan bu dövlətə ömrünün sonuna kimi qan udduracağına and içdirmişdi. Hannibal doğrudan da öz andına sadiq qaldı. Son nəfəsinə kimi yağı düşmənlə vuruşdu. Həm də necə!

Atası öləndən sonra hakimiyyətə gələn əmisi Hasdrubal romalılarla sülh tərəfdarı kimi saziş bağlayıb İspaniyadakı Sagunt şəhərini iki dövlət arasında sərhəd olaraq qəbul etdi. Lakin Hasdrubal öldürüldü. Hakimiyyətə gələn Hannibal əvvəl Sagunt şəhəri ətrafındakı qəbilə və tayfaları fəth etdi. Bu isə o qədər də asan deyildi. Rəqiblərin 100 mindən çox əsgəri vardı. Sagunt şəhərinin əhalisi müdafiə üçün Romaya elçi göndərdi. Lakin Roma senatı qərar çıxarana kimi Hannibal bu böyük və zəngin ispan şəhərini almaq qərarına gəldi. Döyüş zamanı ön cərgələrdə vuruşan Hannibal budundan ağır yara aldı. Bu hücumdan qəzəblənən romalılar Karfagen senatına elçi göndərib müqaviləni pozduqlarına görə Hannibalın onlara verilməsini tələb etdilər. Fəqət rədd cavabı aldılar. Hannibal bu tələbə cavab olaraq Saguntu 8 ay mühasirədə saxladı və daha sonra zəbt etdi.

Bu xəbəri alan Roma bir-birinə dəydi. Güclü və döyüşkən ordunun başında dayanan gənc sərkərdənin Romanın yeni-yeni müstəmləkələrini ələ keçirəcəyinə əmin olan senat Karfagenə müharibə elan etdi. Konsul Publi Korneli Ssipiona İspaniyanı, Tiberi Semproniyə isə Afrikanı müdafiə etmək üçün hərəsinə 6 legion verildi. Elə bununla da ikinci Pun müharibəsi başlandı (Qeyd edək ki, romalılar karfagenliləri "punlar" adlandırdıqlarına görə bu müharibəyə Pun müharibəsi deyilir). Gənc Hannibal romalıları qabaqlamaq və sarsıtmaq üçün ağlasığmaz bir yürüşə - Alp dağlarını aşıb İtaliyaya hücum etmək qərarına gəldi. O, 90 minlik piyada, 12 minlik süvari ordusu və 37 fil ilə keçilməz aşırımları aşıb 5 aylıq çətin yürüşdən sonra Şimali İtaliyaya girdi. Ordusunun yarısını itirsə də, Qalliyadan gələn köməkçi qoşun sayəsində Ssipionun legionları ilə Po çayının sol sahilində toqquşmalı oldu. Döyüşün soyuq bir qış gününə təsadüf etməsinə baxmayaraq, gənc sərkərdə öz cəsur süvarilərinin köməyilə Tilçino və Trebi adlanan yerdə iki dəfə romalılara qalib gələ bildi. Bu görünməmiş hadisə idi. Senat qorxuya düşüb ona qarşı Emiliya Pavel və Terrensi Varronun başçılığı ilə kömək üçün çoxlu qüvvə - 8 legion göndərdi. Bununla da dünya hərb tarixində yeni bir səhifə olan Kanna vuruşması başlandı. Roma sərkərdələri legionlara növbə ilə, hərəsi bir gün komandanlıq edirdi. Onlar döyüş üçün münasib yer kimi Kanna kəndini seçmişdilər. Roma ordusunun sayı karfagenlilərdən iki dəfə çox idi. Buna görə də, Varron qələbə çalacağına çox inanırdı. O, qoşunu sıx cərgələrlə kvadrat şəklində, Hannibal isə qoşunlarını aypara şəklində düzmüş, ortada nisbətən zəif və təcrübəsiz, uclarda isə sınanmış, təcrübəli, döyüşkən süvarilərini və piyadalarını yerləşdirmişdi.

E.ə. 206-cı il avqustun 2-də başlanan döyüşdə əvvəlcə Hannibalın səkkiz minlik seçmə süvariləri sol cinahdan hücuma keçərək romalıların sağ cinahını əzdi və legionların arxasına keçib rəqib süvariləri pərən-pərən saldılar. Bununla da tədricən ayparanın o biri ucu da qovuşdu. Mərkəzdən güclü olan Roma piyadaları da sanki karfagenlilərin işini yüngülləşdirib irəli getdilər. Əvvəlki "aypara" az keçməmiş "nal", az sonra isə dairə şəklini aldı. Beləliklə, dünya hərb tarixində ilk dəfə olaraq mühasirə taktikası tətbiq olundu.

Romalılar bir-birlərini sıxan, əzən kütləyə döndü. Beləliklə, məğlubiyyət nə olduğunu bilməyən Roma legionlarının sırası azalmağa başladı və sutka yarım ərzində 70 minə qədər döyüşçü məhv edildi. Bu, qədim dünya tarixində görünməmiş bir hadisə idi. Lakin bu parlaq qələbədən sonra Hannibal birbaşa Romaya getmək əvəzinə özünə müttəfiqlər axtarmağa başladı. Və beləliklə o, Romaya özünə gəlib yeni qüvvələr toplamağa şans verdi. Belə ki, Hannibal Kapuya şəhərinə çəkilib yeni qüvvələr gözləməyi qərara aldı. Təşəbbüs də bununla əldən getdi. Ümumiyyətlə, insan ağlından və psixologiyasından ziddiyyətli və mürəkkəb heç nə ola bilməz.

Hannibalın köməyinə gələn qardaşı Hasdrubal 207-ci ildə İtaliyada Roma konsulları Livi Salinator və Klavdi Neron tərəfindən məğlub edilib öldürüldü.

Hannibal kömək ala bilmədi. Əksinə, Karfagen senatı onu şəhərin müdafiəsinə çağırdı. Beləliklə, bütün qələbələri faydasız olan Hannibal Afrikaya keçdi. Doğrudur, o, yeni qüvvələr toplaya bildi, amma nədənsə qəlbinə şübhə və tərəddüdlər dolmuşdu. Buna görə də, Ssipiona danışıqlara başlamağı təklif etdi. Amma Ssipion ondan danışıqsız təslim olmağı tələb etdi. Əlacsız qalan sərkərdə döyüşə girməli oldu. E.ə. 202-ci il sentyabrın 15-də Zama adlanan yerdə həlledici toqquşmada ilk dəfə məğlub oldu. Bu məğlubiyyətdən sonra Karfagen aristokratiyası ona düşmən kəsildi və Hannibal suriyalı Antioxun yanına gedib onu Roma ilə mübarizəyə çağırdı. Fəqət, Antiox da məğlub edildi. Romalılara təhvil verilmək təhlükəsini hiss edən Hannibal Krit adasına qaçdı. Orada da həmin təhlükəyə məruz qaldığını görüb e.ə. 183-cü ildə Vifiniyada zəhər içərək intihar etdi.

Uzun illər davam edən müharibə karfagenlilərin məğlubiyyəti ilə başa çatsa da, bu Roma sivilizasiyasının təşəkkül tapmasına və Aralıq dənizinin ən güclü dövlətinə çevrilməsinə səbəb oldu. Bu məğlubiyyət romalılara İspaniyanın gümüş mədənlərini ələ keçirməyə də imkan verdi. Pireney yarımadasının mədənlərindən gələn sərvət seli Romaya axmağa başladı. Qeyd edək ki, karfagenlilərin əvvəldən burada məskən salmasının səbəbi elə bu gümüş mədənləri idi.

E.ə. 133-cü il Aralıq dənizi dünya tarixində ilk dönüş nöqtəsini yaşadı. Buna qədərki era ərzində (264-133-cü illər) Roma qərb və şərq sahillərini işğal etdi. 133-cü ildən sonrakı əsr yarım ərzində, bizim eranın 14-cü ilinə qədər Aralıq dənizi dünyası qədim dövrlərdə heç vaxt görünməmiş, ardı-arası kəsilməyən müharibələrdən əziyyət çəkməyə başladı. Roma sərkərdələri Romanın hegemonluğunu qəddarcasına öz şöhrətləri və maliyyə mənfəətləri hesabına genişləndirirdi. Əyalətlər Romaya qul və axtardığı sərvəti axıdırdı. Bu isə Roma sivilizasiyasının yayılmasına səbəb oldu.

Amma Romanı qarşıda hələ çox sınaqlar, iri müharibələr, ən dəhşətli vətəndaş müharibələri gözləyirdi. Romanın bünövrəsi qoyularkən Bibliyadakı Qabil kimi qardaş qanı tökən Romul elə bil bu şəhərin tarixinə yazmışdı ki, o, qansız keçinməyəcək, öz böyüklüyünü və şöhrətini də qan tökməklə əldə edəcəkdir. Bu müharibələr həm də dünya hərb tarixinə Hannibal kimi dahi sərkərdə və döyüşün aparılmasında ondan qalan Fabi taktikası kimi böyük bir miras bəxş etdi. Hansı ki, bu xüsusi taktika gələcək müharibələrin gedişatında həlledici rol oynadı...

Hazırladı:  Elenora HƏSƏNOVA,

"Respublika".