DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ENTONİ BLİNKEN GÖZLƏNİLMƏDƏN UKRAYNAYA SƏFƏR EDİB

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 8-də Kiyevdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. “Report” agentliyinin verdiyi xəbərə görə, görüş zamanı E.Blinken ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının davam edəcəyini bildirib.

Dövlət katibi, qeyd edib ki, Vaşinqton lazım olduğu müddətcə Kiyevi dəstəkləyəcək. O həmçinin  V.Zelenskini NATO müttəfiqlərinin Ukraynaya 2,2 milyard dollar uzunmüddətli investisiyalar vermək niyyəti barədə məlumatlandırıb.

“Cozef Bayden açıq şəkildə bildirib ki, biz Ukrayna xalqını lazım olduğu qədər dəstəkləyəcəyik. Mən bu mesajı yenidən təkrarlamaq üçün Kiyevdəyəm”, - deyə dövlət katibi vurğulayıb.

Öz növbəsində Ukrayna prezidenti çıxışı zamanı deyib: “ABŞ-ın Ukraynaya maliyyə və hərbi yardımı bu ölkənin bizimlə bir olduğuna çox vacib siqnaldır. Bu, bizim üçün ərazilərimizi, torpaqlarımızı qaytara biləcəyimizin qarantıdır”.

 

DONALD TRAMPIN EVİNDƏ APARILAN AXTARIŞIN MÜZAKİRƏSİ BİTMİR

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evində aparılan axtarışın əks-sədaları davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, “The Washington Post" qəzetinin iddiasına əsasən, Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən ələ keçirilən sənədlər arasında nüvə silahı da daxil olmaqla, adı açıqlanmayan xarici dövlətin müdafiə qabiliyyətinə dair çox məxfi dosye mövcuddur.

Eyni zamanda, nəşr mənbələrin adı açıqlanmayan ölkənin ABŞ tərəfindən dost və ya düşmən kateqoriyasında qəbul edilib-edilmədiyinə dair heç bir məlumat verilmədiyini bildirib.

Məqalədə həmçinin Donald Trampın evində tapılan sənədlərin mahiyyəti ilə bağlı iddialar da yer alıb. İddia olunur ki, sənədlərin bəziləri təkcə “ən məxfi” kateqoriyasına aid edilməyib, həm də gizli əməliyyatların təfərrüatlarını özündə əks etdirir və onları yalnız xüsusi icazəsi olan şəxslər əldə edə bilirlər.

Qeyd edək ki, avqustun 8-də FTB agentləri tərəfindən Donald Trampın Mar-a-Laqodakı evində axtarış zamanı 11 mindən çox rəsmi sənəd və fotoşəkilin tapıldığı açıqlanıb.

 

BALTİKYANI ÖLKƏLƏRDƏN RUSİYA VƏTƏNDAŞLARINA QADAĞA

Estoniya hökuməti Şengen vizası olan Rusiya vətəndaşlarına ölkəsinin ərazisinə girişin qadağan olunması barədə qərar qəbul edib. “Report” agentliyinin məlumatına görə, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Tallinndə hökumətin keçirdiyi mətbuat konfransında çıxışı zamanı bəyan edib.

XİN başçısının sözlərinə görə, sentyabrın 19-da gecə saat 00:00-dan etibarən vizanın verildiyi ölkədən asılı olmayaraq Rusiya vətəndaşlarına tətbiq olunan qadağa qüvvəyə minəcək.

Estoniyanın baş diplomatı çıxışında həmçinin Rusiya vətəndaşlarına müraciət edərək deyib: “Şengen vizası ilə Estoniyaya gəlməyin. Sizi burada heç kim salamlamayacaq”.

Qeyd edək ki, Polşa, Latviya və Litva hökumətləri də Şengen vizası olan Rusiya vətəndaşlarına girişin qadağan olunması ilə bağlı eyni qərarı qəbul edib.

 

BMT-dən ŞİMALİ KOREYAYA NÜVƏ SINAQLARINI DAYANDIRMAQ ÇAĞIRIŞI

BMT Koreya Xalq Demokratik Respublikasını (KXDR) növbəti nüvə sınaqlarından çəkinməyə və Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqlara başlamağa çağırıb. “Report”un verdiyi xəbərə görə, bunu BMT baş katibinin müavini, tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu Baş Assambleyanın iclasında bəyan edib.

“Mən də başqaları kimi, KXDR-ni növbəti nüvə sınaqları keçirməkdən çəkinməyə, Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsinə qoşulmağa və Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə müvafiq tərəflərlə mümkün qədər tez işə başlamağa çağırıram”, - deyə İzumi Nakamitsu vurğulayıb.

Bu ilin əvvəlindən Şimali Koreya 20-yə yaxın raket buraxılışı, o cümlədən qitələrarası ballistik raketin prototipini sınaqdan keçirib.

Eyni zamanda, qeyd edilir ki, Cənubi Koreya və Amerika kəşfiyyatı KXDR-in nüvə sınağı keçirməyə hazırlaşdığını iddia edib.

 

BÖYÜK BRITANIYA KRALIÇASI II ELIZABET  96 YAŞINDA VƏFAT EDIB

Bukingem sarayının yaydığı məlumatda bildirilib ki, Kraliça II Elizabet Balmoral qəsrində (Şotlandiya) vəfat edib. Onun nəşi Londona gətiriləcək.

Britaniya KİV-i qeyd edir ki, II Elizabetin oğlu, keçmiş Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı oldu. 73 yaşlı Çarlz indiyədək Britaniya taxt-tacına keçən ən yaşlı varisdir. Britaniyada 10 günlük matəm elan edilib. Matəm II Elizabet dəfn edilən gün bitəcək. Elizabet 1926-cı il aprelin 21-də York hersoqu və hersoginyasının ailəsində anadan olub. O, taxta 1952-ci il fevralın 9-da çıxıb.

II Elizabetin Britaniya taxtına çıxmasının 70 illiyi 2022-ci ilin iyununda qeyd edilib. Onun idarəçiliyi dövründə Böyük Britaniyada Uinston Çörçilldən tutmuş Liz Trassa qədər 15 Baş nazir dəyişib.

İyulun əvvəlində məlum olub ki, II Elizabet öz vəzifələrinin bir hissəsini şahzadə Çarlza ötürəcək. Monarxın vəzifələrinin siyahısına düzəlişlər on ildə ilk dəfə edilib.

 

MARIYA ZAXAROVA AVROPANIN SIYASƏTINI ÖZÜNƏQƏSD ADLANDIRIB

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropanın siyasətini dağıdıcı və intiharçı adlandırıb.  Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Diplomat qeyd edir ki, ABŞ və Avropa İttifaqı hələ də inanır ki, sanksiyalar tətbiq etməklə və ya öz bizneslərini Rusiya ərazisindən çıxarmaqla ölkəmizi təcrid edirlər. Lakin Rusiya iqtisadiyyatına zərbə vurmaq üçün bütün cəhdlər uğursuzluqla nəticələnir.

Bununla yanaşı, Mariya Zaxarova vurğulayıb ki, Avropa və Amerika biznes strukturlarının Rusiyadan tez bir zamanda ayrılması onların çoxdankı arzusudur. “Tarixən onlar iqtisadiyyatın bütün seqmentlərini özləri üçün ələ keçirməyə çalışıblar, lakin bu, əvvəllər mümkün olmayıb”, - deyə Rusiyalı diplomat bildirib.

 

“F-35” QIRICILARININ TƏDARÜKÜ ÇINƏ GÖRƏ DAYANDIRILDI

ABŞ “F-35” qırıcılarının mühərrikində istifadə edilən maqnitlərdən birinin Çindən gətirildiyini aşkar etdikdən sonra təyyarənin Amerika ordusuna və digər ölkələrə tədarükünü müvəqqəti olaraq dayandırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, əsas istehsalçı olan “Lockheed Martin” korporasiyası təyyarənin turbo mühərrik nasoslarından birində istifadə edilən maqnit ərintisinin Çindən gətirildiyini müəyyən edib.

Açıqlamada qeyd olunub ki, təyyarədə istifadə olunan materialın lazımi qanun və qaydalara uyğun olmasının təmin edilməsi məqsədilə təyyarənin alıcısı olan ABŞ ordusuna və sifarişçi ölkələrə çatdırılması dayandırılıb.

Açıqlamada hazırda təslim olunan və istifadə edilən təyyarələrin bu prosesdən təsirlənmədiyi bildirilib.

ABŞ Müdafiə Departamentinin Müqavilə İdarəetmə Agentliyi avqustun 19-da “F-35” Birgə Qırıcı Təyyarə Ofisinə xəbərdarlıq edib ki, təyyarədə istifadə edilən maqnit  məhz Çindən gətirilən xammaldan istehsal edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.