DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KRALİÇA II ELİZABETİN DƏFN TARİXİ MƏLUM OLDU

Böyük Britaniyada kraliça II Elizabetin vəfatı ilə əlaqədar matəm günləri başlayıb. “Trend” agentliyinin məlumatına görə, matəmin müddəti rəsmi açıqlanmasa da, on iki gün davam edəcəyi gözlənilir.

Verilən xəbərə görə, bu müddət ərzində ölkə ərazisində bayraqlar endiriləcək. Bir sıra idman və mədəniyyət tədbirləri təxirə salınacaq.

Eyni zamanda, bildirilir ki, dövlət bayraqları yalnız sentyabrın 10-da III Çarlzın kral elan edilməsi münasibəti ilə 24 saatlıq ucaldılacaq. Qaydalara görə, mərasim əvvəlki monarxın ölümündən sonra bir sutka ərzində keçirilməlidir. Lakin bu dəfə ənənəyə riayət edilməyib.

Bununla yanaşı, II Elizabetin cənazəsi Bukinqem sarayına aparılacaq və ehtimal ki, beş gün orada qalacaq. Onun dəfn gününün qeyri-iş günü elan olunacağı gözlənilir. Dəfn mərasimi kraliçanın ölümünün 10-cu günündə keçiriləcək.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib.

 

ŞİMALİ KOREYA ÖZÜNÜ NÜVƏ DÖVLƏTİ ELAN EDİB

Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisi nüvə silahı haqqında qanun qəbul edib. “Report”un Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, Şimali Koreya rəhbəri Kim Çen In ölkəsinin nüvə silahından heç vaxt imtina etməyəcəyini bəyan edib.

Məlumata əsasən, qanun nüvə silahının xarici hücumlardan müdafiə məqsədilə profilaktik istifadəsinə icazə verib. “Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq nüvə zərbəsi endirilsin”, - deyə qanunda qeyd olunur.

Qərb mediası yazıb ki, bu yolla Şimali Koreya özünü rəsmən nüvə dövləti elan edib. Kim Çen In ölkə parlamentinin iclasında çıxışı zamanı bildirib ki, ölkənin nüvəsizləşdirilməsi ilə bağlı müzakirələr artıq mənasızdır.

Kim Çen Inın sözlərinə görə, Şimali Koreya heç vaxt nüvə silahından imtina etməyəcək, çünki rəsmi Pxenyan ölkənin müdafiəsini sarsıtmaq və nəticədə hökumətini devirmək üçün “təzyiq” edən ABŞ-a qarşı çıxmaq üçün həmin silahlara ehtiyac duyur.

 

BLİNKEN VƏ STOLTENBERQDƏN TÜRKİYƏ VƏ YUNANISTANA ÇAĞIRIŞ

ABŞ-ın dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Yunanıstanın fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək istədiklərini bildiriblər. “TRT” telekanalının verdiyi xəbərə görə, Blinken və Stoltenberq NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının iclasına qatılıb.

Daha sonra təşkil edilən birgə mətbuat konfransında Blinken məsələyə münasibət bildirib: “Hər iki ölkə ABŞ-ın həyati müttəfiqləri və dostlarıdır. Fikir ayrılıqları mövcuddur. Biz istərdik ki, bu fikir ayrılıqları dialoq yolu ilə konstruktiv şəkildə həll olunsun. Keçmişdə də belə olub. Yenə də bu yolla həll edəcəklərini gözləyirik”.

NATO-nun baş katibi Yens Stoltenberq isə Türkiyə və Yunanıstanı çox dəyərli iki müttəfiq adlandırıb. Onun sözlərinə görə, hər iki ölkə NATO-ya müxtəlif yollarla töhfə verirlər. Baş katib həmçinin əlavə edib ki, Türkiyə və Yunanıstan arasındakı fikir ayrılıqları təbii ki, diplomatik yollarla həll edilməlidir.

Y.Stoltenberq Türkiyə ilə Yunanıstan arasında hər hansı təhlükəli vəziyyətin yaranmasının qarşısını almaq üçün NATO-da gərginliyin azaldılması mexanizminin yaradıldığını və bundan əvvəllər də istifadə edildiyini xatırladıb.

 

DAHA BİR ÖLKƏDƏ MEYMUNÇİÇƏYİNƏ YOLUXMA AŞKARLANIB

İordaniyada meymunçiçəyinə ilk yoluxma aşkarlanıb. “Report” agentliyinin məlumatına görə, bu barədə İordaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, ötən ay Avropanın bir çox ölkəsinə səfər edən otuz yaşlı İordaniya vətəndaşında yüksək hərarət, boğaz ağrısı, limfa düyünlərində şiş, əzələ ağrıları kimi əlamətlər meydana çıxıb.

Xəstənin əvvəlcə boğaz iltihabı diaqnozu ilə müalicə olunduğu, lakin beş gündən sonra üzündə və əllərində dəri qabarcıqlarının əmələ gəldiyi bildirilib.

Qeyd edilir ki, endemik virusun yaratdığı nadir xəstəliklərdən olan meymunçiçəyi Konqo və Qərbi Afrika növü olaraq ikiyə ayrılır. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınmaya səbəb ola bilər.

 

TÜRKİYƏ FİNLANDİYA VƏ İSVEÇIN DAVRANIŞLARINDAN NARAZIDIR

İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün Türkiyə ilə əldə etdikləri razılaşmaları hələ də yerinə yetirməyib. “Sputnik” informasiya agentliyinin türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bəyan edib.

Sədrin sözlərinə görə, rəsmi Ankara Stokholm və Helsinkidən PKK, FETÖ və digər terror təşkilatlarına qarşı tədbir görməsini gözləyir. Lakin o qeyd edib ki, memorandumun imzalanmasından təxminən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, indiyədək heç bir addım atılmayıb.

Bununla yanaşı, siyasətçi əlavə edib ki, Türkiyə ümumilikdə İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüklə bağlı strateji hədəfini dəstəkləyir.

Xatırladaq ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra İsveç və Finlandiya ehtiyat edərək NATO-ya üzv olmaq istəklərini bildiriblər. Yalnız Türkiyə onların alyansa qoşulmasına qarşı çıxıb. Ankara Stokholm və Helsinki qarşısında bir sıra şərtlər irəli sürüb.

 

UKRAYNA RUSİYADAN TƏZMİNAT ALMAQ NIYYƏTINDƏDIR

Ukrayna Rusiyadan azı 300 milyard dollar təzminat almaq niyyətindədir. “Report”un verdiyi xəbərə görə, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska Almaniyanın “Funke” mediaqrupunun nəşrlərinə müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, rəsmi Kiyev BMT Baş Assambleyasında gələcəkdə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının əsas götürülməli olduğu qətnamənin qəbuluna nail olmaq niyyətindədir.

Eyni zamanda “DPA” agentliyi qeyd edib ki, Rusiyanın hərbi əməliyyatı nəticəsində Ukraynaya vurulan zərərin daha çox olduğu təxmin edilir. Buna baxmayaraq, qeyd olunan məbləğ Rusiya Bankının sanksiyalar altında dondurulmuş “G7” ölkələrindəki aktivlərinə uyğundur.

Bildirilib ki, ədliyyə naziri bu vəsaitlərə, eləcə də Rusiya dövlət müəssisələrinin xarici aktivlərinə, həmçinin rusiyalı oliqarxların müsadirə edilmiş əmlaklarına çıxış tələb edib.

Bununla yanaşı, Denis Malyuska əlavə edib ki, Almaniya ölkədə nə qədər Rusiya aktivinin yerləşdiyi barədə də məlumat verməlidir.

 

Aİ İLƏ RUSİYA ARASINDA SADƏLƏŞDİRİLMİŞ VİZA REJİMİ LƏĞV OLUNUB

Avropa İttifaqı Şurası Rusiya Federasiyası ilə sadələşdirilmiş viza rejiminə dair sazişin tam ləğvini təsdiqləyib. “Teleqraf.com”un xəbərinə görə, bu haqda Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur.

“Şura Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsinə dair razılaşmanı tamamilə dayandıran qərar qəbul edib. Müvafiq olaraq, viza məcəlləsinin ümumi qaydaları Rusiya vətəndaşlarına şamil ediləcək”, - deyə bəyanatda bildirilir.

Qərarın sentyabrın 12-də qüvvəyə minəcəyi gözlənilir. Ruslar üçün viza rüsumu 35 avrodan 80 avroya yüksələcək.

Həmçinin, ruslar üçün Aİ ölkələrinə uzunmüddətli və çoxdəfəlik viza almaq daha da çətinləşəcək, birdəfəlik Şengen vizasının səyahət tarixlərinə uyğun verilməsi adi hala çevriləcək.

Qeyd edək ki, sentyabrın 8-də Baltikyanı ölkələr və Polşa rusiyalı turistlərin ölkəyə girişini qadağan edib. Sentyabrın 19-dan etibarən Şengen vizası olan Rusiya Federasiyasının vətəndaşları Estoniyaya da daxil ola bilməyəcəklər. Oxşar addımı Latviya və Litva da atacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.