Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Laçın

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşən, otuz ildən artıq məcburi köçkünlük həyatı yaşayan, bu illər ərzində bircə gün də olsun evlərini, ocaqlarını, dil açıb danışdıqları yerləri unutmayan, son nəfəsində "məni Laçına aparın" deyərək torpaq həsrəti ilə həyata göz yuman doğmalarının, əzizlərinin kədərli xatirəsini unutmayan laçınlıların həyatına sonsuz sevinc, yeni ovqat, yeni həyat qayıdır. Laçının işğaldan azad edilməsi tarixi bir qələbədir və bu möhtəşəm zəfər laçınlıların taleyinə, həyatına, gələcək arzularına yeni bir ruh gətirib, yurd həsrətlərinə son qoyulub. Gənc idmançı Güllü Ağalarzadə Laçını görməyib, ancaq valideynlərinin söhbətlərindən, xatirələrindən onda doğma yurd haqqında təsəvvür yaranıb. Ata-anası Laçın rayonunun Güləbird kəndindən məcburi köçkün düşüb, o, doğma el-oba həsrəti ilə yaşayan ailədə dünyaya göz açıb. Güllü Ağalarzadə Bakı şəhəri 165 saylı məktəbin məzunu, hazırda isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.

Bu yaxınlarda qardaş Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə Azərbaycan komandasının üzvü Güllü Ağalarzadə yüksək nəticələrə layiq görülüb. Belə ki, Güllünün iştirak etdiyi bədii gimnastika komandası qrup hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vətənə qızıl medalla qayıdan Güllünün valideynləri və laçınlılar xoş xəbəri sevinc hissilə qarşılayıblar.

 

Füzuli

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Ağ ölüm bəşəriyyətin qara bəlasıdır" adlı tədbir keçirilib. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsinin nümayəndələri, təhsil işçiləri və icra hakimiyyəti yanında İctimai şuranın üzvləri iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ülkər Bayramlı çıxış edərək, hazırda dünyanı ciddi narahat edən narkomaniyanın ağrılı bir problem olduğunu, ümumbəşəri bəlaya çevrildiyini, həmçinin narkotik vasitələrin yayılmasının qarşısını almaq üçün rayonun hüquq-mühafizə orqanları tərəfindən davamlı işlər aparıldığını diqqətə çatdırıb. Eyni zamanda, rayon icra hakimiyyəti tərəfindən problemin ciddiliyi nəzərə alınaraq hüquq-mühafizə orqanları, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif layihə, tədbir və aksiyaların həyata keçirildiyi qeyd edilib.

Füzuli Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın və Ağsaqqallar Şurasının sədri, həkim Zülfüqar Əliyev çıxışında narkomaniyanın insanların sağlam həyat tərzinə göstərdiyi mənfi təsirlərdən danışıb. Rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis baş leytenantı Emin Nağıyev narkomaniya haqqında geniş məlumat verərək, narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün zəmin yaratdığını bildirib və cəmiyyəti narahat edən mənfi halların qarşısının alınması məqsədilə aparılan mübarizə tədbirlərində hər kəsi əməkdaşlığa dəvət edib.

Tədbirin sonunda Füzuli Rayon İcra Hakimiyyətinin könüllüsü Gülayə Rüstəmzadə hazırladığı "Ağ ölüm bəşəriyyətin qara bəlasıdır" adlı slaydını və bu mövzuda məruzəsini tədbir iştirakçılarına təqdim edib.

Salman ALIOĞLU,

"Respublika".