DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

III ÇARLZ RƏSMİ ŞƏKİLDƏ BÖYÜK BRİTANİYANIN YENİ KRALI ELAN OLUNUB

III Çarlz sentyabrın 10-da rəsmi şəkildə Böyük Britaniyanın yeni kralı elan olunub. “Trend” agentliyinin məlumatına görə, mərasim Londonda Sent-Ceyms sarayında baş tutub.

Mərasimdə ilkin olaraq kraliça II Elizabetin ölümü rəsmi elan edilib. Daha sonra 74 yaşlı Çarlzın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Millətlər Birliyinin rəhbəri olduğu elan edilib. Bu münasibətlə Böyük Britaniyada bayraqlar 24 saat müddətinə yüksəldilib.

Eyni zamanda, Böyük Britaniya kralı III Çarlz xalqa ilk televiziya müraciətində bildirib ki, oğlu Uilyama Uels şahzadəsi titulu verib.

Qeyd edək ki, kraliçanın ölümü ilə əlaqədar Böyük Britaniyada bayraqlar 10 gün müddətinə yarıya endirilib.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Mərhum kraliça 1952-ci il fevralın 9-da taxta çıxıb. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, eləcə də Yamaykanın monarxı olub.

 

Aİ ÖLKƏLƏRİ RUSİYANIN REAKSİYASINDAN EHTİYAT EDİRLƏR

Avropa İttifaqının (Aİ) bəzi ölkələri Rusiya qazına yüksək qiymət həddinin tətbiq olunacağı təqdirdə rəsmi Moskvanın cavab tədbirləri görə biləcəyindən ehtiyat edirlər. Onlar həm də Rusiyanın mavi yanacağın tədarükünü tamamilə dayandıracağından narahatdırlar. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Financial Times” qəzeti Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, Aİ-nin ən azı on ölkəsi bütün tədarükçülər üçün ümumi məhdudiyyətlərin tərəfdarıdır. Bu ölkələrin hökumətləri Rusiya üçün məhdudiyyətlərin rəsmi Moskvanı qəzəbləndirə biləcəyindən narahatdırlar. Belə dövlətlər sırasında Yunanıstan, İtaliya və Polşanın olduğu vurğulanıb, Macarıstan, Avstriya və Hollandiya isə istənilən məhdudiyyətə qarşı çıxır.

“Düzünü desəm, Rusiya çox güman ki, cavab tədbirləri görəcək”, - deyə Yunanıstan baş nazirinin enerji məsələləri üzrə baş müşaviri Nikos Tzafos nəşrə açıqlamasında vurğulayıb.

Eyni zamanda, nəşr qeyd edir ki, Rusiya qazı üçün qiymət həddinin tətbiqi Aİ-yə üzv olan 27 ölkənin hamısının təsdiqi tələb olunacaq, ümumi məhdudiyyəti qəbul etmək üçün isə səs çoxluğu kifayət edəcək.

 

ABŞ BALTİKYANI ÖLKƏLƏRDƏ HƏRBİ MÖVCUDLUĞUNU GENİŞLƏNDİRMƏK İSTƏYİR

ABŞ Baltikyanı ölkələrdə hərbi mövcudluğunu artırmaq niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqon rəhbəri Lloyd Ostinlə estoniyalı həmkarı Hanno Pevkurun telefon söhbətində bildirilib.

Pentaqon rəhbəri təsdiqləyib ki, NATO-nun Madrid sammitində əldə edilmiş razılaşmaya uyğun olaraq, Birləşmiş Ştatlar tezliklə Amerika qoşunlarının rotasiyasını artıracaq, Estoniya və digər Baltikyanı ölkələrdə təlimlər keçirəcək.

Hanno Pevkur isə öz növbəsində qeyd edib ki, Estoniya Ukraynanı həm silahla dəstəkləməyə davam edəcək, həm də hərbi kadrların hazırlanmasını gücləndirəcək.

Bununla yanaşı, estoniyalı nazir vurğulayıb ki, bu, Ukraynanın döyüş meydanında təşəbbüsü ələ almaq üçün real imkan qazanacağı yaxın aylarda xüsusilə vacib olacaq.

 

BMT ŞİMALİ KOREYANIN NÜVƏ SİLAHI İLƏ BAĞLI QƏRARINDAN NARAHATDIR

BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın nüvə qüvvələri haqqında qanunun qəbulundan son dərəcə narahatdır və rəsmi Pxenyanı nüvəsizləşdirmə üzrə danışıqlara qayıtmağa çağırır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu brifinqdə çıxışı zamanı BMT-nin baş katibinin xüsusi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

“Biz bu hesabatları gördük. Təhlükəsizlik doktrinalarında nüvə silahının artan rolu nüvə müharibəsi risklərini azaltmaq və aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyətin onilliklər ərzində göstərdiyi səylərə ziddir”, - deyə BMT rəsmisi vurğulayıb.

Qurum rəsmisi həmçinin bildirib ki, KXDR özünün nüvə proqramı, o cümlədən ballistik daşıyıcı raketlərin inkişafı çərçivəsində BMT Təhlükəsizlik Şurasının bu cür fəaliyyətlərin dayandırılması ilə bağlı qətnamələrini ciddi şəkildə pozur.

Xatırladaq ki, KXDR Ali Xalq Assambleyası sentyabrın 7-8-də keçirilən növbəti sessiyası zamanı nüvə qüvvələri haqqında yeni qanun qəbul edib və bu qanunda qabaqlayıcı nüvə zərbəsi konsepsiyası təsbit edilib.

 

BAYDEN 11 SENTYABRLA BAĞLI FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİNİ UZADIB

ABŞ prezidenti Cozef Bayden ölkədə 2001-ci il 11 sentyabr hadisələrindən sonra elan olunmuş fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, prezidentin Konqresə ünvanladığı bildirişdə ölkədə terror təhlükəsinin qalması ilə əlaqədar fövqəladə vəziyyətin müddətinin uzadıldığı vurğulanıb.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin iki göydələninə edilən terror hücumu nəticəsində 3 minə yaxın insan həlak olmuşdu.

Məlumat üçün qeyd edək ki, 2001-ci il sentyabrın 14-də o zamankı ABŞ prezidenti Corc Buş bir il müddətinə fövqəladə vəziyyət elan etmiş və bu müddət hər il uzadılmışdı.

 

ÇEXİYALI NAZİR:MACARISTAN Aİ-DƏN ÇIXARILA BİLƏR

Macarıstanın Rusiya ilə münasibəti Avropa İttifaqından çıxarılmasına əsas ola bilər. “Report” agentliyinin məlumatına görə, bunu Çexiyanın Avropa məsələləri üzrə naziri Mikulaş Bek bəyan edib.

Nazirin sözlərinə görə, Macarıstan bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib və indi oradan uzaqlaşmaq, yaxud risk edib tullanmaq barədə qərar verməlidir. “Çünki rəsmi Budapeştin mövqeyi Avropa İttifaqı dövlətlərinin mövqeyi ilə tez-tez ziddiyyət təşkil edir, - deyə o vurğulayıb.

Eyni zamanda, Mikulaş Bek yaxın aylarda Macarıstanı Brüssellə razılaşmağa inandırmağı planlaşdırdığını bildirib.

Məlumat üçün qeyd edək ki, Macarıstan Avropa İttifaqının Rusiyadan təbii qaz və neft idxalı ilə bağlı məhdudlaşdırcı tədbirlərinə qarşı çıxır.

 

PAKİSTANDA TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 1400 NƏFƏRƏ YÜKSƏLİB

Pakistanda iyun ayının 14-dən davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1400 nəfərə çatıb. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, musson yağışları nəticəsində 499-u uşaq və 280-i qadın olmaqla 1396 nəfər həlak olub, 12728 nəfər yaralanıb. Aramsız yağışlar 1,7 milyondan çox evə ziyan vurub, onlardan 568 mini tamamilə dağılıb.

Qeyd edilir ki, təbii fəlakət nəticəsində 6674 kilometr yol və 269 körpü dağılıb, 750 min başdan çox kənd təsərrüfatı heyvanı tələf olub.

Həmçinin aramsız yağan yağışlardan 33,4 milyon insan zərər çəkib, 634 min 749 nəfər çadır şəhərciklərinə yerləşdirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.