MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ
Maraqlı

MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Kolizey və ya "Flavian Amfiteatrı"

Romanın gücünün və çoxəsrlik tarixinin simvolu olan Kolizey İtaliyanın ən məşhur yerlərindəndir. Bu möhtəşəm kompleksin inşasına imperator Vespasianın Fələstindəki çoxsaylı qələbələrindən sonra başlanmışdı. Romanın vizit kartı və dünyanın ən böyük arenasının tikintisi 11 il davam etmişdir.

Qədim memarlar o dövrdə ağlasığmaz texnologiyaların tətbiqi sayəsində konveyer üsulu ilə antik dövrün ən möhtəşəm arenalarından birini inşa etmişdilər. Kolizey və ya Flavian Amfiteatrı yalnız ölçüsünün böyüklüyü ilə deyil, həm də mürəkkəb dekorativ və bədii dizaynı ilə fərqlənirdi. 13 metr qalınlığında bünövrə üzərində 1 milyona yaxın kərpicdən tikilən amfiteatrın fasadını bəzəmək üçün mərmər və travertin daşlarından istifadə olunmuşdur. Xarici uzunluğu 524 metr, böyük oxu 187,77 metr, kiçik ox 155,64 metr, arenanın uzunluğu 85,75 metr, eni 53,62 metrdir. Kompleksin hündürlüyü 48 metrdən 50 metrə qədərdir. Hətta qədim memarlar oturacaqların yerləşdirilməsi üçün ən əlverişli meyil bucağını belə hesablamışlar. Amfiteatrın 64 giriş qapısı var idi ki, bu da ictimaiyyətin izdiham yaratmadan qısa müddətdə amfiteatra daxil olmasına imkan verirdi. Bundan əlavə, xüsusi ustalıqla yaradılmış dəhlizlər və pilləkənlər sistemi sayəsində insanlar öz yerlərinə çox tez qalxa bilirdilər.

Minilliklər keçməsinə baxmayaraq Kolizey xarabalıqları hələ də arenanın keçmiş möhtəşəmliyini təsəvvür etməyə imkan yaradır.

 

"Əskinas" bina

Litvanın ikinci ən böyük şəhəri, tarixən ölkənin iqtisadi, elmi və mədəni həyatının aparıcı mərkəzi olan Kaunasda yerləşən nəhəng əskinasın təsvir edildiyi unikal bina Baltikyanı ölkələrin ən cəsarətli və orijinal layihəsidir. Gənc dizayner Rimas Adomaitis binanı Kaunasın mərkəzi küçələrindən birində tikmək istəmiş, lakin layihə təsdiq edildikdən sonra şəhər rəhbərliyi belə bir binanın şəhərin tarixi küçələrinin harmoniyasını pozacağını və köhnə tikililərlə ziddiyyət təşkil edəcəyini bildirərək "Əskinas" binanın şəhərin kənarında ucaldılmasına qərar vermişdi.

Binanın fasadında müxtəlif formalı və ölçülü şüşə plitələrdən olan xüsusi material Hollandiya şirkəti tərəfindən sifarişlə hazırlanıb. Ümumilikdə 4500 şüşə plitədən istifadə edən inşaatçılar bütün elementləri əl ilə yığıblar. Böyük əziyyət və əmək nəticəsində başa gələn binada sözün əsl mənasında pəncərə yoxdur. Tamamilə şüşədən ibarət binanın üzərinə xüsusi örtük çəkilib ki, bu da tikilini şiddətli soyuqdan qorumağa imkan verir. Fasadın bəzədilməsi üçün köhnə əskinasın təsviri təsadüfi seçilməyib. Bu layihə insanlara keçmişin ənənələrini, ölkənin müstəqilliyini və iqtisadiyyatının əsas güclü tərəflərini xatırlatmaq məqsədilə məhz bu şəkildə dizayn edilib. Üzərində 1000 lita təsvir edilən nəhəng "Əskinas" binanın tikintisi 2008-ci ildə tamamlanıb.

Şəhərin prestijli ofis binasında ən böyük və nüfuzlu şirkətlər yerləşir. Baltikyanı ölkənin "iqtisadi ürəyi" olan layihə Kaunas üçün simvolik məna daşıdığından sahibkarlar və iş adamları bu binada çalışmağı özlərinə şərəf bilirlər.

 

"Quançjou" dairəsi

Dünyanın ən qeyri-adi memarlıq abidələrinin yer aldığı Çində inşa olunan "Quançjou" dairəsi adlanan bina italyan memarı Cuzeppe di Pasquali tərəfindən dizayn edilib. Qərb və Çin üslublarını özündə birləşdirən bina şəhərin cənub-qərb hissəsində, Çjutsyan çayının yaxınlığında ucaldılıb. Memar dairəvi binanı dizayn edərkən əslində 2000 il əvvəl bu ərazidə hökmranlıq edən qədim çin imperiyasının simvolu olan və çin mədəniyyətində böyük əhəmiyyət daşıyan 8 rəqəmini təsvir etmək qərarına gəlir. Nəhəng binanın çay sularında əks olunması nəticəsində "qoşa dairə" əmələ gəlir. Beləliklə, Çin xalqı üçün xüsusi məna kəsb edən, sonsuzluğun, sərvətin və firavanlığın simvolu olan 8 rəqəmi ortaya çıxır.

2013-cü ildə tikintisi başa çatan 33 mərtəbəli binanın fasadı tamamilə şüşədən hazırlanmış, yan tərəflər isə şüşə düzbucaqlarla işlənmişdir. Ümumi sahəsi 106.000 kvadramter olan binanın hündürlüyü 138 metr, diametri isə 48 metrdir. Birinci mərtəbədə böyük zal, ticarət mərkəzi, yaşıllıq sahəsi, yuxarı mərtəbələrdə 7 ulduzlu mehmanxana, ofislər, konfrans zalı və birja, 33-cü mərtəbədə isə hətta böyük helikopter meydançası da tikilmişdir. Orijinal dairəvi binanın terasından şəhərin mənzərəsini seyr etmək mümkündür.

Çin inancına görə binanın içindəki dəlik yerin xarici çərçivəsi isə səmanın enerjisini simvolizə edir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".