Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Süni zəka bu dəfə film çəkəcək

Son dövrlər süni intellekt artıq gündəlik həyatımızda tez-tez eşitdiyimiz ifadələrdən birinə çevrilib. Barəsində irəli sürülən fərziyyələr, doğru-yalnış fikirlər, əsla sona çatmayan müzakirələr... Demək olar ki, bu texnologiya artıq kritik bir mərhələyə gəlib çatıb. Bu günə qədər ssenari yazan, mahnı bəstələyən, rəsm çəkən süni intellekt indi də kino dünyasına baş vuracaq. Belə ki, texnologiyanın bir neçə sahəsində özünü sınayan almaniyalı sahibkar Fabian Stelzer süni intellektdən istifadə edərək 70-ci illərin tərzinə uyğun "Salt" (Duz) adlı elmi fantastik filmin çəkilişlərinə başlayıb.

Kino və süni intellekt sahəsində heç bir təcrübəsi olmayan Stelzer filmin çəkilişlərində süni intellektin yaratdığı görüntülərdən istifadə edərək özünü sınamaq istəyir. Birincisi, müəllif neyron şəbəkələrinin onun ssenarisinə uyğun olaraq tamhüquqlu film yaratmağa qadir olub-olmadığını, bu cür mürəkkəblikdə olan böyük həcmli işi ciddi qüsurlar olmadan mənimsəmək qabiliyyətini yoxlamaq fikrindədir. İkincisi isə ssenarinin özü yoxdur, sadəcə süjetin başlanğıcı və ümumi üslubu var.

Sahibkar yaradıcılığını "Duz" adlandırıb. Burada astronavtların planetdəki qəribə maddə ilə macəralarından bəhs edir. Müəllif filmin "rejissor versiyası"nı yaratmağa söz verir, lakin yenə də bu ideyanın tamaşaçıları ovsunlayacağına inanır və ümid edir ki, filmin müxtəlif səhnələrini həyata keçirməkdən ötrü neyron şəbəkələr üçün mətn təlimatlarını tərtib etməyə başlayacaqlar. Süni intellekt ssenarist ola bilməz, lakin o, bir insanın ideyasını son məhsul şəklində reallaşdıran mahir rejissor ola bilər.

"Biz həqiqətən də yeni bir dövrün astanasındayıq. Bu yenilik, fotonun və bəlkə də, yazının ixtirası qədər böyük bir inkişafdır. Məlumdur ki, bütün böyük nailiyyətlər təcrübə ilə başlayır", - deyə sahibkar açıqlama verib.

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

 

Astronavtların qanında DNT mutasiyası tapılıb

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 14 astronavtının qanında DNT mutasiyasının aşkar edildiyi barədə açıqlama verib. Mütəxəssislərin fikrincə, bu, onlarda leykemiya da daxil olmaqla bəzi xərçəng növlərinə yol aça bilər.

"Muhalif" veb saytında yayımlanan xəbərə görə, astronavtların qanında aşkarlanan genetik mutasiyaların əlamətləri kosmosa səyahət etdikdən sonra ortaya çıxıb.

Tədqiqata 1998-2001-ci illər arasında NASA-nın kosmos missiyalarında 12 gündən artıq iştirak edən 14 astronavt qatılıb. Onlardan 85 faizinin kişi olduğu, altı nəfərin isə kosmik agentliyin ilk missiyalarında iştirak etdiyi bildirilib.

Tədqiqatçılar kosmosa uçuşdan 10 gün əvvəl və enişdən üç gün sonra astronavtlardan qan nümunələri götürüblər. Qeyd edək ki, nümunələr mənfi 80 dərəcə Selsidə dondurularaq 20 il ərzində saxlanılmışdır.

"Astronavtlar kosmik radiasiyaların bir çox somatik mutasiyalara səbəb ola biləcəyi ekstremal mühitdə işləyirlər. Bu isə mutasiyaların klonal hematopoezə çevrilməsi riskinin artması anlamına gəlir. Onların qanında aşkar etdiyimiz spesifik mutasiyalar tək bir klondan gələn qan hüceyrələrinin yüksək nisbəti ilə xarakterizə olunur və klonal hematopoez adlanır. Belə mutasiyalar həddindən artıq ultrabənövşəyi, eləcə də digər radiasiya növlərinə, o cümlədən kimyaterapiyaya məruz qalma nəticəsində yarana bilər. Əldə etdiyimiz nəticələr kosmonavtların hazırda xərçəng təhlükəsi ilə qarşı-qarşıya qaldıqlarını deyil, zaman keçdikcə onların kosmosun dərinliklərində daha uzun müddət qalmaları ilə bu riskin artacağını göstərir. Son dövrlər kosmosa tədqiqat və ticarət məqsədilə uçuşların artımını nəzərə alaraq, oradan qayıdanların potensial sağlamlıq risklərini araşdırmağa qərar vermişik", - deyə Nyu-Yorkun Ürək-Damar Tədqiqat İnstitutunun professoru dr. David Goukassian qeyd edib.

 

"Facebook"dan daha bir yenilik

Sosial media platforması "Facebook" bu yaxınlarda daha bir yeniliyi ilə gündəmə gəlib. Belə ki, şirkət yeni ixtirası ilə insan beynindəki düşüncələri deşifrə edərək, onları sözlərə çevirəcək.

"Facebook"un ana şirkəti "Meta" tərəfindən hazırlanmış süni intellekt insan beynindəki fikirləri deşifrə edərək sözlərə çevirir. Şirkətin Fransa üzrə bölməsinin tədqiqatçıları 53 dildə 56.000 saatlıq danışıq qeydlərindən ibarət süni intellektli dil modeli hazırlayıblar. "Daily Star" saytında yayımlanan xəbərə görə, yeni texnologiya fikirlərin 73 faizini dəqiqliklə proqnozlaşdıra bilir.

Sınaqlara cəlb olunmuş 169 könüllünün beyni skan edilərkən onlardan "Alisa möcüzələr ölkəsində" kimi bir neçə klassik cizgi filmlərindən hekayə və cümlələrin dinlənilməsi istənilib. Süni intellekt iştirakçıların beyin siqnallarını ölçərək, onların filmdən nə eşitdiklərini deşifrə etməyi bacarıb. Bu şəkildə könüllülərin beyinləri süni intellektlə qeyd arasında bir növ vasitəçi rolunu oynayaraq, "Meta"ya üç saniyədən daha az bir müddətdə beyin məlumatları üzərində işləmək üçün zaman qazandırıb.

Lakin sistem son dərəcə bahalı bir tətbiq olduğundan klinik məqsədlər üçün istifadəsi hələ ki, mümkün deyil. Tətbiqin istifadəni çətinləşdirən digər əsas məqamlardan biri də süni intellektin məhdud dil nümunəsi üzərində öyrədilməsidir. Bunun səbəbi isə dillərin hədsiz çox olması və müxtəlif formalarda istifadə edilə bilməməsi ilə əlaqəlidir.

 

Xərçəngin qabığından batareya hazırlanıb

Elm adamları xərçəngin qabıqlarından bioloji olaraq parçalana bilən batareya hazırlayıblar. Bu yenilik ətraf mühitin ekoloji cəhətdən çirklənməsinin qarşısının alınmasında əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.

ABŞ-ın Merilend Universitetinin bir qrup alimi sink batareyalar üçün lazım olan elektrolitin xitinin törəməsi - xitosandan əldə edilə biləcəyini kəşf ediblər.

Bu materiala əslində göbələklərdən tutmuş kalamarlara qədər bir çox canlılarda rast gəlinir. Lakin onun ən zəngin qaynağı xərçəngin ekzoskeletidir.

Elektrolitin əldə edilməsi üçün xitosandan istifadə o deməkdir ki, bir neçə ay ərzində batareyanın təxminən üçdəikisi mikroblar tərəfindən parçalana bilər.

Sinkdən hazırlanan batareyalar eyni zamanda ağıllı telefonlardan tutmuş elektrikli avtomobillərə qədər bir çox texnoloji cihazlarda istifadə olunan litium-ion batareyalarına daha ucuz və üstün davamiyyətə malik alternativ təklif edir.

"Çox böyük miqdarda batareya istehsal olunur və istifadə edilir. Bu isə ətraf mühitə zərər verərək ekoloji cəhətdən bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxarır. Ümid edirik ki, gələcəkdə istehsal olunan bütün batareyaların komponentləri bioloji olaraq parçalana biləcək", - deyə Universitetin Materiallar İnnovasiyası Mərkəzinin direktoru, tədqiqat rəhbəri, professor Liangbing Hu qeyd edib.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".