DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TÜRKİYƏ PAKİSTANA YARDIM ÜÇÜN SƏFƏRBƏRDİR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Bu barədə “Report” agentliyi “Haber Global”a istinadən məlumat yayıb.

Verilən xəbərə görə, liderlərin telefon danışığında Pakistandakı sel fəlakəti ilə bağlı son vəziyyət və Türkiyənin yardımı müzakirə edilib.

Eyni zamanda, Ərdoğan Pakistanın sel fəlakəti ilə mübarizəsini yaxından izlədiklərini və qardaşlıq əlaqələrinin tələb etdiyi kimi lazımi dəstəyi vermək üçün Türkiyənin səfərbər olduğunu bildirib.

Türkiyə xalqının pakistanlı qardaşlarının yanında olduğunu bildirən prezident Ərdoğan Pakistana kömək üçün əllərindən gələni etməyə davam edəcəklərini vurğulayıb.

Bununla yanaşı, Pakistanın baş naziri Şahbaz Şərif öz növbəsində Türkiyə dövlətinə və xalqına dəstəyə görə təşəkkür edib.

 

ALMANİYA RUSİYADAN 2,9 MİLYARD AVRO DƏYƏRINDƏ MAL IDXAL EDIB

Almaniya iyul ayında Rusiyadan 2,9 milyard avro dəyərində mal idxal edib. “Teleqraf.com”un məlumatına görə, enerji resurslarının bahalaşması Almaniyanın Rusiya ilə ticarətini dayandırmaq cəhdlərinə mane olub. 

Almaniya Federal Statistika Xidmətinin açıqlamasına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında Almaniyanın Rusiyadan idxalının dəyəri 10,2 faiz artıb. Qurum bunu əsasən energetika sektorunda qiymətlərin baha olması ilə əlaqələndirib.

Eyni zamanda, bildirilir ki, Rusiya qazının tədarükünün kəsilməsi Avropanın ən böyük iqtisadiyyatında ev təsərrüfatları və biznes sektorları üçün elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olacaq.

Xidmətdən verilən məlumata görə, iyulda Almaniya Rusiyadan 1,4 milyard avro dəyərində xam neft və təbii qaz idxal edib ki, bu da ötən illə müqayisədə 1,6 faiz çoxdur.

 

FRANSADAN UKRAYNADAKI AES-LƏ BAĞLI ÇAĞIRIŞ

Fransa “Zaporojye” AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinin tərəfdarıdır. “Report”un verdiyi xəbərə görə, bu barədə Fransanın energetika naziri Aqnes Panye-Ryunaşe “RTL” radiostansiyasının efirində bəyan edib.

“Biz Zaporojye AES ərazisinin hərbsizləşdirilməsini qətiyyətlə tələb edirik. Bu, kollektiv şəkildə həll edilməli olan mühüm məsələdir”, - deyə Fransanın energetika naziri vurğulayıb.

Eyni zamanda, Aqnes Panye-Ryunaşe qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron sentyabrın 10-da ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Parisin mövqeyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 11-nə keçən gecə “Zaporojye” Atom Elektrik Stansiyasının sonuncu - altıncı bloku da dayandırılıb. Hazırda AES-in soyudulması prosesinə hazırlıq görülür. “Zaporojye” AES-nin Ukrayna elektrik şəbəkəsi ilə bütün bağlantılarının bölgədəki döyüşlər səbəbindən zərər gördüyü qeyd edilir.

“Zaporojye” AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Enerqodarda yerləşən AES hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.

 

DÜNYADA 50 MİLYONA YAXIN İNSAN QUL ƏMƏYİNƏ CƏLB OLUNUR

Dünyada hazırda 50 milyona yaxın insan qul vəziyyətində saxlanılır. “Trend”in məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatının birgə hesabatında bildirilir.

Qeyd olunur ki, 27,6 milyon insan zorakı əməyə, 22 milyon insan isə zorakı nikaha məruz qalıb. 2016-cı ildən bəri bu göstəricilər ümumilikdə 9,3 milyon nəfər artıb.

Bununla yanaşı, hesabata əsasən, zorakı əməyə cəlb etməyə görə Asiya liderlik edir.

“Bu regionda 15,1 milyon insan əməkhaqqının sistemli şəkildə gecikdirilməsi, işdən çıxarılma təhdidi kimi üsullarla qul əməyinə cəlb olunur”, - deyə hesabatda vurğulanır.

Eyni zamanda zorakı nikaha cəlb olunma daha çox Asiya-Sakit okean regionunda (14,2 milyon nəfər) qeydə alınır.

 

II ELİZABETİN VƏFATIDAN SONRA MÜSTƏQİLLİK MÜZAKİRƏLƏRİ ARTIB

Böyük Britaniya kraliçası II Elizabetin vəfatı onun rəhbərlik etdiyi Avstraliya və Yeni Zelandiyada respublika idarəçilik forması ilə bağlı müzakirələri yenidən canlandırıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Yeni Zelandiyanın baş naziri Casinda Ardern ölkəsinin əvvəl-axır respublikaya çevriləcəyinə inandığını diqqətə çatıdırıb.

Avstraliyanın baş naziri Entoni Albaniz yenidən seçiləcəyi təqdirdə monarxiya idarəçilik üsulundan uzaqlaşmaq üçün referendum keçirəcəyini bildirib.

II Elizabetin ölümündən sonra Karib dənizindəki Antiqua Barbuda adasında da monarxiyanı tərk edib respublikaya çevrilmək barədə müzakirələr gündəmə gəlib. Antiqua Barbudanın baş naziri Qaston Braun bu məsələ ilə bağlı üç il ərzində referendum keçiriləcəyini bəyan edib.

Xatırladaq ki, Böyük Britaniyadan başqa, II Elizabet həm də Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka və Papua Yeni Qvineya da daxil olmaqla, bir sıra irili-xırdalı ölkələrin dövlət başçısı idi.

 

ÇİN LİDERİ PANDEMİYADAN BƏRİ İLK XARİCİ SƏFƏRİNƏ HAZIRLAŞIR

Çinin dövlət başçısı Si Cinpin sentyabrın 14-16-da Qazaxıstan və Özbəkistana səfər edəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu, Çin liderinin “COVID-19” pandemiyası səbəbindən sərhədlərin bağlanmasından bəri ilk rəsmi xarici səfəri olacaq.

Bildirilir ki, Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində iştirak edəcək.

Məlumata əsasən, Çin lideri bölgə ölkələrinə səfərləri çərçivəsində Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə görüşəcək.

 

EFİOPİYA YENI 2015-CI İLƏ QƏDƏM QOYUB

Öz təqvim və vaxt sistemindən istifadə edən Şərqi Afrika ölkəsi olan Efiopiya yeni 2015-ci ilə qədəm qoyub. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Eyni zamanda, Efiopiyada ilin “Enkutataş” adlanan ilk günü həm də yağışlı mövsümün sonu və məhsul yığımı dövrünün başlanğıcı hesab olunur.

Bildirilir ki, Qriqorian təqvimindən 7 il 8 ay geri qalan Efiopiya təqvimi dini təqvim olmaqla yanaşı, dövlət tərəfindən bütün rəsmi işlərdə istifadə olunur.

Eyni zamanda, fərqli vaxt sistemindən istifadə olunan ölkədə gün 00:00-da deyil, saat 06:00-da başlayır. Bir gün iki fərqli 12 saatlıq seqmentdən ibarət olsa da, birinci saat qurşağı 06.00-da, ikinci zona isə 18:00-da başlayır.

Efiopiya təqvimində 12 ay 30 gündən ibarətdir, 12-ci aydan sonra isə 5-6 gündən ibarət 13-cü ay da var. Bu təqvimə görə yeni il sentyabrın 11-i və ya 12-si daxil olur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.