İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Cüdoçularımız üçüncü yerdə qərarlaşıb

Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən açıq Avropa turnirində 6 medal qazanıb. Cüdoçularımız 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Azərbaycan medal əyarına görə ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

Turnirdə 100 kiloqram çəki dərəcəsində final görüşündə Azərbaycan cüdoçuları üz-üzə gəliblər. Məmmədəli Mehdiyevi məğlub edən Zelim Kotsoyev qızıl medal qazanıb. M.Mehdiyev isə gümüş mükafatla kifayətlənib. Daha 2 gümüş medala Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) sahib olublar. Bürünc medalları yığmamıza Səid Mollayi (81 kq) və Uşangi Kokauri (+100 kq) qazandırıblar.

 

Dünya çempionatına yekun vurulub

Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik üslubda kəmər güləşi üzrə dünya çempionatı keçirilib.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının idmançısı - Camal Feyziyev (+100 kq) həm klassik, həm də sərbəst üslubda bürünc medal qazanıb. Bundan başqa, klassik üslubda Gözəl Zutova (76 kq), sərbəst üslubda isə Ariz Hüseynov (62 kq) və Səbinə Həmzalova (52 kq) da bürünc mükafata layiq görülüblər.

Güləşçilərimizdən

daha 3 medal

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri daha 3 medal qazanıblar.

Güləşçimiz Taleh Məmmədov (63 kq) bürünc medal uğrunda mübarizədə Qraçya Poqosyanı 10:4 hesabı ilə üstələyərək dünya üçüncüsü olub.

Həsrət Cəfərov bürünc medal uğrunda mübarizədə rəqibinə 8:2 hesabı ilə qalib gəlib və bürünc medala layiq görülüb. Arif Niftullayev (97 kq) rəqibini 2:1 hesabı ilə üstələyərək bürünc medala yiyələnib.

Daha əvvəl isə yunan-Roma güləşçilərimiz Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş medal qazanıb.

 

Usta cüdoçularımızdan uğurlu nəticələr

Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.

Çempionatda 60 ölkədən 837 (743 kişi, 94 qadın) veteran cüdoçu qüvvəsini sınayıb. 5 dəst medal qazanan cüdoçularımız çempionatı ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yerdə başa vurublar. Yığmamız yarışlarda 7 yaş kateqoriyası üzrə 31 idmançı ilə təmsil olunub və 5 qızıl, 5 gümüş, 5 bürünc olmaqla 15 medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".