DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ Aİ-nin RUSİYA İLƏ BAĞLI MÖVQEYİNdƏn NARAHATDIR

ABŞ hakimiyyəti Avropa İttifaqının enerji böhranının təsiri altında Rusiya ilə bağlı mövqeyinin dəyişəcəyindən ehtiyat edir. Bu barədə “Sputnik” informasiya agentliyi “CNN” telekanalına istinadən xəbər verib.

Telekanalın məlumatına görə, hazırda Avropada real parçalanma riski mövcuddur. Bunun nəticəsində avropalı vətəndaşlar “Qərbin Rusiyanın iqtisadi təcridi strategiyasına qarşı üsyan edə bilərlər”. Bildirilir ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Avropada ictimai iğtişaşların və siyasi qeyri-sabitliyin qarşısını almaq niyyətindədir. Telekanalın həmsöhbətləri qeyd ediblər ki, Avropada vəziyyət hava şəraitindən asılı olacaq. Belə ki, əgər qış fəsli isti keçərsə, qaz ehtiyatı kifayət edə bilər.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya Almaniyada bütün avroməkanın iqtisadiyyatını çökdürə biləcək enerji böhranının dağıdıcı nəticələri barədə xəbərdarlıq edib.

 

UKRAYNA BALLİSTİK RAKETLƏR ALMAQ NİYYƏTİNDƏDİR

Ukrayna silah tədarükü üçün ABŞ-a yeni sorğu göndərmək niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri ABŞ Konqresinin üzvlərinə artıq təqdim olunmuş sənədlərin siyahısına istinadən məlumat yayıb.

Eyni zamanda, verilən xəbərə əsasən, söhbət, xüsusən, 300 kilometrə qədər mənzilli “ATACMS” raketlərindən, həmçinin tanklar, dronlar və artilleriya sistemlərindən gedir. Ümumilikdə siyahıya 29 növ silah daxildir. Bundan əlavə, siyahıda “HIMARS” reaktiv yaylım atəşi sistemi və “Harpoon” gəmi əleyhinə raket sistemləri üçün 2 min mərmi də var. Sənəddə qeyd edilir ki, rəsmi Kiyev bu silahlardan 2023-cü ildə hərbi əməliyyatlar üçün istifadə etmək niyyətindədir.

Məlumat üçün qeyd edək ki, “ATACMS” tipli raketləri ballistik raketlərin alt sinif silahlarıdır. Raketlər yüksək dəqiqliyi və idarə olunması ilə seçilir. Xüsusilə o, uçuş zamanı korrektə olunur və nişan alınmış nöqtəyə yönəldilir. Ona görə də onun hədfədən kənarlaşması belə cüzidir.

 

İKİ ÖLKƏ “GOOGLE”dan 25 MİLYARD AVRO TƏZMİNAT TƏLƏB EDİR

Böyük Britaniya və Niderland “Google” texnologiya şirkətindən öz ölkələrində rəqəmsal reklam fəaliyyətlərinə görə 25 milyard avroluq təzminat tələb edirlər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Brüsseldə yerləşən “Geradin” hüquq şirkətinin qurucusu Demien Geradin sosial media hesabında Böyük Britaniya və Niderlanddakı müxtəlif hüquq firmalarının ABŞ-da yerləşən “Google” firmasına qarşı birgə təzminat iddiası qaldıracaqlarını bildirib. “Reklam texnologiyası sektorunda rəqabətə zidd davranışına görə “Google”dan 25 milyard avroya qədər təzminat istəyirik. “Google” yerli və milli media kimi müxtəlif yayım şirkətlərinə vurduğu ziyana görə ədalətli təzminat ödəməlidir. Yayımçılar “Google”dan son illər əldə etməli olduqları reklam gəlirlərini tələb edəcəklər”, - deyə hüquq şirkətinin rəhbəri açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Avropa İttifaqı 2019-cu ildə "Google"u "AdSense" reklam xidmətində bazar hökmranlığından sui-istifadə etdiyinə görə 1,49 milyard avro cərimələmişdi.

 

RUSİYADA UKRAYNAYA MƏLUMAT ÖTÜRƏN CASUS SAXLANILIB

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində müdafiə zavodunun əməkdaşını dövlətə xəyanətə görə saxlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, saxlanılan şəxs hərbi aviasiya texnikasının detallarının cizgilərinin fotoşəkillərini Ukraynaya ötürüb.

“Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaqla Ukraynaya məlumat ötürən Rusiya vətəndaşını dövlətə xəyanətdə təqsirli bilib”, - deyə məlumatda bildirilir. Eyni zamanda, verilən xəbərə əsasən, saxlanılan şəxs təyyarə zavodunun keyfiyyət direktoru vəzifəsində çalışıb. Həmçinin bildirilir ki, tamamilə məxfi qeyd olunan texniki sənədlərə giriş əldə edən Moskva vilayətinin sakini mobil telefondan istifadə edərək hərbi aviasiya texnikasının detallarının cizgilərinin fraqmentlərinin fotoşəkillərini çəkərək bu materialları Ukrayna vətəndaşına - Odessaya ötürüb.

Saxlanılan şəxsə qarşı cinayət işi başlanıb, o dövlətə xəyanətdə ittiham edilir və barəsində həbs qətimkan tədbiri seçilib.

 

AFR-in MÜDAFİƏ NAZİRİ: AVROPANIN QABAQCIL HƏRBİ GÜCÜ OLMAĞA MƏCBURUQ

Almaniya Federativ Respublikasının beynəlxalq arenada tutduğu mövqe onu Avropanın ən qabaqcıl hərbi qüvvəsinə çevirməyə məcbur edir. “Report”un xəbərinə görə, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext bəyan edib.

“Bu, bizim geosiyasi yerimizlə, iqtisadi gücümüzlə, bir sözlə, əhəmiyyətimizlə bağlıdır. Bu, istər-istəməz hərbi sahədə bizi lider gücə çevirir”, - deyə nazir vurğulayıb. Eyni zamanda, nazir bildirib ki, rəsmi Vaşinqton Avropanın müdafiəsi üçün əsas qüvvə olaraq qalacaq, lakin ABŞ və Çin arasında artan gərginlik, Amerikanın diqqətini Hind-Sakit okean regionuna dəyişməsi, eləcə də Ukrayna ətrafındakı vəziyyət Avropa ölkələrinin özlərini təhdidlərə qarşı təkbaşına müdafiə etməyə hazır olmalarını tələb edir. Almaniyanın müdafiə naziri həmçinin rəsmi Berlinin Ukraynaya tank verməkdən imtina məsələsinə də toxunub. Nazir iddia edir ki, indiyədək heç bir dövlət Kiyevə Qərb istehsalı olan piyada döyüş maşınları və ya döyüş tankları göndərməyib.

 

BMT ƏFQANISTANDA ƏMƏKDAŞLARININ TƏQİBİNI TƏNQID EDIB

BMT-nin Əfqanıstana Yardım Missiyası  təşkilatın qadın əməkdaşlarının “Taliban” hərəkatının təhlükəsizlik qüvvələri tərəfindən təqib edilməsi hallarından narahatdır. “Report”un “Interfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın məlumatında qeyd olunur.

Bildirilir ki, Əfqanıstandakı de-fakto hakimiyyət BMT-nin əfqanıstanlı qadın əməkdaşlarını, o cümlədən təşkilat üçün çalışan üç əfqan qadını təqib etməyə başlayıb.

Eyni zamanda, açıqlamaya əsasən, “Taliban”ın təhlükəsizlik sahəsində çalışan agentləri həmin əməkdaşları dindirib və saxlayıb.

Bununla yanaşı, BMT missiyası təşkilatın əfqan qadın əməkdaşlarına qarşı belə hədə-qorxu və təqiblərə dərhal son qoymağa çağırıb.

 

UKRAYNADA “BAYKAR” ZAVODU TİKİLƏCƏk

Türkiyənin “Baykar” hərbi şirkəti Ukraynada pilotsuz təyyarələrin istehsalı və inkişafı mərkəzinin yaradılması layihəsinin icrası üzərində işləməyə davam edir. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, Ukraynada inşa ediləcək zavodun maketi artıq hazırdır. Zavodun inşasına 2023-cü ilin sonunda başlanılacaq.

Ukraynanın “Defence Express” nəşri xəbər verir ki, mərkəzin Ukraynadakı ümumi sahəsi təxminən 30 min kvadratmetr, ukraynalı mühəndis və texniki işçilərin sayı isə 300 nəfərdən çox olması nəzərdə tutulur.

Eyni zamanda, qeyd edilir ki, sözügedən  zavod həm də pilotsuz təyyarələr istehsalını həyata keçirəcək. Burada “Bayraktar TB2”, “Akıncı”, “Kızılelma” və şirkətin digər məhsulları da istehsal olunacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.