Atlara maraq artıb
Digər xəbərlər

Atlara maraq artıb

Bu günlərdə sosial şəbəkələrdə maraqlı süjetə rast gəldim; Gəncə bazarında at satırdılar. Xoş görüntü idi; atın yaşını soruşur, yerişinə, qaçışına baxır, sağlamlığını yoxlayır, cinsi ilə maraqlanırdılar. Süjetdən görünürdü ki, ötən əsrlərdə müharibələrə, sonralar yükdaşımalarına, digər xidmətlərə, ən başlıcası miniyə etibarlı vasitə olan atlara maraq yenidən artıb. Alıcı fikirləri daha çox diqqət çəkirdi: "Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı azad olunub. Köçümüz bu rayonlardakı yaylaqlara səpələnmişdir. Gələcəkdə yaylaqların hamısına köç çıxaracağıq. Yaylaqlarda isə atsız keçinmək olmur. Bir də ki, Qarabağı geri almışıq, Qarabağ atları indi bizə daha əzizdir".

Süjetə tamaşa etdikdə, istər-istəməz bizim bölgədə - Mərkəzi Aranda uzun illər atçılıq təsərrüfatı ilə məşğul olan fermer Namil Vəlişovu xatırladım. Onun fermasında 30-40 baş at bəslənilirdi. Arasında hər cür cins var idi. Özü "Dilbaz" atlara xüsusi üstünlük verirdi. Namil deyirdi ki, at saxlamaq digər heyvanlara nisbətən xeyli çətindir. Ayrıca mehtər axtarıb tapmaq lazım gəlir. Yeminə, suyuna diqqət yetirmək, sağlamlığının qeydinə qalmaq vacib şərtlərdir.

Namil bazara at çıxartmırdı. Çoxunu dostlara, tanışlara pay verirdi. 10-15 il bundan əvvəl Sabirabad rayonunda keçirilən cıdır yarışını indi də xoş hadisə kimi xatırlayır. Həmin yarışda qalib olan kəhəri uzun illər təsərrüfatda qoruyub bəslədi. Başqa bir at - madyan isə özünün dediyi kimi, uzun ömür-36 il yaşayıb, nə az, nə azacıq, 19 bala verib.

Təsərrüfatda atların baş sayını azaltdığına görə fermer təəssüf hissi keçirir və yaxın gələcəkdə sayı artırmaq barədə fikirləşir:

- Doğma torpaqların düşmən işğalından azad olunması hamımıza böyük ruh yüksəkliyi bəxş edib. Bəli, bizim yaylaqlara çoxlu cins atlar lazım olacaq. Atalar sözü var: "at muraddır", şükürlər olsun ki, illərlə qoruyub saxladığımız, hər çətinliyinə, zəhmətinə, qayğısına dözdüyümüz atlarla lap yaxın gələcəkdə doğma yerlərə səfər edib muradımıza çatacağıq.

Atlar barədə nə bilirik? İstər-istəməz bu qiymətli varlıq haqqında bilgilər əldə etməyə çalışdıq. Atlar haqqında məlumat əldə etmək həqiqətən maraqlıdır. Çünki bu möhtəşəm varlıqların hər zaman insan həyatında rolu böyükdür. Atlar minik vasitəsi kimi, döyüş meydanında yaxın silahdaşımız kimi, dostumuz kimi daim yanımızda olur. Bir-birindən gözəl at cinsləri vardır. Atlar haqqında məlumat toplayaraq onları daha yaxından tanıyaq.

At Monolitlərin çoxnövlü ailəsidir. Onlar incə, çevik, bədənləri tüklərlə örtülmüş, ayaqları uzun və güclü olan canlıdır. Çox inkişaf etmiş və qalın dırnaq olan orta barmağının üstündə gəzirlər. Digər barmaqlar kiçilmiş, yox olmuşdur. Otla qidalandıqları üçün kəsici dişləri uzun, üyütmə azı dişləri iri səthlidir. Onların köpək dişləri yoxdur. Onların ilk əcdadları Avropa və Amerikada olduğu halda, sonra Avropadakıların nəsli kəsilmiş və yalnız Amerikadakılar qalmışdır. O, Amerikadan Asiya və Avropaya keçib və bu günümüzə qədər gəlib çatmışdır.

At dördayaqlı şabalıdlı, qara, ağ, boz rənglərdə tüklərə sahib, iti qaça bilən canlıdır. Hamiləlik müddəti 11-13 ay olan atın yaşını dişlərinin, xüsusən də azı dişlərinin aşınmasından anlamaq olar. Atların bədən quruluşlarına, sürətli və uzun sürmə qabiliyyətinə, yükdaşıma qabiliyyətinə görə; onlar istiqanlı atlar və ya minik atları, soyuqqanlı atlar və ya qoşqu atları olaraq iki qrupa bölünürlər. Ən məşhurları ərəb atları və ingilis atlarıdır. Əsasən bu atlardan qoşqu atları kimi istifadə olunub. Texnologiyanın inkişafı atın qoşqu heyvanı kimi istifadəsini azaltmışdır.

Atların əcdadlarının Şimali Amerikadan gəldiyi məlumdur. Dovşan və ya it boyda olan bu ilk atların indi nəsli kəsilib. Atların Asiya və Avropaya ikinci gəlişi 10 milyon il əvvələ təsadüf edir.

Daha sonra öyrənirik ki, Şimali Amerika vəhşi atlarının birbaşa qohumları Avrasiya vəhşi atlarıdır. Bu atlar öz yarımnövləri ilə birlikdə Monqolustandan Qərbi Avropaya qədər uzanan bölgələrin çöllərində və meşələrində yaşayırdılar. Təxminən zebra boyda idilər. Ön və arxa ayaqlarının dırnaqları geniş, uzun tüklü quyruqları olan, boz və tünd qəhvəyi dərisi, qara yal və quyruğu olan vəhşi atlardan Avropa və Monqol vəhşi atları əmələ gəlmişdir.

Eramızdan əvvəl 4 min və 3500-cü illərdə Orta Asiyada yaşayanlar atı əhilləşdirsələr də, şumerlər, babillilər, israillilər və misirlilər ev atı əhilləşdirməsi ilə bağlı yetəri qədər bilik və bacarıqlara sahib deyildilər. Ev atı yalnız eramızdan əvvəl 2-ci əsrdə Hind-Avropa döyüş cəmiyyətlərinin meydana çıxması ilə tanındı. Zamanla o, qoşqu və döyüş atı kimi istifadə olunmağa başladı. Dünyanın ilk atçılıq icmaları skiflər və kimmerlərdir. Bu sırada Aralıq dənizi bölgəsi cəmiyyətləri atlardan faydalanmağa başladı. O vaxta qədər eşşəyi və dəvəni minik heyvanı kimi bilən bu toplumlar ərəb atlarının əcdadı olan at növünü yetişdirmişlər.

İndiki atların əcdadları monqol və Avropa çöl atları hesab olunur. Ağır, güclü və sümüklü Prjevalski atları soyuqqanlı cinslərdəndir. Başqa bir araşdırmada 5 yabanı növdən bəhs edilir. Şimali Avropa dağ atları, Avropa meşə atı, Tarpans, Fars dağ atları və Monqol vəhşi atı. İndiki at cinsləri boylarına görə bölünür.

Bunlar atlar haqqında bilgilərin hamısı deyil. Əsas odur ki, təsərrüfatlarda sayı azalan, hətta nəsli kəsilməkdə olan atlara Böyük Qələbəmizdən sonra maraq artmışdır.

Tofiq HÜSEYN,

"Respublika".