DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QIRĞIZISTAN PREZİDENTİ SƏRHƏDDƏKİ VƏZİYYƏTLƏ BAĞLI AÇIQLAMA verib

Qırğızıstan prezidenti Sadır Japarov sosial şəbəkələrdə Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurma ilə bağlı paylaşım edib. “Report” agentliyinin məlumatına görə, o bildirib ki, Qırğızıstan tərəfi Tacikistanla sərhəd məsələsini mümkün qədər tez həll etməyə çalışır.

“Özbəkistanla sərhəd məsələləri praktiki olaraq həll olunub, Tacikistanla isə hələ də gündəmdədir. Tarix göstərib ki, sərhəd məsələsi səbir və diqqətli yanaşma tələb edir. Bu, çətin prosesdir”, - deyə dövlət başçısı bəyan edib.

Prezident həmçinin Qırğızıstanın bu məsələnin tezliklə həllini tapmasına çalışdığını vurğulayıb. Onun sözlərinə görə, sərhəddə baş verən toqquşmalarda Tacikistan tərəfi də böyük itki verib.

Xatırladaq ki, sentyabrın 17-nə keçən gecə iki ölkə arasında başlayan toqquşmalar nəticəsində Qırğızıstanın 24 vətəndaşı həlak olub, 103 nəfər isə yaralanıb.

 

GENERAL 43 TƏLƏBƏNİN QƏTLİNDƏ İTTİHAM OLUNUR

Meksikada təqaüddə olan ordu generalı Xose Rodriqes Peres həbs edilib. “Teleqraf.com”un xəbərinə əsasən, o, 2014-cü ildə Meksikanın İquala şəhərində 43 tələbənin yoxa çıxmasına görə saxlanılıb. Bu barədə təhlükəsizlik nazirinin müavini Rikardo Mexiya açıqlama verib.

Nazir müavini İquala hadisələri baş verən zaman Rodriqesin 27-ci Piyada Batalyonunun komandiri olduğunu bildirib. O, Rodriqesə qarşı məhz hansı ittihamların irəli sürüldüyü barədə məlumat verməyib.

Məlumata əsasən, itkin düşən tələbələr 2014-cü il sentyabrın 26-da polis və federal qüvvələr tərəfindən oğurlanaraq yerli mafiaya təhvil verilib. Daha sonra güllələrdən dəlik-deşik olan avtobuslar İqualanın küçələrində tapılıb. Sağ qalan və geri qayıdan tələbələrdən bəziləri onlara hərbçilərin atəş açdığını iddia ediblər. Lakin onların digər 43 tələbə yoldaşı tapılmayıb.

 

ABŞ UKRAYNAYA UZAQMƏNZİLLİ RAKETLƏR VERMƏKDƏN ÇƏKİNİR

ABŞ prezidenti Cozef Bayden administrasiyası Ukraynaya uzaqmənzilli raketlər verməkdən çəkinir. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “NBC News” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Ukraynaya “ATACMS” kimi uzaqmənzilli raketlər verməməyi tövsiyə edən Pentaqon rəsmiləri bu sistemlərin daha böyük müharibəyə səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.

Eyni zamanda, Pentaqonun bəzi rəsmiləri isə bu fikrə qarşı olduqlarını bəyan ediblər.

Qeyd edək ki, ABŞ hökuməti sentyabrın 15-də Ukraynaya artilleriya mərmiləri, minalar və yüksək dəqiqlikli mobil raket sistemləri də daxil olmaqla, 600 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb. Lakin yardıma indiyədək Ukraynaya verilən artilleriya və raket sistemlərindən daha uzaq mənzilə malik “ATACMS” raketləri daxil deyil.

 

YAPONİYA İMPERATORU İLK DƏFƏ XARİCƏ SƏFƏR EDİB

Yaponiya İmperatoru Naruhito və xanımı, imperatriça Masako kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyaya səfər ediblər. “Report”un məlumatına görə, ölkənin “NHK” telekanalı hökumət təyyarəsinin Tokionun Haneda hava limanından yola düşməsini yayımlayıb.

Bildirilir ki, dəfn mərasimində iştirak etdikdən sonra Naruhito və Masako sentyabrın 19-da Yaponiyaya qayıdacaqlar.

Məlumata əsasən, bu, imperator cütlüyünün xaricə ilk səfəridir. Naruhito Böyük Britaniyaya hələ 2019-cu ildə taxta çıxdıqdan sonra səfər etməyi planlaşdırırdı, lakin buna koronavirus pandemiyası mane olub.

II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib. O, Britaniya tarixində ən uzun müddət - 70 il yeddi ay hakimiyyətdə olub. Yeni monarx onun böyük oğlu, III Çarlz adını götürən 73 yaşlı Çarlzdır.

 

ÇİNDƏ MEYMUNÇİÇƏYİ VİRUSUNA İLK YOLUXMA QEYDƏ ALINIB

Çinin Çonçin bələdiyyəsində meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb. “Trend” agentliyinin Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Çonçin bürosuna istinadla xəbər verir ki, yoluxma xaricdən gələn şəxsdə aşkarlanıb.

Belə ki, Çində “COVID-19” pandemiyası ilə əlaqədar qüvvədə olan qaydalara əsasən xaricdən gələnlər 7-10 gün müddətinə karantinə cəlb edilir. Karantin müddətində həmin şəxsdə xəstəlik əlamətləri, o cümlədən qızartı müşahidə olunub. Onun meymunçiçəyi testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicə alan pasiyentin vəziyyəti sabitdir.

Səlahiyyətli qurumlar meymunçiçəyinə yoluxan şəxslə yaxın təmasda olanları müəyyənləşdirərək, təcrid ediblər.

Qeyd edək ki, ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında aşkarlanmış meymunçiçəyi xəstəliyi cari ilin may ayında Böyük Britaniyada qeydə alınıb və o vaxtdan dünyanın bir sıra ölkələrində yoluxmalar aşkarlanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.