Ordu quruculuğunda yeni mərhələ
Siyasət

Ordu quruculuğunda yeni mərhələ

Silahlı qüvvələrimizin döyüş imkanlarının yüksəldilməsi həm də düşmənə xəbərdarlıqdır

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradıldı. Həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edildi. Lakin respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmədi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdışından sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.

Ordu quruculuğu prosesi Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz bu diqqət və qayğının sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. "Global Fire Power" mərkəzinin 2021-ci ildə 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb.

Dövlət başçısının Sərəncamı ilə yaradılan hərbi sənaye kompleksi də öz bəhrəsini verir. Belə ki, ölkədə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir və dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş olunur.

Bu günlərdə Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Müdafiə və Xilasetmə "Securex Caspian" sərgilərində dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edirdi. Müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı tədbir beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin bağlanması üçün də əsas platformadır. Sərgilərdə iştirak edən dövlət başçısı İlham Əliyev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və digər iştirakçı dövlətlərin pavilyonları ilə tanış olub.

Onu da qeyd edək ki, Bakıda keçirilən "ADEX" və "Securex Caspian" sərgiləri çərçivəsində artıq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Türkiyənin "Havelsan" Hava Elektronik Sənaye və Ticarət Kurumsal Şirkəti arasında əməkdaşlığa dair çərçivə sənədi olaraq anlaşma memorandumu imzalanıb.

Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək  milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi  əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik  mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük  müharibədə əldə etdiyi qələbəni  təhlil edir,  bir çox dövlətlərin müdafiə  qurumları ordumuzun  müharibədə qazandığı döyüş təcrübəsini öyrənir,  hərbi taktikasından bəhrələnir.

Cənubi Qafqaz kimi mürəkkəb  geosiyasi regionda  və müxtəlif dövlətlərin  maraqlarının kəsişdiyi məkanda yerləşən  Azərbaycan beynəlxalq hərbi əlaqələri  xarici dövlətlərin hərbi qurumları və beynəlxalq  təşkilatlarla qarşılıqlı maraqlar  çərçivəsində  reallaşdırır.

Xarici ölkələrlə, Avratlantik  strukturlarla,  beynəlxalq təşkilatlarla  və aparıcı  dövlətlərin müdafiə  sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli  əməkdaşlıq beynəlxalq  hərbi strategiyanın  əsas istiqamətlərindəndir. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir.

Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxmından mühüm əhəmiyyət kəsb edir.

Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı hərbi münasibətlərin əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsi, Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi hərbi əməkdaşlığın yeni prioritetləridir.

Müdafiə sənayesi sahəsində mühüm əhəmiyyət kəsb edən əlaqələr də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu mənada, Türkiyə hərbi sənayesinin istehsalı olan, Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsində böyük rol oynayan "Bayraktar" pilotsuz uçuş aparatlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Rusiya ilə də hərbi sahədə ciddi əlaqələrə malikdir. Azərbaycan Ordusunun hərbi texnika və silahla təchizatı baxımından genişmiqyaslı əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiyanın xüsusi yeri var. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin yaradılması məqsədilə Rusiya sülhməramlılarının Qarabağda iştirakı iki ölkə arasında hərbi-siyasi münasibətlərdə yeni mərhələni təşkil edir.

Pakistan İslam Respublikası da Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biridir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargah arasında imzalanmış "İkitərəfli Hərbi Əməkdaşlıq Planı" da iki ölkə arasında hərbi müttəfiqlik effekti yaradır.

İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar və s. alır.

Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsindədir. Bu proqrama uyğun olaraq hər il Azərbaycan Silahlı Qüvvələrinin 500-ə qədər zabiti təlim və seminarlarda iştirak edir. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində "Sülh Naminə Tərəfdaşlıq" mərkəzi fəaliyyət göstərir, 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. Proqramların əhatə dairəsinin ildən-ilə genişlənməsi nəticəsində 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılıb. Təbii ki, bütün bunlar da Azərbaycan Ordusunun NATO standartları səviyyəsində modernləşdirilməsinə geniş imkanlar açır.

Ümumiyyətlə, daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyan Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə iki, üç və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır. 2020-ci ildə aparılan Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb, əksinə, postmüharibə ili olan 2021-ci ildə ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib.

Respublikamız ötən il yalnız yeni silah və texnikaların alınması ilə kifayətlənməyib, işğaldan azad edilmiş  ərazilərdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması əsas vəzifələrdən biri olduğundan ötən il bu istiqamət üzrə də bir çox işlər reallaşdırılıb. 2021-ci ilin dekabrında işğaldan azad edilmiş Xocavənd rayonunda yeni hərbi hissə istifadəyə verilib. İlk dəfə yeni hərbi birləşmə -  Komando qüvvələri yaradılıb ki, bu da dövlətin hərbi sahədə apardığı islahatlardan biridir.

Azərbaycanın qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamasından sonra orduda müəyyən islahatların aparılması, birgə təlimlərin keçirilməsi istiqamətində mühüm işlər görülüb. Ötən il ərzində hərbçilərimizin müasir döyüş taktikalarına yiyələnməsi və bu bacarıqların daha da inkişaf etdirilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyənin birgə hərbi təlimləri, Azərbaycan-Türkiyə-Pakistanın "Üç qardaş-2021" adlı beynəlxalq təlim və çoxsaylı Azərbaycan-Türkiyə təlimləri keçirilib. Bu günlərdə isə Bakıda "TurAz Qartalı-2022" birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.

Bəli, Azərbaycan Ordusunun döyüş imkanlarının yüksəldilməsi bu gün də prioritet olaraq qalır. Onun artan gücü həm də düşmənə xəbərdarlıqdır.

Zümrüd QURBANQIZI,

"Respublika".