DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏCƏB TAYYİB ƏRDOĞAN İSRAİLƏ SƏFƏR ETMƏYİ PLANLAŞDIRIR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da görüşdüyü yəhudi qurumlarının rəhbərlərinə İsrailə səfər etməyi planlaşdırdığını bildirib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Jewish Telegraphic” agentliyi məlumat yayıb.

Eyni zamanda, qeyd edilir ki, Türkiyə lideri İsrailə mümkün səfərinin tarixini açıqlamayıb.

“Middle East Eye” saytı da oxşar xəbərində yüksək rütbəli Türkiyə rəsmisinə istinadən prezident Ərdoğanın noyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonra İsrailə səfər etməyi planlaşdırdığını iddia edib.

Məlumat üçün qeyd edək ki, Türkiyə prezidentinin İsrailə sonuncu səfəri 2005-ci ildə olub.

Xatırladaq ki, Türkiyə və İsrail arasında normallaşma prosesi çərçivəsində prezident İshaq Hersoq və baş nazir Yair Lapid Ankaraya səfər edərək, Rəcəb Tayyib Ərdoğanla görüşüblər.

Nəhayət, iki ölkə qarşılıqlı səfirlər təyin etmək qərarına gəlib. Bu çərçivədə Təl-Əviv hazırda İsrailin Ankaradakı müvəqqəti işlər vəkili İrit Lillianı səfir təyin edib.

 

TACİKİSTAN VƏ QIRĞIZISTAN ARASINDA PROTOKOL İMZALANIB

Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin (MTDK) sədri Saymumin Yatimov və Kamçıbek Taşiyev arasında görüş keçirilib. Görüşün sonunda tərəflər hərbi qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Tacikistanın Suqd vilayəti sədrinin mətbuat xidməti məlumat yayıb.

“Hər iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri tərəfindən protokol imzalanıb. Sənədə əsasən əlavə hərbi qüvvələr və hərbi texnika daimi dislokasiya yerlərinə qaytarılacaq və sakinlərin təhlükəsizliyi təmin ediləcək”, - deyə açıqlamada bildirilir.

Verilən xəbərə əsasən, görüş “Güliston” sərhəd-keçid məntəqəsində baş tutub. Görüş zamanı hüquq-mühafizə orqanlarının rəhbərləri Tacikistan və Qırğızıstanın sərhədyanı rayonlarında sabitliyin təmin olunması məsələlərini müzakirə ediblər.

 

FRANSA KOSMİK SAHƏYƏ 9 MİLYARD DOLLAR VƏSAİT AYIRMAQ NİYYƏTİNDƏDİR

Fransa kosmik sahəyə 9 milyard dollardan çox vəsait ayıracaq. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Fransanın baş naziri Elizabet Borna istinadən “Le Figaro” qəzeti məlumat yayıb.

“Ümumilikdə, Fransa elmi tədqiqatlar və kosmik sənayemiz üçün yaxın üç ildə kosmik sahəyə 9 milyard avrodan çox sərmayə yatırmağa hazırlaşır”, - deyə Elizabet Born bildirib.

Bununla yanaşı, baş nazir vurğulayıb ki, bu mühüm investisiya ölkənin fevral ayında Fransa prezidenti Emmanuel Makron tərəfindən müəyyən edilmiş kosmik strategiyasını həyata keçirmək üçün nəzərdə tutulub.

Elizabet Born həmçinin Avropa Kosmik Agentliyinin yeni “Arian 6” daşıyıcı raketinin buraxılışını hazırlamaq məqsədini də qeyd edib.

 

DƏCLƏ ÇAYI DA QURUMAĞA BAŞLAYIB

Mənbəyini Türkiyədən götürən Dəclə çayının İraq ərazisindən keçən hissəsi quruyur. Bu barədə “Report” agentliyinin yaydığı məlumatda qeyd olunur.

Eyni zamanda, Dünya Bankının məlumatına görə, 2050-ci ilədək İraqın əkin üçün yararlı torpaqlarının üçdəbiri susuz qalacaq.

Bununla yanaşı, BMT-nin göstəricilərinə əsasən, İraq dünyada təbii fəlakətdən əziyyət çəkən 5 dövlətdən biridir.

Məlumat üçün qeyd edək ki, rəsmi Bağdad hər il Türkiyədən çaya daha çox su buraxmağı xahiş edir.

Xatırladaq ki, bir müddət öncə Türkiyənin İraqdakı səfiri Əli Rza Güney rəsmi Bağdadı mövcud su ehtiyatından daha səmərli istifadə etməyə çağırmışdı.

 

BMT-nin BAŞ KATİBİNDƏN TƏHSİLDƏ TRANSFORMASİYAYA ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş dünyanın bütün kasıb və zəngin ölkələrində təhsildə dərin böhran olduğuna diqqət çəkərək, təhsildə transformasiyaya çağırıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə baş katib təşkilatın 77-ci Baş Assambleyasının iclasları çərçivəsində “Təhsildə Transformasiya Sammiti”nin açılışı zamanı bəyan edib.

Antonio Quterreşin sözlərinə görə, kasıb ölkələrdə 10 yaşlı uşaqların təxminən 70 faizi ən sadə mətni belə oxuya bilmir, inkişaf etmiş ölkələrdə isə təhsil bərabərsizliyi azalmaq əvəzinə artır.

Eyni zamanda, zənginlərin ən yaxşı qaynaqlarla ən yaxşı məktəblərə getdiyini və daha sonra ən yaxşı işləri tapdığını ifadə edən BMT-nin baş katibi kasıbların, xüsusilə qızların həyatlarını dəyişdirəcək keyfiyyətlərə yiyələnməkdə maneələrlə üzləşdiyini bildirib. Bununla yanaşı, qaçqınların və əlillərin ən böyük maneələrlə üzləşdiyinə diqqət çəkən Antonio Quterreş koronavirus pandemiyasının bütün dünyada təhsilə dağıdıcı təsir göstərdiyini və ümumi olaraq təhsilə ağır zərbə vurduğunu vurğulayıb.

 

ÇAVUŞOĞLU VƏ BLİNKEN REGİONAL MƏSƏLƏlƏRİ MÜZAKİRƏ EDİBLƏR

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı regional və beynəlxalq gündəm ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Entoni Blinken Türkiyəni ABŞ-ın NATO-dakı müttəfiqi adlandıraraq, iki ölkənin bir çox çətin məsələləri həll etmək üçün səy göstərdiyini söyləyib. Dövlət katibi “taxıl sazişinin” əhəmiyyətini vurğulayaraq, bu razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə rəsmi Ankaraya dərin təşəkkürünü bildirib. Verilən xəbərə əsasən, görüş, təxminən, yarım saat bağlı qapılar arxasında davam edib.

 

AVROPA İTTİFAQI ÖLKƏLƏRINDƏ ÇÖRƏYİN QİYMƏTİ KƏSKİN BAHALAŞIB

Avropa İttifaqı ölkələrində çörək heç vaxt indiki qədər baha olmayıb. Belə ki, cari ilin avqust ayında ötən illə müqayisədə orta hesabla 18 faiz artım olub. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa statistika agentliyi  olan “Eurostat”ın məlumatında qeyd edilir.

Bildirilir ki, çörək ən çox Macarıstanda bahalaşıb - 60 faiz. Ən az bahalaşma isə Fransada olub - 10 faiz. Belçikada isə çörəyin qiymətinin 13 faiz artdığı bildirilir.

“Eurostat”da inflyasiyanın səbəbi kimi Ukraynadakı vəziyyət, bu ölkənin taxılının qıtlığı və enerji böhranı göstərilir. Bildirilir ki, Aİ-də çörəyin qiymətindəki artım avqust ayında 10 faizə yüksələn inflyasiyanı keçib.

 

ALMANİYA LİTVADA HƏRBİ MÖVCUDLUĞUNU ARTIRACAQ

Almaniya Silahlı Qüvvələri Ukraynada baş verən hadisələr fonunda NATO-nun şərq cinahını gücləndirmək məqsədilə Litvada daimi mövcudluğunu artıracaq və oradakı döyüş qrupunu gücləndirəcək. “Report”un xəbərinə görə, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Slovakiyadakı qüvvələrlə yanaşı, Bundesver Litvada daimi mövcudluğunu artırmağı öhdəsinə götürüb və oradakı döyüş qrupunu gücləndirir”, - deyə Almaniya Müdafiə Nazirliyi bildirib.

Qeyd edilib ki, buraya Baltik dənizində hərbi-dəniz qüvvələrinin mövcudluğunun və NATO-nun Baltik regionundakı şərq cinahında hava patrullarının gücləndirilməsi daxildir.

Xatırladaq ki, sentyabrın 13-də Litva Müdafiə Nazirliyi bəyan edib ki, Almaniya və Litva Şimali Atlantika Alyansının briqadasını qəbul etmək üçün Litva ordusunun hərbi infrastrukturunun genişləndirilməsi layihələri üzərində birgə işləyirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.