İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Parabadminton üzrə ilk mükafat

Parabadmintonçumuz İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Uganda Para Badminton International 2022" turnirində bürünc medal qazanıb.

Parabadmintonçuların şəxsi yarışında qrup mərhələsini ilk sırada başa vuran İbrahim Əliyev uğurlu çıxışına pley-offda davam edib.

Bu, həm də Azərbaycan parabadmintonu tarixində beynəlxalq turnirlərdə qazanılan ilk medaldır.

 

Samboçularımız çempionatı 4 medalla başa vurublar

Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilən kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatını 4 medalla başa vurublar.

Çempionatda idman sambosu yarışlarında Ceyhun Hüseynov (88 kq) gümüş, Mirfəttah Seyidəliyev (64 kq) və Emil Həsənov (71 kq) bürünc medala sahib olublar.

Döyüş sambosu yarışlarında isə Ramil Vəliyev (79 kq) gümüş medal qazanıb.

 

Yığmamız beynəlxalq turnirdə 4 medal qazanıb

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Turnirdə 21 ölkədən 189 idmançı mübarizə aparıb.

Millimizin üzvü Kənan Babayev (48 kq) finalda hindistanlı rəqibinə məğlub olaraq gümüş medala yiyələnib. Səbuhi Əlizadə (+92 kq) də turnirdə ikinci yerə layiq görülüb. Turnirin əvvəlki günlərində isə komandamızın üzvləri - Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) 3-cü yeri tutublar.

Yığmamız turniri 2 gümüş və 2 bürünc olmaqla 4 medalla başa vurub.

 

Stronqmen idmançılarının uğuru

Azərbaycan idmançıları "Arnold Classic Europe-2022" festivalı çərçivəsində təşkil olunan stronqmen üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Çoxnövçülük yarışlarında mübarizəyə qoşulan Aydın Hümbətov (+110 kq) gümüş medal qazanıb. Nicat Hüseynov (95 kq) isə yarışı 10-cu pillədə başa vurub.

Stronqmen idman növünün məşhur hərəkətləri hesab olunan maşındartma və ağır daşların qaldırılması yarışlarında çıxış edən təmsilçilərimizdən Nicat Hüseynov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Aydın Hümbətov isə çempionatda ikinci gümüş medalını qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".