MİNGƏÇEVİR: ABADLIQ-QURUCULUQ İŞLƏRİ GENİŞ VÜSƏT ALIB
Region

MİNGƏÇEVİR: ABADLIQ-QURUCULUQ İŞLƏRİ GENİŞ VÜSƏT ALIB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq görülən işlərin nəticəsidir ki, son illərdə ümumdaxili məhsulun (ÜDM) artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı durmadan artır. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ölkəmizdə əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərində də tikinti-quruculuq işlərinin sahəsi günü-gündən daha da genişlənir. Abadlıq-quruculuq işləri yüksək templə davam edir. Şəhərin Bayraq Meydanı ərazisi yaxınlığında yeni salınmış istirahət zonasında artıq böyük həcmli işlər yerinə yetirilmişdir. Uzunluğu 1 kilometr, ərazisi 2,1 hektara yaxın olan bu istirahət zonasına   bu günədək 12 min kubmetrdən çox torpaq sahəsi tökülmüş, 3 min kvadratmetrədək səki daşları döşənmiş və bordürlər düzülmüşdür. Burada ağaclar budanmış, 1 kilometrə qədər 100 millimetrlik su xətti çəkilib istifadəyə verilmişdir. Bu yaşıllıq zolaqlarının tamamilə suvarılması üçün tələbata uyğundur. Burada eyni zamanda 10 ədəd söhbətgah, 25 ədəd oturacaq və 120-yə yaxın işıq dirəyi  quraşdırılıb istifadəyə verilmişdir. Ümumiyyətlə, bu ərazidəki istirahət zonasında gərgin iş gedir. İnsanların məmnunluq hisslərini artırmaq üçün burada əlavə gül-çiçək kolları və dekorativ ağaclar da basdırılacaqdır.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov fərəhlə qeyd etdi ki, Bayraq Meydanı ərazisi yaxınlığında salınan bu istirahət zonası mingəçevirlilərin ən yaxşı istirahət məskənlərindən biri olacaqdır. O, eyni zamanda Heydər Əliyev prospekti boyunca  Kompüter zavodunun yaxınlığından  başlayaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları  qəsəbəyə qədər olan ərazidə salınan  istirahət məskənində görülən işlər barəsində ətraflı məlumat verdi. Quruculuq işlərini 44 günlük müharibədə qazanılan Zəfər Bayramı gününə qədər yekunlaşdırmaq üçün kollektivin  yorulmadan çalışdığını bildirdi.  

    Şəhərdə aparılan abadlıq-quruculuq işlərinin böyük bir qismi də Energetiklər yaşayış massivi ərazisində həyata keçirilir. Mənzil Kommunal Təsərrüfatı Kombinatı kollektivinin bilavasitə işgüzarlığı nəticəsində burada yaşayış binalarının əsaslı təmir olunması işləri həyata keçirilir, nümunəvi məhəllənin salınmasına diqqət yetirilir. Cəmil Əliyev küçəsindəki 13 nömrəli binanın dam örtüyünün yenilənməsi, fasadının qaydaya salınması, dəhlizlərdə əsaslı təmir işlərinin aparılması, seyf qapılarını, eləcə də müasir plastik pəncərə çərçivələrinin qoyulması diqqətimizi cəlb etdi.

Həmin küçə boyunca ərazini gəzdikdə buradakı 1, 3, 3a, 7, 9, 11, 37/3, 38/3 və Naxçıvan küçəsindəki 46 və 46 “b” yaşayış binalarının əsaslı təmir olunması, ümumi istifadə sahələrinin sakinlərin istəyinə uyğun hala gətirilməsi adamda fərəh hissi doğurur. Həmin yaşayış binalarının ərazisində nümunəvi məhəllə salınacaq, oturacaqlar, söhbətgahlar qoyulacaq, işıq dirəkləri basdırılaraq işıqlanma sistemi müasir formaya salınacaqdır.  Sakinlərin  arzusuna uyğun olaraq ərazidə idman qurğuları, uşaq əyləncə vasitələri də qoyulacaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının təmin olunması məqsədilə futbol, voleybol meydançaları yaradılacaqdır. Bir sözlə, Energetiklər yaşayış massivi  daha da gözəlləşir.

Qeyd edək ki, bu qəbildn olan işlər şəhərin mərkəzi hissəsində də uğurla həyata keçirilir. Xətai küçəsindəki 12, 14, 16 nömrəli binalarda əsaslı təmir işləri yekunlaşmış, həmin küçədəki 10, 14 “a” və Nərimanov küçəsindəki 44 nömrəli binalarda bu cür quruculuq işləri davam etməkdədir. Həmin binaların fasad hissələrinin əsaslı təmiri ilə yanaşı, giriş hissələrinin qaydaya salınması, plastik pəncərə çərçivələrinin və  seyf qapılarının qoyulması işləri  də yekunlaşmaq üzrədir. Həmçinin, şəhərin Bağlar yaşayış massivində küçələrə asfalt örtüyünün döşənməsi işləri həyata keçirilir. Bu günədək 7 küçədə, yəni 10 min kvadratmetr ərazidə asfatlanma işləri başa çatmışdır. Sürətlə davam edən asfaltlama işləri sakinlərin böyük razılığı ilə qarşılanır. Uzun illər idi ki, bu küçələrdə gediş-gəliş çətinləşmiş, bəzi problemlər yaşanırdı. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun xüsusi nəzarəti ilə həyata keçirilən bu işlər yaxın vaxtlarda yekunlaşacaqdır.

Zabit XƏLİLOV,

“Respublika”.