DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRANIN DÖVLƏT TELEVİZİYASI ETİRAZLARDA ÖLƏNLƏRİN SAYINI AÇIQLADI

İranda sentyabrın 13-də “əxlaq polisi” kimi tanınan patrullar tərəfindən saxlanıldıqdan sonra komaya düşən və xəstəxanaya yerləşdirilən Məhsa Əmininin vəfat etməsindən sonra başlayan nümayişlər bir çox əyalət, rayon və qəsəbələrə yayılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, İranın Dövlət Televiziyası etiraz aksiyaları zamanı 26 nəfərin həyatını itirdiyini açıqlayıb.

Məlumata əsasən, Dövlət Televiziyasının aparıcısı qeyd edib ki, aksiyalar zamanı ölənlərin dəqiq sayı rəsmi orqanlar tərəfindən açıqlanacaq.

Sosial mediada yayımlanan görüntülərdə başda Tehran və İsfahan kimi böyük şəhərlər də daxil olmaqla ölkənin müxtəlif bölgələrində hadisələrin şiddətləndiyi, təhlükəsizlik qüvvələrinin etirazların öhdəsindən gəlmək üçün daha sərt şəkildə müdaxilə etdiyi aydın şəkildə görünür.

Eyni zamanda, bildirilir ki, Təbriz şəhərindəki universitetdə dərslər sentyabrın 24-dən qeyri-müəyyən müddətədək dayandırılıb. Ölkə mətbuatında yer alan xəbərlərə görə, son günlər jurnalistlər, siyasi və vətəndaş fəalları da daxil olmaqla, çoxlu sayda insan saxlanılıb.

Bununla yanaşı, qeyd edilir ki, hadisələri təşkil edən və ictimai əmlaka ziyan vuran şəxslərə qarşı təhlükəsizlik qüvvələri əməliyyat keçirib və yüzlərlə insan həbs olunub.

 

BOLQARISTANIN SƏRHƏD RAYONLARINDA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLİB

Bolqarıstan-Türkiyə sərhədi yaxınlığında yerləşən Haskovo vilayətinin Svilenqrad və Topolovqrad rayonlarında qeyri-qanuni miqrantlar səbəbindən qismən fövqəladə vəziyyət elan edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə vilayət qubernatoru Minko Angelov məlumat yayıb.

Fövqəladə rejimin sentyabrın 23-ü günorta saatlarından sentyabrın 29-u saat 12:00-dək qüvvədə olacağı bildirilir. Səbəb kimi sərhədyanı rayonlarda artan miqrasiya təzyiqi ilə bağlı yaranmış mürəkkəb vəziyyət göstərilir.

Bildirilir ki, fövqəladə vəziyyət rejiminin tətbiq edilməsində məqsəd ölüm hallarının, həmçinin əhalinin əmlakına, ölkə iqtisadiyyatına və ətraf mühitə zərər dəyməsinin qarşısını almaqdır. Oxşar tədbirlərin Burqas və Yambol vilayətlərində də həyata keçirildiyi vurğulanır.

Bolqarıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən 103 mindən çox miqrant Türkiyədən Bolqarıstana qeyri-qanuni yolla daxil olmağa cəhd edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Təkcə son bir həftə ərzində 6264 sərhədi qanunsuz keçmə cəhdi qeydə alınıb.

 

AVROPA ŞİRKƏTLƏRİ ENERJİ XƏRCLƏRİ SƏBƏBİNDƏN ABŞ-A KÖÇÜR

Avropa ölkələrindəki enerji böhranı ən çox Amerika iqtisadiyyatı üçün faydalıdır. Çünki yüksək qaz qiymətləri Avropa şirkətlərini öz hasilatlarını ABŞ-a köçürməyə məcbur edir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşrində dərc olunan məqalədə qeyd olunur.

Məqalədə deyilir: “Amerika iqtisadiyyatı Avropadakı enerji böhranından ən çox faydalananlar arasındadır”.

Məlumata əsasən, qazın qiymətinin artması fonunda polad, gübrə və digər malların istehsalı üzrə ixtisaslaşan Avropa şirkətləri orada enerji daşıyıcılarının daha stabil qiymətləri müşahidə olunduğundan öz müəssisələrini tədricən ABŞ-a köçürürlər.

Bununla yanaşı, hazırda ABŞ-da anti-Rusiya sanksiyaları və Ukraynadakı vəziyyət fonunda ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur.

 

DÜNYADA MEYMUNÇİÇƏYİ VIRUSUNA YOLUXMA SAYI 62 MİN NƏFƏRI KEÇİB

Dünyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 62 min nəfəri ötüb. “Report”un verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə çıxışı zamanı bəyan edib.

ÜST rəhbərinin sözlərinə görə, 105 ölkədən daxil olan məlumatlara əsasən xəstəlikdən 23 nəfər dünyasını dəyişib. Qebreyesus həmçinin dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizəni effektiv vasitələrlə davam etdirməyə çağırıb.

Bununla yanaşı, ÜST-ün daha əvvəl dərc edilmiş hesabatına əsasən, sentyabrın 12-dən 18-dək bütün dünyada 3794 yeni yoluxma qeydə alınıb ki, bu da əvvəlki yeddi günlə müqayisədə 22 faiz azalma deməkdir. Ötən həftə ən böyük azalma Avropa regionunda müşahidə edilib.

 

FRANSADA QURAQLIĞA GÖRƏ 2,4 MİLYARD AVRO KOMPENSASİYA ÖDƏNİLƏCƏK

Fransada bu il quraqlığın nəticələri sığortaçılara 2,4 milyard avroya qədər rekord məbləğə başa gələ bilər. “Report”un verdiyi xəbərə görə, bu barədə “Frans-Press” agentliyi Fransa Sığorta Cəmiyyətləri Federasiyasının hesabatına istinadən məlumat yayıb.

Açıqlamaya əsasən, bu cür ödənişlər, ekspertlərin dediyi kimi, yalnız quraqlıqdan zərər çəkmiş və təbii fəlakət rejiminin tətbiq olunduğu kommunalarda yerləşən binalara dəymiş ziyanla əlaqələndirilir. Kənd təsərrüfatına dəyən zərər ayrıca sığorta maddəsi ilə ödənilir.

Eyni zamanda, federasiya prezidenti Florens Lustmanın sözlərinə görə, qlobal istiləşmə artıq quraqlığı ciddi təhlükəyə çevirib.

Məlumat üçün qeyd edək ki, 2022-ci il Fransa üçün təbii fəlakətər rejimi tarixində 2003-cü ilin antirekordunu qıraraq ən quraq il ola bilər.

 

AVROPADA GÜBRƏ BÖHRANI DƏRINLƏŞIR

Avropa İttifaqının şirkətləri Rusiyadan təbii qazın dayandırılması və enerji daşıyıcılarının bahalaşması səbəbindən gübrə istehsalını azaldıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Forbes” nəşri məlumat yayıb.

“Bu, Avropa İttifaqının öz ayağına açdığı atəşlər sayəsində qazandığı “nailiyyətlər” seriyasının ən sonuncusudur”, - deyə nəşr vurğulayıb.

Məlumata əsasən, azot gübrələrinin istehsalı zamanı Avropa şirkətləri təbii qazdan istifadə edirlər, lakin onun qiymətləri “Şimal axını” qaz kəmərinin dayanmasından sonra kəskin şəkildə artıb. Bu səbəbdən də müəssisələr məhsul istehsalının həcmini azaltmalı olublar.

Eyni zamanda, bildirilir ki, gübrə qıtlığına həm də anti-Rusiya sanksiyaları səbəb olub. Bu məhsulun Rusiya Federasiyasından idxalına qadağa qoyulmasa da, istehsal və digər ölkələrə çatdırılma imkanları məhdudlaşıb.

 

UKRAYNA ƏRZAQ BÖHRANI İLƏ MÜBARİZƏ APARAN ÖLKƏLƏRƏ BUĞDA GÖNDƏRİB

Ukrayna ərzaq böhranı ilə mübarizə aparan Şərqi Afrika ölkələrinə buğda göndərib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Ukraynanın Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramına dəstək məqsədilə Efiopiya və Somali də daxil olmaqla bəzi ölkələrə 120 min ton buğda göndərildiyi qeyd olunub.

Eyni zamanda, açıqlamada 50 min ton buğdanın Somali və Efiopiyaya çatacağı,  yardımın sözügedən ölkələrdə humanitar böhranla mübarizəyə dəstək məqsədilə göndərildiyi bildirilib.

Xatırladaq ki, Ukraynadan Şərqi Afrika ölkələrinə göndərilən ilk taxıl gəmisi avqustun 30-da Cibutiyə çatıb.

Məlumat üçün qeyd edək ki, Şərqi Afrikada 1980-ci illərdən bəri hökm sürən ən şiddətli quraqlıq səbəbindən 13 milyona yaxın insan aclığa sürüklənib.

Bununla yanaşı, 2019-cu ildə səhra çəyirtkələrinin hücumundan sonra kənd təsərrüfatı istehsalının azaldığı və ərzaq böhranının başladığı Şərqi Afrikada ardıcıl yağış dövrlərində yağıntıların gözləniləndən çox az olması da yeni ərzaq böhranının dərinləşməsinə səbəb olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.