DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRANDA ETİRAZLAR FONUNDA VƏZİYYƏT DAHA DA GƏRGİNLƏŞİB

İranda 22 yaşlı Məhsa Əmininin ölkə polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi səbəbindən başlayan etirazlar davam edir. “Teleqraf.com”un xəbərinə görə, İranın Dövlət Televiziyası etirazlar zamanı ölənlərin sayının artdığını bildirib.

Məlumata əsasən, İran hakimiyyəti nümayişlərdə insan tələfatı ilə bağlı dəqiq açıqlama verməsə də, Dövlət Televiziyasının xəbərlərində 35 nəfərin həyatını itirdiyi bildirilib.

İndiyədək bir çox şəhərlərdə - Tehran, Senendec, Kərəc, Təbriz, Məşhəd, Kiş, Kirman, Yəzd, Rəşt, Bəndər-Abbas, Abadan, Kirmanşah, Ərdəbil, İsfahan, Urmiya, Qəzvin, Zəncan, İlam, Mazandran, Həmədanda aksiyalar keçirilib.

Eyni zamanda, Norveçdə yerləşən İnsan Haqları Təşkilatının məlumatına görə, toqquşmalarda ölənlərin sayı 50-yə çatıb.

İran prezidenti İbrahim Rəisi etirazlarla bağlı çıxışında deyib: “Düşmənlər xaos yaratmaq istəyirlər. Biz insanların tələblərini eşidirik, lakin heç kimin təhlükəsizliyinə xələl gəlməsinə imkan verməyəcəyik”.

 

İSMAİL DEMİRDƏN “F-35” PROQRAMI İLƏ BAĞLI ÖNƏMLİ AÇIQLAMA

“Türkiyənin “F-35” proqramından çıxarılması haqsızlıqdır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə sənayəsi naziri İsmail Demir “CNN Türk” telekanalına müsahibəsində bəyan edib.

Nazir bildirib ki, Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemləri bu məsələdə sadəcə bəhanədir. “Bu, bizi proqramdan çıxaranlar üçün maddi itkidir. Həmin proqrama qayıtmağımız hər kəsin xeyrinədir. Lakin bunu düşünməyəcəyik, işimizlə məşğul olacağıq”, - deyə İsmail Demir vurğulayıb.

Eyni zamanda, nazir “F-35” proqramı ilə bağlı məsələnin bundan sonra da gündəlikdə olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Ellen Lord Türkiyənin “F-35” proqramından çıxarıldığını bildirmişdi. O, buna səbəb kimi Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasını göstərmişdi.

 

LAVROV VƏ QUTERREŞİN MÜZAKİRƏ ETDİYİ MÖVZULAR MƏLUM OLUB

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT-nin baş katibi Antonio Quterreş arasında görüş keçirilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukrayna ərzaq məhsullarının və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin Qara dəniz limanlarından maneəsiz ixracı ilə bağlı İstanbul sazişlərinin icrası ətraflı müzakirə olunub. Tərəflər onların tam icrasını təmin etmək zərurətini təsdiqləyiblər”, - deyə Rusiya XİN-in açıqlamasında deyilir.

Bununla yanaşı, Lavrov və Quterreş Rusiyanın BMT ilə qarşılıqlı fəaliyyətinin geniş spektrini, təşkilatın və onun katibliyinin işinin səmərəliliyinin artırılması üzrə konkret təşəbbüsləri nəzərdən keçiriblər.

“Ümumdünya təşkilatının mərkəzi əlaqələndirici rolunun qorunmasına qarşılıqlı sadiqlik bir daha təsdiqlənib. Onun fəaliyyəti qanunla müəyyən edilmiş məqsəd və prinsiplərə, o cümlədən bütün üzv dövlətlərin suveren bərabərliyinə əsaslanmalıdır”, - deyə XİN-in məlumatında qeyd olunub.

 

OLAF ŞOLTS ENERJİ BÖHRANININ HƏLLİNİ YAXIN ŞƏRQDƏ AXTARIR

Almaniya kansleri Olaf Şolts enerji təchizatı ilə bağlı yeni sazişlər bağlamaq üçün  Körfəz ölkələrinə səfərə yollanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, kansleri səfərdə işgüzar dairələrin nümayəndə heyəti müşayiət edir.

Məlumatına görə, Olaf Şolts nəinki mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı müqavilələr bağlamağa, həm də yeni texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir. Xüsusilə bu, ekoloji cəhətdən təmiz hidrogen istehsalına aiddir.

Kanslerin planlarına region ölkələri ilə siyasi əməkdaşlığın genişləndirilməsi də daxildir. Şolts iki gün ərzində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfəri çərçivəsində bu ölkələrin liderləri ilə görüşlər keçirəcək.

 

ƏRDOĞAN: TÜRKİYƏ “MİR” KARTLARINA ALTERNATIVLƏR AXTARIR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “Mir” kartlarına alternativlər axtarır. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında bəyan edib.

“Biz alternativlərə diqqət yetirəcəyik. Əlimizdə olan variantlar var və onların üzərində işləməyə davam edəcəyik”, - deyə prezident vurğulayıb.

Bir müddət öncə ABŞ-ın Türkiyə banklarını Rusiyanın “Mir” ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələdiyi bildirilirdi.

Məlumata əsasən, yalnız Birləşmiş Millətlər Təşkilatının tətbiq etdiyi sanksiyaları tanıyan rəsmi Ankaranın mövqeyi uzun illərdir ki, dəyişməz qalıb. Verilən xəbərə görə, Türkiyənin üç bankı - “Mir” kart sahiblərinin əksəriyyətinin əməkdaşlıq etdiyi “Ziraat”, “Halk” və “Vakıf” bankları onları qəbul etməkdə davam edir.

Qeyd edək ki, “MasterCard” və “Visa”nın Rusiyadakı analoqu olan “Mir” ödəmə sistemi Rusiya Federasiyasında 2015-ci ilin dekabrında fəaliyyətə başlayıb. O vaxtdan bəri bu sistemin 130 milyondan çox kartı buraxılıb.

 

ABŞ AVSTRALİYA ÜÇÜN NÜVƏ SUALTI QAYIQLARI İSTEHSAL EDƏ BİLƏR

Ağ Ev Avstraliya Silahlı Qüvvələri üçün ilk nüvə sualtı qayıqlarını ABŞ-da istehsal etmək imkanını nəzərdən keçirir. “Report”un xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası Çinin hərbi gücünü artırması fonunda Avstraliyanın nüvə sualtı qayıqlarının əldə etməsi prosesini sürətləndirmək niyyətindədir. Ehtimal olunur ki, ABŞ-da istehsal edilən ilk bir neçə nüvə sualtı qayıqları 2030-cu illərin ortalarına qədər Avstraliya silahlı qüvvələrinə təhvil verilə bilər.

Eyni zamanda, nəşr qeyd edib ki, ABŞ Avstraliyanın uzunmüddətli perspektivdə öz obyektlərində nüvə sualtı qayıqları istehsal edə biləcəyinə ümid edir. Həmçinin, nəşr ilk mərhələdə Avstraliya ilə birlikdə nə qədər nüvə sualtı qayığının istismara verilməsinin nəzərdə tutulduğunu dəqiqləşdirməyib və onların ABŞ-da istehsalının bir sıra çətinliklərlə, ilk növbədə, maliyyə ilə bağlı ola biləcəyini etiraf edir. Bu məsələ ilə bağlı yekun qərarın gələn ilin martında verilə biləcəyi gözlənilir.

 

RUSİYA MİSİRİN SİFARİŞ ETDİYİ “SU-35”LƏRI İRANA VERMƏYİ PLANLAŞDIRIR

Rusiya Misir üçün istehsal olunan “Su-35” qırıcılarının İrana verməyi planlaşdırır. Qərarda Qərbdən Misirə edilən təzyiqlərin və İranın Moskvaya göndərdiyi PUA-ların təsirli olduğu bildirilib. “Teleqraf.com”un xəbərinə görə, İran Hərbi Hava Qüvvələri iki həftə əvvəl Rusiyadan ən azı 60 ədəd “Su-35” alacağını açıqlamışdı.

Eyni zamanda, İranın “Su-35” açıqlamasının Rusiyanın Ukrayna müharibəsində istifadə olunacaq İran istehsalı olan pilotsuz uçuş aparatlarının ilk partiyasını almasından sonra olması diqqət çəkib.

Rusiya Hərbi Hava Qüvvələrində 100-ə yaxın “Su-35”in olması, Qərbin sanksiyaları və istehsalın dayandırılması səbəbindən Rusiyanın “Su-35”ləri İrana təhvil verə biləcəyi maraq doğururdu.

Məlumata əsasən, istehsal edilən iyirmiyə yaxın döyüş təyyarəsinin Qərbin Misirə təzyiqləri səbəbindən reallaşa bilmədiyi və İranın bu fürsətdən istifadə edtdiyi qeyd olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.