Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Harmandir Sahib" və ya "Qızıl" məbəd

Qədim Hindistanın arxitekturası, xüsusən də məbəd memarlığı mütərəqqi dəyərləri, incə mürəkkəbliyi və gözəlliyi ilə səciyyələnir. Belə unikal abidələrdən biri də dünyanın ən böyük məbədi olan "Harmandir Sahib"dir. Ölkənin şimalında "ölümsüzlük iksirinin mənbəyi" kimi tanınan Amritsar su anbarının sahilində inşa olunan kompleksin tikintisinə 1573-1577-ci illərdə başlanılıb. Deyilənlərə görə, buraya ilk daşı Lahor şəhərindən olan məşhur müsəlman sufisi, Pir Miyan adı ilə tanınmış Məhəmməd Müəyyinul İslam qoyub. Hind və İslam mədəniyyətlərinin vəhdətini təşkil edən unikal memarlıq abidəsi qədim dövrlərdən bəri aksetlər və müdriklərin meditasiya etdiyi məkan idi, hətta Budda Qautama da burada olmuşdu. Daxili otaqları qızıl və qiymətli daşlarla zəngin olan məbədin fasadı mərmər, qızıl və bürüncdən hazırlandığı üçün bura "Qızıl məbəd" də deyirlər. Məbədin tikintisində 800 kiloqramdan çox qızıldan istifadə edilib.

Tikintisi 1604-cü ildə tamamlanan məbəddə Guru Arjan Dev tərəfindən tərtib edilmiş orijinal "Guru Granth Sahib" müqəddəs kitabı saxlanılır. "Harmandir Sahib" ibadət evində Birinci Dünya müharibəsi zamanı Hindistanın müstəqilliyi uğrunda həlak olan siqh əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr də ucaldılıb. Müqəddəs suyun ortasında dayanan məbədin əsas hissəsinə keçid üçün salehləri günahkarlardan ayıran yolu simvollaşdıran dar mərmər körpü də tikilib.

Gölün suyunu ilahinin bəxş etdiyi ölümsüzlük iksiri kimi qəbul edən hindlilərin inancına görə, Amritsar gölü çarəsiz xəstəliklərin əlacıdır. Əfsanəyə görə, bu yerlərin padşahı qızını cəzalandırmaq üçün bədəni yaralarla örtülmüş xəstə bir dilənçiyə ərə verir. Qız isə onu su hövzəsinin yanında atıb qaçır. Günlərin birində gölün yanından keçən şahzadə orada yaraşıqlı bir oğlan görüb ona vurulur. Sonradan bu şəxsin bir vaxtlar atıb getdiyi əri olduğunu anlayır. O gündən bu gölün min bir dərdin çarəsi olduğuna inanılır.

 

"Şard" göydələni

L ondonun mərkəzində yerləşən Avropanın ən hündür göydələni "Şard" italyan memarı Renzo Piano tərəfindən layihələndirilmişdir. Memarın "şaquli şəhər" adlandırdığı "Şard" layihəsi dəfələrlə ictimai müzakirəyə səbəb olmuş, şəhər rəhbərliyi belə bir göydələnin paytaxtın ümumi görünüşünə uyğun gəlməyəcəyini və köhnə tikililərə zərər verəcəyini düşündüyü üçün binanın tikintisini bir neçə il təxirə salmışdı. Yalnız 2007-ci ildə bütün fikir ayrılıqları aradan qaldırılır, "Şard"ın şəhərə daha çox fayda gətirəcəyi qənaətinə gəlinir və layihə təsdiq edilir. 2012-ci il iyul ayının 5-də binanın təntənəli açılış mərasimi keçirilir.

"Şard" ingilis dilindən tərcümədə "şüşə qəlpəsi" mənasını verir. 310 metr hündürlüyü və 500 tondan çox çəkisi olan nəhəng şüşə piramidanın inşası zamanı 800 polad hissədən istifadə olunub, binanın fasadı isə 11 min şüşə paneldən quraşdırılıb. 87 mərtəbəli binanın hündürlüyü 310 metrdir. İçərisində ofis, restoran, otel, yaşayış mənzilləri, rəsədxana fəaliyyət göstərir. "Şard"ın müşahidə platformasında quraşdırılan 12 elektron teleskopun görüntüsünün radiusu 64 kilometrdir. Şəhərin ən məşhur obyektlərinə baxmaq və möhtəşəm görüntüləri izləmək üçün yüksək sürətli liftlə cəmi yarım dəqiqəyə qalxan qonaqlar gördükləri mənzərəyə heyran olurlar.

 

"Top" evlər

Hollandiyanın Xertoqenbos şəhərində göl kənarında tikilən qeyri-adi "Top"lar ilk baxışda yadplanetlilərin gəmilərini xatırladır. Lakin bu, fantastik filmlərin atributları deyil, əsl yaşayış evləridir. Belə ki, Hollandiya hökuməti müsabiqə keçirir və eksperimental evlər tikmək üçün maliyyə ayırır. Müsabiqədə memar Dris Kreykampın "Bolwoningen" (top evlər) adlı layihəsinə üstünlük verilir. Memar və rəssam Drisin məqsədi asanlıqla sökülən və istənilən yerə daşına bilən əlverişli sosial yaşayış evi tikmək idi. 1968-ci ildə bu layihə irəli sürülsə də, onun tikintisinə 20 il sonra 1980-ci illərin əvvəlində başlanılır.

Fiberqlas dəmir-betondan hazırlanmış, sferik quruluşa malik "top"lar bir və ya iki nəfər üçün nəzərdə tutulub. Ümumi sahəsi 55 kvadratmetr olan hər bir kürənin diametri 5,5 metr, həcmi isə 125 kubmetrdir. Spiral pilləkənli üç səviyyəli yaşayış sahəsində kiçik yataq otağı, vanna otağı, mətbəx, qonaq otağı və bir balaca anbar yerləşdirilib. Evin ətrafını əhatə edən 11 dəyirmi "illüminator" pəncərələrin sayəsində evin içərisinə işıq şüaları düşür. Binanın çəkisi təxminən 1250 kiloqramdır və struktur rahatlıqla sökülüb başqa yerə daşına bilir.

Evlərin funksionallığına baxmayaraq, yerli əhali memarın layihəsini qiymətləndirməmiş, hətta Amerikanın "Travel-Leisure" jurnalının tərtib etdiyi siyahıda "Top" evlər "ən çirkin binalar" siyahısına daxil edilmişdir. Buna baxmayaraq, rəssam və tələbələrin böyük marağına səbəb olan bu ev planetin ən qeyri-adi evləri sırasındadır.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".