Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Holoqrafik videozəng texnologiyası hazırlanır

Avropada fəaliyyət göstərən bəzi telekommunikasiya operatorları 3D görüntülü videozənglərin yaradılması üçün pilot layihəyə başlayıb. Belə ki, "Vodafone", "Telefonica", "Deutsche Telekom" və "Orange" mobil operatorları  holoqram olaraq da adlandırılan 3D görüntülərin  real vaxtda ötürülməsini təmin edə bilən platforma üzərində çalışırlar.

Şirkətlərdən verilən məlumata görə, layihə bitdikdə  telefon danışıqları zamanı insanlar  virtual reallıq eynəkləri sayəsində  bir-birini  3D formatında görə biləcək. 3D holoqramlar smartfonların selfi kamerasından istifadə edilərək yaradılacaq.

Sözügedən mobil operatorlar holoqram formatında videozənglərin yaradılması üzrə Matsuko adlı texnoloji şirkət ilə əməkdaşlıq elan ediblər. Bu sahədə mövcud olan texnoloji həllərdən fərqli olaraq yeni əlaqə standartı AR cihazlar olmadan da çalışa biləcək. Bunun üçün yeni əlaqə standartı smartfon və bulud texnologiyalar kombinasiyasından istifadə edəcək. Keçən il Cisco şirkəti Webex Hologram adlı texnologiyanı təqdim etmişdi. Bu texnologiyada videokonfrans iştirakçıları AR eynəklər sayəsində bir-birlərini 3D formatda görə bilirlər.

Matsuko şirkəti isə həmin texnologiyanın Android, iOS və Windows üçün daha sadələşdirilmiş versiyasını hazırlamaq niyyətindədir. Tərtibatçıların sözlərinə əsasən holoqramın yaradılması üçün smartfonun ön kamerası kifayət edəcək. Bu halda ön kamera tərəfindən əldə ediləcək görüntü bulud sistemdə 3D holoqram formatına çevriləcək və daha sonra videokonfrans iştirakçıları əldə edilmiş 3D holoqramı virtual, artırılmış və ya qarışıq reallıq formatında əks etdirə biləcəklər.  

Hazırda holoqram axtarışları texniki cəhətdən mümkün olsa da , çox mürəkkəb və çətin bir texnologiya olduğu üçün məlumatların daha sürətli ötürülməsini təmin edən 5G texnologiyasından istifadə ediləcəyi bildirilib.

Qeyd edək ki, layihənin iki il ərzində tamamlanaraq istifadəçilərə təqdim edilməsi hədəflənir.

İnformasiya "TRT haber" veb saytında yayımlanıb.

 

NASA-nın dünyanı xilasetmə planı

ABŞ-ın Kosmos və Aeronavtika Agentliyi (NASA)   yaxın günlərdə sürəti saatda 15.000 mil olan kosmik gəmi ilə asteroidə qəsdən   zərbə vurmağı planlaşdırır. Layihənin gələcəkdə dünyanı  baş verə biləcək fəlakətdən xilas edəcəyi gözlənilir.

Qeyd edək ki, agentlik Yer kürəsini müdafiə etmək planının bir hissəsi olaraq Cüt Asteroid Yenidən Yönləndirmə Testi (DART) proqramına keçən  ilin noyabr ayından başlayıb. "Daily Mail"in yaydığı xəbərə görə, planlaşdırılan zərbə asteroidin orbitini dəyişdirmək üçün yönəldilib.

Didymos asteroidi və onun peyki Dimorphos planetimizdən təxminən 6,7 milyon mil (10,8 milyon kilometr) məsafədən keçərək sentyabr ayının sonlarında Yerə ən yaxın nöqtədə olacaq. Asteroidə  planlaşdırılan zərbənin vurulması isə NASA TV ilə agentliyin "YouTube" kanalında izlənilə biləcək.

"Bu sınaq missiyası bəşər tarixində mühüm bir ana işarədir. Biz ilk dəfə olaraq kainatda bir göy cisminin trayektoriyasını ölçülə biləcək bir şəkildə  dəyişəcəyik. Bunu etməklə gələcəkdə bəşəriyyətə  potensial təhlükə yarada biləcək bir asteroidin istiqamətini dəyişdirməyin mümkünlüyünü sübut edəcəyik", - deyə agentliyin  adından çıxış edən  Bobby Braun bildirib.

 

Telefon enerji yükləyərkən istifadə etmək zərərlidirmi?

Bu gün elə bir dövrdə yaşayırıq ki, demək olar, bütün işlərimizi smartfonlar vasitəsilə icra edirik.  Lakin onların  batareyalarının enerjisi bir gündən artıq kifayət etmədiyi üçün cihazlarımızı gündəlik şarj etmək məcburiyyətində qalırıq. Bəs telefon şarj edilərkən ondan istifadə etmək zərərlidirmi? Və yaxud belə bir məqamda  nələrə diqqət etməliyik?

Bildiyimiz kimi, batareya telefonun ən vacib hissələrindən biridir və onun ömrünü uzatmaq üçün müxtəlif tədbirlərin  görülməsi tövsiyə olunur.   Smartfonlar və onların batareyaları haqqında bir  çox müxtəlif fikirlər mövcuddur. Telefonu gecə boyunca və ya ondan istifadə edərkən şarj etməklə  bağlı bir  çox xəbərdarlıqlar olsa da , əslində yeni nəsil telefonlar belə vəziyyətlər üçün nəzərdə tutulduğundan heç bir təhlükə yaratmır. Belə ki, müasir smartfonlarda  maksimum dolduqdan sonra  avtomatik olaraq dayanma sistemi mövcuddur. Ancaq xatırladaq ki, bu, yalnız  orijinal şarj cihazlarından istifadə zamanı keçərlidir. Çünki bəzi telefon istehsalçıları orijinal olmayan şarj cihazlarından istifadə edilməməsi barədə xəbərdarlıq edirlər.

Telefon enerji yığarkən ondan  istifadə etdiyiniz zaman ilk növbədə  avtomatik olaraq şarj müddətini uzatmış olursunuz. Diqqət edilməsi vacib olan digər bir məqam isə cihaz enerji yığarkən onlayn oyunlar kimi bəzi ağır proqramların tətbiqindən  çəkinməkdir.  Çünki şarj olunan  zamanı smartfonlar müəyyən bir temperaturda olmalıdır. Amma bəzi proqramlar həddindən artıq enerji tələb etdiyi üçün  temperaturun  artmasına səbəb olur ki, bu da həm batareyanıza, həm də telefonun içərisində olan digər komponentlərə zərər verə bilər. Bu səbəbdən  də, şarj zamanı həddindən artıq performans tələb edən proqramlardan istifadə etməmək tövsiyə olunur.

Telefon enerji yığarkən ondan istifadə zamanı baş verə biləcək digər zərərli faktor isə kabel və ya doldurma portunda baş verə biləcək deformasiyalardır.

Qeyd etdiyimiz kimi, telefondan enerji yığarkən istifadə etməyin heç bir zərəri yoxdur. Lakin zərurət yaranmadıqca, şarj zamanı smartfondan istifadə etmək məsləhət görülmür.

İnformasiya "Son dakika" veb saytında yayımlanıb.

 

Qoxunu müəyyənləşdirən süni intellekt proqramı

Dünyanın nəhəng axtarış sistemi "Google" hər hansı bir maddənin kimyəvi quruluşuna görə qoxusunu təxmin edə bilən, süni intellekt proqramına əsaslanan cihaz hazırlayıb. Alimlər gələcəkdə bu yolla  yeni qoxular və dadlar yaratmaq üçün süni intellektdən istifadə edə biləcəklərini düşünürlər.

Cihazın hazırlanmasında müəyyən molekulların spesifik qoxularını öyrənmək üçün "qoxu xəritəsi"ndən istifadə edilib. Belə ki, "Google" komandası,  süni intellektli neyron şəbəkəsini 5 mindən çox molekulun dadı və qoxusuna dair məlumat dəstlərindən istifadə edərək öyrədib. Bənzər qoxuları təmsil edən molekulları  bir-birinə yaxın yerləşdirən  tədqiqatçılar, hazırladıqları xəritəni "əsas qoxu xəritəsi" adlandırıblar.

İnsan burnunun qəbul etdiyi qoxuların geniş diapazonlu xəritəsini çıxarmaq olduqca çətindir. Bu səbəbdən də  tədqiqatçılar hazırladıqları sistemin mühüm irəliləyiş olduğunu hesab edirlər.

Süni intellektin proqnozlarının düzgünlüyünü yoxlamaq istəyən  komanda,  ilkin olaraq  15 sınaq iştirakçısından 320 molekulun qoxusunu müəyyənləşdirməyi istəyiblər. Daha sonra isə bu proqnozlar süni intellektin təsvirləri ilə müqayisə edilib.

Sistemin qoxu keyfiyyətini təsvir etməkdə insan qədər etibarlı olduğunu söyləyən  tədqiqatçılar bu kəşfin çox vacib sahələrin inkişafına yol açacağını bildiriblər.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".