Hər günü bir tarix idi…
Tarix

Hər günü bir tarix idi…

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

29  sentyabr 2020-ci ildə  Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir. Bölmələrimiz Xocavənd rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələrinin "Uraqan" yaylım atəş sistemini məhv edib. Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun  komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib. Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.

"Ermənistan keçən ay ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdi. Diversiya qrupunun başçısı yaxalandı və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə hazırlaşdığını gördük". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən danışıb. "Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan beş nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı".

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki,  kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir. Onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir. Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub. İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan məhv edilib, Ermənistan ordusunun alay komandiri ağır yaralanıb, düşmən ordusunun şəxsi heyəti təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər. Bugünkü döyüşlərdə helikopterlərdən istifadə edilmir. Ermənistan Ordusu verdiyi itkilərin sayını açıqlamaqda davam edir. Qeyd olunur ki, Ermənistan Ordusunun verdiyi itkilər rəsmi olaraq 84 nəfərə çatıb. Düşmənin ölən hərbçilərinin sayının daha da çox olduğu, yaralı sayının isə 500-ü keçməsi barədə məlumatlar var. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətində yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif cəfəngiyatdır.

"Respublika".